İndi sən adlanan darıxmağım var - Şeirlər

Hit: 495
İndi sən adlanan darıxmağım var - Şeirlər
*** 

Hələ yolun başındasan nə coşmusan,dəli ürək,
Cığırların göy üzündə qurulmağa Yer axtarır.
Dərə keçib,dağ aşmısan ,daşlamısan seli,ürək,
Yarğanların çatlarında sorulmağa yer axtarır.

Şumlamısan dərin-dərin illərinin ləklərini,
Aylarının budağını,həftələrin köklərini.
Elə yığdın əkiz kimi günlərinin təklərini,
Ömür küsür,kor-peşiman yorulmağa sər axtarır.

Daha bəsdir ağaclarda yarpaqların saralmasın,
İldən-ilə yaşıllaşan budaqların qırılmasın,
Gəl şumlayım əllərimlə,torpaqların qaralmasın,
Onsuz indi həyat sənlə sarılmağa gor axtarır.

***
Mən liman deyiləm sən gəmi olub,
Qovanda dalğalar qaçasan mənə.
Dağ boyda zəncirlə köksümü deşib,
Sağalmaz yaralar açasan mənə

Lövbərin kəsdikcə barmaqlarımı,
Özün yerləşəsən gözün içində.
Səsin batırdıkca qulaqlarımı,
Könlümü deşəsən sözün üçün də.

Mənsə sakit-sakit üzünə baxım,
Bir liman olmasın baş tərəfimdə.
Sən gələn yolların izinə axım,
Pərişan qalmasın yaş tərəfim də.

Baxasan bir mənə ,bir də dənizə,
Nə əvvəli gəlməz ,nə də ki,sonu.
Bir seçim edəsən hər ikimizə,
Seçəsən ya məni,ya da ki,onu.

Bax ,onda doğrunu ,düzü anlayıb,
Bilərsən gümanım ötəri deyil.
O coşqun dalğanı özün danlayıb,
Görərsən limanım köçəri deyil.

***
Sevəsən bir dəlini ,tutasan əllərindən,
İstisindən qalmaya qarlı qışın ,payızın.
Qoyasan sinən üstə,köksün yerindən çıxa,
Nə bir yaran olmaya,nə də bir ağrı-sızın.

Süzəsən gizli-gizli baxışların toqquşa,
Rəng ala yanaqların xəzan yarpağı kimi.
O qıyqacı gözləri elə yandıra-yaxa,
Çatlayasan içindən Muğan torpağı kimi.

İçin içindən gedə toxunduqca təninə,
Sənsə sakit durasan birdən sənə xar gələr.
Təkcə bir yuxu kimi sığınasan köksünə,
Xəyalını qurasan Yer də yenə dar gələ.

O böyük məhəbbəti sən də görə biləsən,
Dadasan şirinini, kədəri uzaq düşə.
Eşqin ən alisini ,təmizini yaşayıb,
Tapasan sevincini,dərdləri qıraq düşə.

Sevəsən bir dəlini tutasan əllərindən,
İstisindən qalmaya qarlı-qışın,payızın.
Qoyasan sinən üstə köksün yerindən çıxa
Nə bir yaran olmaya ,nə də bir ağrı-sızın.

***
Gəlirsən özünlə özünü gətir,
Mənim yoxluğundan sıxılmağım var.
Bu boyda dünyaya dözdüm,dayandım,
İndi sən adlanan darıxmağım var.

Baxışım yolunda ilişib qalıb,
Bütün döngələrdə sən axtarıram.
Dağ boyda həsrətdən yaşım quruyub,
Kipriklə künclərdə çən axtarıram.

Elə qəribsətmə könlümü ,canım,
Əcəl bitirsə də ömrü həvəsdə.
Qırıb zəncirləri gələ bilərəm,
Qəlbi çürütsə də Tanrı qəfəsdə.

Bir bax,boğuluram sənsizliyimdən,
Gətir nəfəsini əkim içimə.
Bu boyda dünyanın havası yetməz,
İzn ver ,tək səni çəkim içimə.

***
Mənim eşq adlanan sənli dünyamın,
Göyü yerdə gəzir, yeri göydədi.
Bir ayrı döyünür köksümdə ürək,
Ruhu dərddə gəzir, goru göydədi.

Bivəfa ömürdə, zaman dənlənir,
Gecələr, gündüzlər yaman tənlənir.
Qırılır xəyallar güman çənlənir,
Yarı səcdə gəzir, yarı göydədi.

Kəsdim kənarını nur dolu teştin,
İçimdən içinə yüz dəfə keşdim.
Məni sevdalayan bu dəli eşqin
Yoxu Yerdə gəzir,varı göydədi...

Məryəm ƏLİYEVA









Redaktorun seçimi