İlham ƏZİZ: "Araz axır... bir sevdanın dalınca..."

106 dəfə oxunub
İlham ƏZİZ: "Araz axır... bir sevdanın dalınca..."

Bir sevdanın xatirəsi

Araz, Araz, xan Araz
Dağlardan axan Araz
Yardan bir xəbər gətir 
Evimi yıxan Araz...


Günün günorta çağı Ələkbər özünü Araza atdı. Yekəpər adam ola... Bəlkə də, üzüb çıxardı, fəqət ürəyinə daş bağlayıb o boyda dərdi ki ömrüncə sürüyürdü, o daş onu dibə çəkdi.... Fikirləşərdin ki, o yekəlikdə, elə qıvraq adam heç vaxt yer üzündə olmayıb, bir yuxu idi çəkildi getdi. O boyda adam sehr oldu, su olub suya qarışdı, axıb getdi.
Ələkbər əmi... qayasayaq kürəyi, odun biləyi...
Biləyi yer görmədi, kürəyi yer görmədi, bir qaşıq sevdada boğuldu kişi. 


***
Ələkbər əmiylə oğlu Elburus bizə gələndə mən dörddə oxuyurdum. Gəncədən gəlmişdilər. Atamdan eşitdim ki, onun köhnə dostu bizim kəndə Elburusun məktəb işinə görə gəlib.

Elburus mənim boyda, mənimlə bir can-cüssədə olsa da, iki yaş məndən böyük, baş-paltarı parıltılı, təmiz, saçları səliqəli idi.
Tezcə bir-birimizə qarışdıq, dostlaşdıq. Öyrəndim ki, onun İranda qardaşları var və elə bu səliqəli, parıltılı paltarları da ona İrandakı qardaşları göndəriblər. Düzü, mən onda Elburusa İrandakı qardaşlarına görə paxıllıq eləmişdim.

Biz bir yerdə böyüyürdük, bir yerdə yıxılıb bir yerdə dururduq və Elburus atasını necə həsrətlə gözləyirdisə, mən də Ələkbər əmini eləcə gözləyirdim.
Anam özü də onu məndən ayırmır, payımızı eyni çəkir, saçlarımızı eyni istiliklə tumarlayır, dərslərimizə eyni diqqəti göstərirdi.
Mən qəriblik haqda da elə o vaxt öyrəndim. Anam xəlvətdə mənə Elburusun qərib olduğunu deyirdi. Deyirdi ki, mən onu öz qardaşım kimi sevməli, öz qardaşım kimi qayğısına qalmalıyam.

Gün döndü, ay dolaşdı, bir gün mən də Qara arx kəndinə getdim. Ələkbər əmigilin kəndinə... Yayı isti, qışda Kəpəzin qılınc sazağı.
Bizim kəndin qəbristanı özündən böyük olsa da, bu kənddə qəbristan yox idi. Qonaqpərvər adamlar, doğma adamlar... Bu torpağa yad adamlar...
Ələkbər əmi özü də karıxırdı, dodaqaltı gileylənirdi...
Qapı-qapı düşüb işıq pulu yığsa da, öz taleyinin, öz ömrünün qaranlığına bir işıq tutammamışdı.


***
Həyat elə gətirdi ki, işim dolaşığa düşdü, bir yandan məhkəmə, bir yandan polis, tale illər sonra məni yenə Qara arxa apardı. Bu gözdən, könüldən uzaq kənd mənim xəlvətim, gizlinim oldu. Kimin ağlına gələrdi ki, bu gen dünyada belə bir kənd var və kimsə polisdən qaçıb bu kəndin yad adamları ilə doğmalaşar, bir evli, bir canlı olar. Olur belə... Bir də görürsən, bataqlığın ortasındaca bir saman çöpünə sarılır adam.

Ələkbər əmi gözümün qabağındaca qocalırdı, balacalaşırdı...Elə ki kimsə İrandan söz açdı, elə ki ortalıqda İran haqda bir söz dolaşdı, onda bu kişi bir az da balacalaşır, bir yumağa dönür, mavi gözlərində yaş parlayırdı...
Mənə bu pünhan kədərin sirrini Elburusun anası açdı. Yəni Ələkbər kişinin ikinci arvadı.

Ələkbər əmi gəncliyində tez-tez Arazı adlayırmış. Apar-gətir məsələləri. Gətirib satırmış, aparıb dəyişirmiş. Güləsəri də o vaxt sevib, sevdalanıb. Fəqət, valideynləri Ələkbərin bu istəyinə qarşı çıxıb. Xeyir-duasız evlənib Ələkbər.
Üstəlik də bacıları qıza gün verib, aman verməyib. Bir sözlə, Güləsər üçün Parsabadı bir cəhənnəmə çeviriblər. Elə ki Ələkbər iş-gücdən ötrü çölə çıxdı, iki bacı gəlinə zülm ediblər.

Nəhayət günün birində qız dözmür, uşaqlarıın birini dalına, birini qucağına alıb üz qoyur sərhədə.
Di gəl, yenə bəxti gətirmir. Arazda Ələkbərin qohumu ilə rastlaşır. O da and-aman edir ki, qaçmasın, qızlarla özü danışacaq.
Sənə kimdən deyim, kimdən danışım, - Ələkbərdən. Bu xəbərə Ələkbərmi qalar? Tərini silməmiş atlanır.
Düz Gəncəyə...
Taleyə bax, yazıya bax... Ələkbər kişi Gəncəyə yetişəndə rus qoşunları sərhədi bağlayır...
Evimi yıxan Araz...
Çox çəkmir, Güləsər xiffətdən ölür.
Gül
əsər öldü, uşaqlar böyüdü, biz tapışdıq, dostlaşdıq, niyəsə mənə elə gəlir ki, Ələkbər əmi də ölməyib, Ələkbər əmi Arazdadır... Arazda axır... bir sevdanın dalınca...

FAKTOR.AZ



Redaktorun seçimi