Musiqişünas Seyran Qafarov vəfat edib

Hit: 1113
Musiqişünas Seyran Qafarov vəfat edib

O, 1969-cu ildə Bakıda anadan olub

 

 

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, müasir musiqişünaslıq elminin tanınmış simalarından olan sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Seyran Qafarov vəfat edib.

 

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının yaydığı nekroloqda qeyd olunub.

 

Seyran Qafarovun 49 yaşı var idi.

 

1969-cu il oktyabrın 2-də Bakı şəhərində anadan olan Seyran Əmir oğlu Qafarov, 1993-ci və 1994-ci illərdə Bakı Musiqi Akademiyasının tarixi - nəzəriyyə və ifaçılıq fakültələrini bitirib. 1993-1997-ci illərdə Bakı Musiqi Akademiyasının “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” Elmi laboratoriyasında elmi işçi vəzifəsində işləyib. 1997 - 2010 illərdə Türkiyənin Dövlət Konservatoriyasında, daha sonra Van Dövlət Konservatoriyasında müəllim olaraq çalışıb.

 

Seyran Qafarov həmçinin Bakı Musiqi Akademiyasında Musiqi tarixi kafedrasında musiqi tarixi kafedrasında baş müəllim vəzifəsini daşıyırdı.

 

O gənc musiqiçilərə Qərb musiqi tarixindən və Asiya və Afrika xalqların musiqisini tədri etməklə yanaşı, BMA Musiqi Akustikası laboratoriyasında elmi işçi olaraq Azərbaycanın qədim musiqi aləti Ney haqqinda elmi araşdırmalarını davam etdirirdi.

 

S.Qafarovun 2007-ci ildə Azərbaycanda müdafiə etdiyi “elmlər namizədliyi” dissertasiya işi, 2010-cu ildə Türkiyənin Baş attestasiya komissiyası tərəfindən Doktora elmi dərəcəsi ilə təsdiq olunub.

 

Seyran Qafarov Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib, nüfuzlu elmi toplularda məqalələri dərc olunub. Onun Rus, Türk və Azərbaycan dillərində yazdığı elmi məqalə, metodik iş və məruzələrində Azərbaycanın unudulmuş qədim nəfəsli aləti olan neyin tarixçəsi və bərpası ilə əlaqədar əsaslı və mühüm araşdırmalar əldə edilib. Həmçinin, İslama qədərki dövrlərə aid təhlillərdə Azərbaycan və Ümumi Türk mədəniyyətinə xas olan nəfəsli alətlərin advermə əsaları geniş izah edilib, diqqət çəkən maraqlı fikirlər irəli sürülwb.

 

Seyran Qafarov 2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilib. O, Azərbaycan Bsətəkarlar İttifaqının keçirdiyi istər ümumrespublika, istərsə də beynəlxalq konfranslarda dəfələrlə samballı məruzələrlə iştirak edib. Onun anası sənətşünalıq üzrə fəlsəfə doktoru, BMA-nı professoru Zemfira Qafarova uzun illərdir Azərbaycan Bəstəkarlar İttifaqının katibidir.

 

Elmi məqalələri arasında Türk dilində yazdığı “Müzik Enstrümanlarında Totemleşme Olgusu ve Türklerin Gözdesi Düz Flütü”, “Türk Nayı Neyi veya Aerofonları Teşhis Eden Kavram” , “Hun Türklerin Yuğ Töreni’nde Kullanılan Zurna/Boru veya Mey/Nayçeyi – Balaban Enstrümanları Hakkında Bazı Görüşler”, “Gelene/Celaenae/Kelainai/Κελαιναί Kentinin İcracılık Gelenekleri” adlı məqalələri xüsusi əhəmiyyət kəsb edir və milli musiqi alətlərinin şüur və təfəkkür modellərini şərh edirdi.

 

Rus dilində yazılmış “Этимология названий аэрофонов” məqaləsi və “К вопросу о духовом музыкальном инструментарии Азербайджана эпохи раннего средневековья.” metodik işi Azərbaycan musiqişünaslıq elmində yeni bir sahə olaraq böyük əhəmiyyət kəsb edir.

 

Seyran Qafarovun “Türk xalqlarının musiqi alətləri” Beynəlxalq Simpoziumna “Най/Ней: флейтовый аэрофон профессиональной музыкальной традиции тюрков” adında təqdim etdiyi elmi məruzə Azərbaycan nəfəsli musiqi alətlərinin millilik əsaslarını sübuta yetirməklə yanaşı, başqa xalqların mənimsəmə faktorlarını ifşa edirdi.

 

O, öz elmi iş, məruzə və məqalələri ilə milli alətşünaslıq elmində yeni üfüqlər açmışdı və bu işlər daha dərin təhlillərə təkan verən bir araşdırmalar şəklində qiymətləndirilirdi. Dövrü mətbuatda işıq üzü görmüş məqalələri Azərbaycanın elmi və ədəbi irsini qoruyan, inkişaf yollarını əksetdirən yazıları məziyyəti ilə dəyərləndirilirdi.

 

Seyran Qafarovun sənət yolu misilsiz cəsarət nümunəsidir. Bu yolda çətinliklər, məhrumiyyətlər, qatlaşılması ilk baxışdan mümkün olmayan əziyyətlər var. Əziyyət və çətinliklərə qatlaşmaq əzmi isə onun peşəyə hədsiz bağlılığından və sədaqətindən irəli gələn müstəsna keyfiyyətdir.

 

S.Qafarov şəxsi keyfiyyətlərini həyatının amalına çevirmiş örnəkdir. Nəcibliyi, xeyirxahlığı, qayğıkeşliyi və səmimiyyəti isə onu hər kəsin sevimlisinə çevirmişdi. Bu səbəbdəndir ki, Seyran Qafarovun vaxtsız vəfatı musiqi ictimaiyyəti üçün böyük üzüntü və sarsıntıdır.

 

Bir daha mərhumun ailə üzvlərinə, əzizlərinə, qədirbilən sənət dostlarına başsağlığı diləklərinimizi çatdırır, Uca Tanrıdan səbr diləyirik.

 

Allah rəhmət eləsin!









Redaktorun seçimi