“Səmərqənd Şeir Axşamları” Türkdilli Gənclər Konfransı başa çatdı - FOTOLAR

Hit: 656
“Səmərqənd Şeir Axşamları” Türkdilli Gənclər Konfransı başa çatdı - FOTOLAR

Özbəkistanın tarixi və qədim mədəniyyət mərkəzlərindən olan Səmərqənd şəhərində "Səmərqənd Poeziya Axşamları" Türkdilli Gənclər Konfransı baş tutub.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, 3 gün davam edən konfranda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə ilə yanaşı tədbirə ev sahibliyi edən Özbəkistanın da şairləri qatılıb. Azərbaycanı tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Azərbaycan Yazıçılar Birliyinin üzvləri – Tural Turan və İntiqam Yaşar təmsil edib.

İştirakçılar müxtəlif formatlı tədbirlərdə, şeir müsabiqələrində yaradıcılıq nümunələrini öz ana dillərində ifa ediblər. Özbəkistan Dövlət Televiziyası ilə yanaşı, ölkənin digər telekanalları da tədbiri geniş şəkildə işıqlandırıb.

Tədbirin təşkilatçısı Mehrinoz Abbasova bildirib ki, bir millət 6 dövlət amalı ilə keçirilən bu konfrans türksoylu ölkələrin ədəbi əlaqələrinin bundan sonrakı inkişafında yeni bir mərhələ olacaq.

İştirakçılar üç gün ərzində iştirakçılar qardaş ölkənin ədəbiyyat sahəsində son bir ildə gördüyü işlərlə tanış olublar. Özbəkistan Yazıçılar Birliyində konfrans iştirakçıları və Özbəkistanın gənc şairləri ilə görüş təşkil edilib.

İştirakçılar Səmərqəndlə yanaşı, paytaxt Daşkəndin gəzməli-görməli yerlərini, tarixi abidələrini ziyarət etmək imkanı əldə ediblər. Konfrans nümayəndələri İmam Buxari türbəsi, Əmir Teymurun Məqbərəsi, Registan kompleksi ilə tanışlığın onların yaradıcılığında yeni Özbəkistan səhifəsi açdığını söyləyiblər.

Konfransın sonunda iştirakçılara xatirə hədiyyələri və diplomlar təqdim olunub.

 
 
 








Redaktorun seçimi