Azərbaycanda maarifçilik fəlsəfəsi

Hit: 20997
Azərbaycanda maarifçilik fəlsəfəsi

 

Natəvan Həsənli

Mikayıl Cəfərov

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

İnzibati İdarəetmə fakultəsi

Açar   sözlər: maarifçilik,  fəlsəfə, Azərbaycan, ziddiyyətlər, inkişaf.

Xülasə

Bildiyimiz  kimi, maarifçilik  -  bilik  və  mədəniyyətin   ötürülməsi, yayılması  ilə  bağlı  olan  fəaliyyətdir.  Maarifçilik   XVIII  əsrdən  başlayaraq  geniş  vüsət  almışdır. Əslində  isə  maarifçilik   ideyaları,  fəlsəfi  görüşləri  ta  qədim  zamanlardan  mövcud  olmuşdur. Maarifçilər  cəmiyyətdəki  avamlığın,  savadsızlığın,  nöqsanların,  ziddiyyətlərin  aradan   qaldırılması  üçün  daim  çalışmışdılar  və buna da  nail  olmuşdular.

Maarifçilik  ideyaları  Azərbaycanda  bir  çox  maarifçilərin  gördüyü işlərdə  və  fəlsəfi  ideyalarında özünü göstərirdi. Bu  baxımdan  maarifçilik  ideyalarının  Azərbaycan  üçün  nəticələri  çox   təsirli  olmuşdur.

 

ПРОСВЕТЛЕНИЕ ФИЛОСОФИЯ В АЗЕРБАЙДЖАНЕ

Ключевые слова:просвещение, философия, Азербайджан, противоречия, развитие.

Резюме

Как известно, просвещение - это деятельность, связанная с передачей и распространением знаний и культуры. Просвещение набирало обороты с 18-го века. На самом деле идеи просветления и философские взгляды существовали с древних времен. Педагоги avamlıgın общества, неграмотность, отсутствие противоречия постоянно пытались снять его и смогли добиться этого.

Идеи просвещения были отражены в работах и философских идеях многих педагогов в Азербайджане. С этой точки зрения, результаты просветительских идей для Азербайджана были очень эффективными.

 

ENLIGHTENMENT   PHILOSOPHY    IN AZERBAIJAN

Key  words:  enlightenment, philosophy, Azerbaijan, contradictions, development.

 

Summary

As we know, enlightenment is an activity related to the transmission and dissemination of knowledge and culture. Enlightenment has gained momentum since the 18th century. In fact, the ideas of enlightenment and philosophical views existed from ancient times. The educators have always worked hard to eliminate society's illiteracy, illiteracy, contradictions, and have succeeded.

The ideas of enlightenment have been reflected in works and philosophical ideas of many educators in Azerbaijan. From this point of view, the results of enlightenment ideas for Azerbaijan have been very effective.

XIX əsr Azərbaycan fəlsəfəsi qədim və zəngin ictimai-fəlsəfi fikir tariximizdə, mədəniyyətimizdə millilik və müasirlik meyilləri əsasında yaranan, mahiyyətcə köklü bir dönüş, məzmunca yeni bir dövr kimi əvəzsiz yer tutur və mühüm  əhəmiyyət  kəsb  edir.

Bir həqiqət kimi o da məlumdur ki, XIX əsr Azərbaycan xalqının tarixinə ən faciəli, ziddiyyətli və həm də təzadlı bir dövr kimi daxil olmuşdur. Bu xalqın 1828-ci ildə Rusiya ilə İran arasındakı Türkmənçay müqaviləsi  ilə torpaqlarının bölüşdürülməsi və milli-müstəmləkə zülmünə məhkum edilməsi bu günün özündə belə izsiz qalmamış və öz təsirini hələ də göstərməkdədir. Lakin tariximiz, eləcə də mənəvi irsimiz haqqında əsl həqiqətləri üzə çıxarıb geniş ictimaiyyətə tam obyektivliyi ilə çatdırmaq bizə indiki milli müstəqillik dövründə nail  ola bilmişdir. Bu baxımdan zəruri elmi araşdırmaların aparılması həmişə mühüm məsələlərdəndir.

XIX əsrdə Avropada baş qaldıran maarifçi  fəlsəfi  fikir tədricən   Azərbaycana   yayılmağa  və   təsir  göstərməyə   başlamışdır.XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Azərbaycanda da maarifçilik ideyaları təşəkkül tapmağa başlamışdır. Qərb ölkələrinə və Rusiyaya nisbətən Azərbaycanda maarifçilik ideyalarının bir qədər gec meydana çıxması o zamankı Azərbaycanın konkret siyasi-iqtisadi, sosial-mədəni mühiti ilə əlaqədar  olmuşdur.

 Azərbaycan maarifçiliyi Azərbaycan ictimai mühitində yarandığından və təkcə Qərbin və Rusiyanın deyil, həm də Şərqin mütərəqqi ideya-fəlsəfi ənənələrindən istifadə etdiyindən, o, özünəməxsus spesifik xüsusiyyətlər kəsb etmiş, orijinal inkişaf yolu tuta bilmişdir. Məhz buna görə də, Azərbaycan maarifçilik ideyaları Azərbaycan xalqının milli intibahına, mədəni tərəqqisinə güclü təsir göstərmişdir.       

XIX  əsr  Azərbaycan  üçün  olduqca  mühüm  əhəmiyyət  kəsb  edən  bir  dövrdür.  Belə  ki,  XIX əsrdə  ictimai və siyasi  həyatda  baş verən canlanma sosial ziddiyətlərin aradan  qaldırılmasına  yönəlmiş  tədbirlərdən  ibarət  idi.   XIX  əsr  Azərbaycanın  tarixinə  daxil  olmuş  ən  dərin  məna kəsb  edən  dövr  olmuşdur. XIX  əsrdə  taleyüklü  məsələlərin  həll  olunması  yeni  dövr  üçün  mühüm  rol  oynamışdır. XIX əsrin başlanğıcından  Azərbaycanda  sosial-tarixi   tərəqqi   müxtəlif   ziddiyyətlərdən  ibarət  bir  dövr  başlamışdır.

XIX  əsr Azərbaycan  maarifçilik  fəlsəfəsində  azadlıq  ideyalarının  təşəkkülünün  əsasında   milli  maarifçilik   fəlsəfəsində  rolu  yüksək  qiymətləndirilmişdir. Azərbaycan  ziyalıları   təhsil  almaq  üçün  xarici  ölkələrə  üz tuturdular. Bu  ölkələrdə  təhsil  alarkən  həmin  ölkələrin  mənəvi-mədəni dəyərlərinə  yiyələnərək  vətənə  qayıdırdılar. Vətənə  qayıdarkən   isə bu  dəyərləri  öz milli dəyərləri ilə sintez edərək Azərbaycan xalqının ideologiyasının, fəlsəfəsinin,  dünyagörüşünün  təşəkkül  tapmasına  şərait  yaradırdılar. 

Nəticə  etibarilə isə Azərbaycanda  universallığı  ilə seçilən maarifçilik  cərəyanı  yaranmağa  başladı. Azərbaycan maarifçiləri ictimai böhrandan azad olmağın yolunu məhz xalqın  maariflənməsində   görürdülər.  Bu  baxımdan  da  XIX  əsrdə   Azərbaycan  gerçəkliyinin  sosial-mədəni  inkişafının   tələblərinə  cavab   verən  və  universallığı  ilə   səciyyələnən  maarifçilik  hərəkatının  ideologiyası  və  fəlsəfi  görüşləri  təşəkkül  tapırdı.

 Azərbaycanmaarifçilik fəlsəfəsində mədəni bazanın  və ölkənin sosial-siyasi vəziyyətinin Qərb və Rusiya maarifçiliyindən bir sıra fərqli  xüsusiyyətləri mövcud idi. İlk növbədə bu  dövrün  maarifçilərinin  dinə münasibəti çox  fərqli  idi. Bu fərqi yaradan real obyektiv səbəb rus çarizminin Azərbaycan xalqını dinindən, dilindən və milli mədəniyyətindən ayırmaq və onu etnik assimilyasiyaya uğratmaq siyasəti idi. Çünki etnik varlığını qoruyub saxlamaq xalq üçün öz din, dil və mədəniyyəti ilə bağlılığını itirməmək demək idi. Dil və mədəniyyətdən fərqli olaraq, Azərbaycan maarifçiləri dinə münasibətdə müxtəlif mövqelərdə dururdular. Bu münasibət din xadimlərinin Rusiya müstəmləkə sisteminə münasibətindən və maarifçi ideoloqların şəxsi dünyagörüşlərindən asılı idi.

Yuxarıda qeyd edilən məsələlər, proseslər  Azərbaycanın   elmi-fəlsəfi  görüşlərinin   inkişaf  edib formalaşmasına da təsirsiz ötüşməmişdir. Bu dövrdə  Azərbaycanda   maarifçilik   ideyalarının,  fəlsəfi  görüşlərinin  yaranmasında  maarifçilərin, mütəfəkkirlərin  böyük  xidmətləri  olmuşdur. Bunlardan  M.Nəvvab, İ.Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov kimi maarifçi mütəffəkirlər özlərinin maarifçilik ideyalarını, fəlsəfi-etik və materialist təlimlərini irəli sürmüşdülər.

A.A.Bakıxanov   1794 -cü  ildə  Əmircan  qəsəbəsində  anadan  olmuşdur.  Azərbaycanın  maarifçi  mütəfəkkiri, alimi,  şairi,  yazıçısı  və   tərcüməçisidir. Azərbaycan  və  onun  tarixi  üçün önəmli  yerə  malik olan  bir  sıra  əsərlər  qələmə  almışdır. Əsərlərini   “Qüdsi”  təxəllüsü  ilə  yazmışdır.  Əsərlərində vətənpərvər,  tarixçi,  maarifçi  bir  ictimai   xadim   mövqeyindən  çıxış  etmişdir.

A.A.Bakıxanov “Əxlaqın İslahı”, “Gülüstani -  İrəm”,  “Kəşfül - Qəraib”, “ Qanuni - Qüdsi”  və s. kimi  əsərlər  qələmə   almışdır.  “Əxlaqın İslahı”, “Gülüstani -  İrəm”  əsərlərində   məntiq, əxlaq  və  fəlsəfədən   bəhs  etmişdir. Onun  fikrincə, fəlsəfənin   əsas  məqsədi  təhsillənməkdən  ibarətdir.  Bakıxanov ağlı,  təhsili,  maariflənməyi  həyatda  hər  şeydənyüksəkdə  tutmuşdur.  Onun  fikrincə,  Allahın  verdiyi  bilik,  ideya  insanın  işığı,  nurudur.

XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi  olan  Abbasqulu  Ağa  Bakıxanov   təbiət elmləri, tarix, məntiq, filologiya və s. sahələr üzrə əsərlər  qələmə almışdır. Onun Azərbaycan maarifçiliyinin ilk dövrünə aid fəlsəfi görüşləri “Nəsihətlər kitabı”, “İşıqların yerləşdiyi yer”, “Camalın aynası” və s. əsərlərində, bununla  yanaşı məşhur “Gülüstani-İrəm”, “Qüdsinin bağı”, “Qüdsinin qanunları” əsərlərində ifadə olunmuşdur.

A.Bakıxanovun fəlsəfi dünyagörüşünün formalaşmasında onun ensiklopedik biliyə malik olması, şəxsi elmi axtarışları  onun  fəlsəfi  fikrinin formalaşmasında   mühüm rol oynamışdır. Onun fəlsəfəsinin əsas qayəsi maariflənmə yolu ilə kamil şəxsiyyət formalaşdırmaq, ədalətli cəmiyyət yaratmaq olmuşdur.

 A.A. Bakıxanovun irsində kamilləşmənin sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə Allaha qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı əql, elm kimi iki yolu göstərilir. Mahmud Şəbüstəri, Yusif Qarabaği və başqalarının irsində də göstərilən bu iki yol A.Bakıxanovun kamilləşmə nəzəriyyəsi üçün bünövrə idi.

O, əsrinin elmi nailiyyətlərindən çıxış edərək mənəvi təkmilləşmədə elmə, nəzəriyyə  ilə  praktikanın  əlaqəliliyinə və mövcudatın rasional dərkinə xüsusi önəmvermişdir. A.Bakıxanovun fəlsəfi və etik fikirləri, əsasən “Əxlaqın islahı” və “Nəsihət kitabı” əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə fəlsəfənin, fəlsəfi və etik kateqoriyaların tərifi, onların nisbiliyi, mövcudatda səbəbiyyət, inkişaf və qanunauyğunluğun problemlərindən bəhs olunur. Bu problemlərin rasional dərkini onların kamilləşən insan tərəfindən həll edilməsi əsası kimi təsəvvür edən A.Bakıxanov məhz bu yolla vahid ailə saydığı bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı. Digər tərəfdən A.Bakıxanovun sufizm təmayüllü dünyagörüşünə görə, həqiqi xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və fəna yolu ilə bəqaya (İlahi əbədiyyətə) qovuşmaqdır. İctimai görüşlərində kamil insan və təkmil cəmiyyət konsepsiyasından çıxış edən A.Bakıxanov sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial bərabərsizlik təşkil edir.

Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsi ilə əlaqədar olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr meydana  gələrək, milli şüurun formalaşmasına güclü təkan vermişdir.

Astonomiyada   isə  iki  nəzəriyyəyə  münasibətini  bildirərkən   Bakıxanov  N.Kopernikin  heliosentrik  sisteminin tərəfdarı  olmuşdur. Bakıxanova görə, xeyirxahlıq, yaxşılıq,  müsbət   əxlaqi  keyfiyyətlər   insanın  ədalət  və  insafının   ölçüsüdür.    

“Təhzibül-əxlaq” əsərində  Bakıxanov   fəlsəfi  görüşlərini  irəli  sürmüşdür. Əsərdə  başlıca  məqsəd gəncləri mənfi əməllərdən uzaqlaşdırmaq, onlarda nəcib əxlaqi  keyfiyyətləri  formalaşdırıb  tərbiyə  etmək   olmuşdur.

Bakıxanov  hər  bir  insanda,  şəxsiyyətdə  vicdani  saflığa, doğruluq  və  düsrüstlüyə,  mərdliyə, ədalətliliyə önəm vermiş vəonu  yüksək  qiymətləndirmişdir. Gəncləri  şöhrətpərəstlikdən  əl  çəkməyə, təvazökarlığa  meyl  etməyə,  hər  bir  insanla  xoş  rəftar  etməyə,  ədalətsizliyə  yol verməməyə, əməyi  sevməyə,  əmək  adamlarına  hörmət  bəsləməyə, vətənə  məhəbbət  dolu  olmağa  səsləmişdir.  Onun  əxlaq  nəzəriyyəsində   insanlığa  verilən  dəyər,  vətənə  və  xalqa  olan  məhəbbət,  demokratik  dünyagörüşü  öz əksini  tapmışdır.

Mirzə  Fətəli  Axundov 1812-ci  ildə  anadan  olmuşdur. Axundovun fəlsəfi  görüşləri   onun   yaradıcılığında  mühüm  yerə  malikdir. Onun  fəlsəfi   görüşlərinin  mənbələrinin  əsasında  rus, şərq  və  Azərbaycan  fəlsəfəsi    mədəniyyəti   durur.  Axundov   qədim  Yunan  fəlsəfi  fikri və  mədəniyyəti  ilə  yaxından  tanış  olmuşdur. Axundova  görə, fəlsəfənin  başlıca  vəzifəsi  bütün  kainatda  baş  verən  real  faktlara  əsasən  insan  zəkasının  rolunu  yüksəltməkdən  ibarətdir. Onun  fəlsəfi  təliminə   görə,  dünya  öz  təbiəti  etibarı  ilə  maddidir,  təbiətin  müxtəlif  predmet  və  prosesləri  vahid   və  hər  şeyi  əhatə  edən  maddi  substansiyanın  müxtəlif  təzahürlərindən  ibarətdir.

Ruhun  ölməzliyi   fikrinə  qarşı  çıxmışdır. O  sübut  edirdi  ki,  şüur,   ruh  materiyadan  asılıdır, onun məhsuludur. M.F. Axundov idrakıətraf aləmin insan şüurunda  inikası  adlandırmışdır  O, təbiəti  idrakın  predmeti  hesab  etmişdir. O, dünyanın dərk edilməsində bilavasitə hissi qeyri-müəyyənliyə üstünlük vermiş, duyğularsız, hiss üzvləri olmadanidrakı qeyri-mümkün saymışdır. Axundova görə, görülməyən, duyulmayan, müşahidə olunmayan heç bir şey yoxdur.

M.F.Axundovun fəlsəfi irsində dinin tənqidi təhlili xüsusi yer tutur. O, fəlsəfi  görüşlərinə  görə  ateist  olmuşdur. O, dinlə elmin bir yerdə ola  bilməyəcəyini, birinin yalan, digərinin doğru olduğunu göstərmiş, dinin struktur vahidlərinin təhlili əsasında onun mahiyyətini ortaya  çıxarmışdır. O dinin mahiyyətini maarifçilik mövqeyindən izah edərək göstərmişdir ki, din fövqəltəbii qüvvələrin mövcudluğuna əsasən yaranmış və məqsədi sadə adamları aldatmaqdan ibarətdir. [2;s.120]

Azərbaycanda   maarifçilik  fəlsəfəsinin  yüksək  mövqedə  dayanmasının   əsas  səbəbkarı   olan   Axundovun  (M.F.Axundzadə)   “Kəmalüddövlə   məktubları”, “Mollayi   Ruminin  və  onu  təsnifinin  babında”, “Həkimi-ingilis   Yuma  cavab”,  “Yek   kəlmə  haqqında”  və  s.  əsərlərində  onun  yüksək  fəlsəfi  ideyaları  öz  əksini  tapmışdı.

 Onun  fikrincə, zaman  ilə  məkan  vacib  atributlardır. Maddi  varlıq  həmişə  hərəkətdədir, qanunauyğunluğa  əsaslanır. Bu  baxımdan  kainat  həm  yaradılan,  həm  də  yaradandır. Onun  fəlsəfi  fikirləri  rasionalizmə   əsaslanırdı.

Kainatda qarşılıqlı əlaqə, asılılıq, səbəb və nəticə, hissə ilə tamın vəhdətini görən M.F.Axundzadə hərəkəti yerdəyişmə və təkcə kəmiyyət dəyişiklikləri kimi qəbul etmişdir, zaman daxilində kəmiyyət dəyişikliklərinin isə dairəvi hərəkət daxilində baş verdiyini qeyd  etmişdir. Başqa sözlə, M.F.Axundzadə yüksələn xətt üzrə inkişaf ideyasını qəbul etmirdi. Onun fəlsəfi əsərlərində materializm və rasionalizmin şərhi və müdafiəsi idealizm, teologiya və aqnostisizm prinsiplərinin tənqidi ilə birlikdə verilir.  Axundovun  maarifçilik  ilə  bağlı  atdığı  addım  məhz  onun  əlifba   islahatı  olmuşdur. 

XIX əsrin görkəmli mütəfəkkir, maarifçi və alimlərindən biri də yaradıcılığı ilə Azərbaycan və rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq universitetlərinin professoru Mirzə Məhəmməd Əli Kazım bəy idi. Bir çox  Avropa dillərini bilən, rus şərqşünaslığının banilərindən olan Mirzə Kazım bəy XIX əsr Asiya və Avropanın elmi dairələrində şöhrət qazanmışdı.

Mirzə Kazım bəyin mədəniyyət fəlsəfəsinə, Şərq ictimai-siyasi və fəlsəfi cərəyanlarına, İslam tarixinə və Quranın təfsirinə, mənəviyyat və qnoseologiya problemlərinə, dilin inkişaf qanunauyğunluqlarına həsr edilmiş əsərləri elmi dəyəri, çoxşaxəliliyi və orijinallığı ilə fərqlənir.

Mirzə Kazım bəy xürafatın əleyhinə çıxmış, maarifi və elmi yüksək qiymətləndirmişdi.  Onun  “Bab və babilər” əsərində təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe üç (maddi, mənəvi və ruhani) aləmdən ibarət olmasından, təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatının isə azad iradə ilə bağlılığından bəhs olunur.

Onun “Firdövsiyə görə mifologiya”əsərində müxtəlif bölgə mifləri, “Şamil və müridizm”,“Bab və babilər” kitablarında isə sosial zülm və xarici istibdada qarşı yönəlmiş Şamil hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik görüşlərinin elmi şərhi  verilmişdir.

XIX əsrdə Azərbaycanda maarifçilik fəlsəfəsinin   yaranması  və  inkişafında   özünəməxsus  yerləri  ilə  seçilən  şair  və  mütəfəkkirlərdən  olan  Mirzə  Şəfi  Vazeh  və  Seyid  Əzim  Şirvanidir. Mirzə  Şəfi  Vazehin Tiflisdə  təşkil  etdiyi  “Divani Hikmət” ədəbi məclisi,  Seyid  Əzim  Şirvaninin  maarifçiliyin  inkişafı  və  cəhalətin,  avamlığın  tənqidi  baxımından  qələmə  aldığı   satiraları  özünəməxsusluğu  ilə  seçilir.

XIX əsrin birinci yarısında ədəbi  fəaliyyətlə məşğul  olan  Azərbaycan şairi Mirzə Şəfi Vazehin şəxsiyyəti və yaradıcılığı onu Şərq poeziyası klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir. Görkəmli şair, pedaqoq və maarifçi-filosofun həyat və yaradıcılığına, onun şərq və qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsinin qeyri-adi taleyinə maraq bu gün də azalmır.

S.Ə.Şirvani  xalqı  din  arxasına  sığınaraq  aldadan   yalançı  mollaları,  ruhaniləri  satiralarında  tənqid  etmişdir.  Onun  “Müctəhidin   təhsildən  qayıtması”   satirası   məhz  bunun  açıq-aydın  ifadəsidir.

  S.Ə.Şirvaninin yaradıcılığında ictimai mahiyyət daşıyan satiraları mühüm yer tutur. Şairi öz dövrünün dahi realist şairi kimi məşhurlaşdıran da məhz bu satiralardır. Seyid Əzimin dövrün ictimai eyiblərinə qarşı ifşaedici münasibəti satiralarında aydın bir şəkildə ifadə edilmiş, xalqın qanını soran istismarçı siniflər, bəy və mülkədarlar, çar çinovnikləri, xalqı avamlıq və fanatizm girdabında saxlayan ruhanilər tənqid obyekti kimi götürülərək ifşa edilmişdir. Şairin “Əkinçinin hadisəsi”, “Padşah və əkinçi”, “Şamaxının yeni bəyləri haqqında həcv”, “Köpəyə ehsan”, “Yerdəkilərin göyə şikayəti” və s. kimi əsərləri maraqlı satirik parçalardır.

 XIX  əsrdə  maariçilik  ilə  əlaqədar  xidməti   olmuş   növbəti   mütəfəkkirimiz  Həsən  bəy  Zərdabi   olmuşdur. Azərbaycanda  ilk  dəfə  milli  mətbuatın  əsasının  qoyulması  məhz  onun  adı  ilə  bağlıdır. Belə  ki, 1875-ci  il  iyulun  22-də  “Əkinçi”  qəzeti  fəaliyyət  göstərməyə  başlamışdır.   Xalqın   qəzet  oxuyaraq  maariflənməsini düşünmüş bunun üçün də əlindən gələni  əsirgəməmişdir.

Yuxarıda  qeyd  olunanlar Azərbaycanda XIX əsrin ortalarından başlayan milli oyanış, milli özünüdərk və mədəni yeniləşmə prosesini, dünyəvi-elmi biliklərin yayılmasını, o cümlədən milli-ictimai və fəlsəfi fikrin yeni məcrada inkişafını və bu inkişafı şərtləndirən başlıca amilləri ilkin mənbələr əsasında izləmək baxımından olduqca dəyərlidir. Buradan da göründüyü kimi, bəhs edilən dövrdə Azərbaycanda mövcud olan bütün çətinliklər, çar üsul-idarəsinin törətdiyi maneələrə baxmayaraq, ictimai inkişafın başlıca meyilləri olan milli oyanış və mədəni yeniləşmə qarşısıalınmaz olub. Bu prosesdə isə başda A.A.Bakıxanov, M.F.Axundov olmaqla milli ziyalı təbəqəsinin aparıcı  və hərəkətverici qüvvə kimi həm ideya-nəzəri, həm də əməli cəhətdən müstəsna rolu olmuşdur.

Mütərəqqi maarifçilik ideyalarının, elmi biliklərin, milli oyanış və qurtuluş məfkurəsinin əsas daşıyıcısı bir çox ilklərin müəllifi və icraçısı olaraq bu ziyalı təbəqə özünün çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə Azərbaycan ictimai-fəlsəfi fikir tarixində də yeni dövrün başlanğıcını qoyaraq, əsaslı dönüş yarada bilmişdilər.

 

İstifadə olunan  ədəbiyyat

  1. Bünyadov  Z. Azərbaycan  tarixi. I  cild.  Bakı: Azərnəşr, 2010.
  2. Fərhadoğlu  M. Fəlsəfənin  əsasları.  Bakı, 2010.
  3. İsayev N., Rüstəmov F. Azərbaycan maarifçiliyinin milli-mədəni yeniləşmə ideyaları və müasirlik.  // 2016, №1.
  4. Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: İrşad, 1994.
  5. Vəlixanlı N. Abbasqulu ağa Bakıxanov - Azərbaycan xalqının böyük mütəfəkkiri. // Abbasqulu ağa Bakıxanov və azərbaycanşünaslığın inkişafı. Bakı, 2001.

 

 

 

 

 









Redaktorun seçimi