Bir payız tənhalığı - Musa Yaqubun payız şeirləri

Hit: 8996
Bir payız tənhalığı - Musa Yaqubun payız şeirləri

Faktor.az ustad şair Musa Yaqubun payız şeirlərini təqdim edir:

Bir payız tənhalığı

Lal sükut içində səssiz keçirəm,
İlk dəfə payızdan sənsiz keçirəm
Mən də əriyərəm,mən də itərəm,
Bir xəzən yelində otdan betərəm.
Söykənim hansı bir gücə bilmirəm,
Keçirəm deyirəm,keçə bilmirəm
Məni bu payızın içindən keçirt.

Xəzəl ayağımı ayaqlar mənim
Daşqalaq eləyir yarpaqlar məni,
Əvvəl payızlarım belə deyildi,
Bu nə tənhalıqdır bu nə qəm,kədər,
Sən Allah ruhunu dalımca göndər,
Məni bu payızın içindən keçirt.

Bir gül yarpağına-qanadı islaq-
Sığınıb durmuşam kəpənəksayaq,
Çiçəyim yarımcan,otum yarımcan,
Sən Allah bir qanad göndər dalımca
Məni bu payızın içindən keçirt.

Yarı alatoran,yarı işığam
İndi günbatana yol gedir idim
Bu xəzan içində sarı işığam,
Qırmızı işığım yandı-gecikdim!
Məni bu payızın içindən keçirt.

Əbrüşüm belinə belim demişdim
Çinar yarpağına əlim demişdim-
O da budağından üzüldü düşdü.
Qoyma üşüməyə çılpaq əlimi,
Tut götür torpaqdan yarpaq əlimi
Məni bu payızın içindən keçirt.

Səni səsləyirəm,gələrsən haçan?-
Bəlkə son körpümdü,sonuncu keçid,
Ağ atlı bir nağıl göndər dalımca
Məni bu payızın içindən keçirt.

Bu payız

Otaqda yazmıram bu şerimi mən,
Yapışıb payızın titrək əlindən
Qızıl bədənini sıxıb köksünə,
Lap belə təpədən dırnağa kimi
Payıza bürünüb yazdım şeirimi.

Geydim libasını, 
gördüm barını,
Atımı xəzana sürdüm bu payız.
Ömrümün saralmış yarpaqlarını
Gözümlə çox aydın gördüm bu payız.

Gizli gəlişini, 
pünhan işini,
Dağda yerişini gördüm payızın.
Özümdə, ocaqda, torpaqda, suda
Çıxış-girişini gördüm payızın.

Ovcuma da baxdım, 
bir xəzələ də,
Damarlar, cizgilər nə qədər oxşar.
Bizdən ayrı deyil bircə gilə də,
Ovcumun içində bir payız yaşar.

Pərişan lipanın arxlara dolan
Yarpaqlarında da payız yaşayır.
Sevgi məktubunun saralıb solan
Varaqlarında da payız yaşayır.

Bağlı xəzinədə bəlkə payız var,
Lap var-dövlətdə də ömrü var onun.
Qızıl da payızdır daşlaşıb yaşar,
Çox ömrün sonunda möhrü var onun.

Bu gün əynimdədir o qızıl libas,
Yarpaqlar saçımda yatdı bu payız.
Dünyanın işindən danışdıq bir az,
Payızla söhbətim tutdu bu payız.

Sandım ən duyğulu çağım da budur,
İstədim ən zərif sözə toxunam.
Gördüm ki, payızla söhbətim tutur,
Bildim ki, payıza mən də yaxınam.

Dedim, solan çinar, özünü saxla,
İnsanam, mənim də gözlərim dolar…
Kövrək bir ürəklə, 
kövrək budaqla
Bu sərt həqiqətə neyləmək olar?!

Bir kövrək budağa atdım əlimi,
Gördüm nəfəs alır yarpaqlar hələ.
Əvvəl payızlanıb o budaq kimi,
Sonra bu şerimi gətirdim dilə

Payız duyğuları

Payızın hökmüylə əsdi bir külək, 
Bir yaşıl səltənət çovğuna düşdü. 
Ağaclar bir yaş da qocaldı demək, 
Bir yarpaq nəsli də qırğına düşdü.

Aldı verdiyini geriyə torpaq, 
Qazancı nə oldu bağın-bağçanın. 
Bir yarpaq boy atdı körpə bir uşaq, 
Ömründən bir yarpaq düşdü qocanın.

Palıdlar tab etdi sükuta, yasa, 
Gilas yarpaqları qızardı, düşdü. 
Hansı bəxtəvərin növcavanınsa 
Üzünə bir yarpaq qızartı düşdü.

Çox yarpaq tökümü görüb yerimiz, 
Soraq tutmaq olmur cığırdan, izdən. 
Torpaq altındakı əzizlərimiz 
Yenə də bir yarpaq gen düşdü bizdən.

Bir yarpaq da düşdü Bəzz qalasına, 
Divarlar bir yarpaq çökdü aşağı. 
İgid Babəklərin, Koroğluların 
Bir yarpaq uzaqdan gəldi sorağı.

Yarpaqlar, belədir zamanın hökmü,
Tökülün, əbədi ömrə tamarzı. 
Tarixin yüz illik yarpaq tökümü, 
Olacaq bir yarpaq yaddaş kağızı.

Payızın ağzından əsdikcə külək, 
Bir yaşıl səltənət çovğuna düşdü. 
Ağaclar bir yaş da qocaldı demək, 
Bir yarpaq nəsli də qırğına düşdü. 

Payıza baxıram

Bu gün duyğum oyaq, düşüncəm oyaq,
Bu gün çox arxayın, çox soyuqqanlı,
Bir az dərdi-sərdən, qayğıdan uzaq
Dayanıb beləcə payıza baxdım.
Baxıram…
Payızın nəyi olacaq?-
Ələnən ələyi,
Solan çiçəyi,
Soyuyan torpağı
Düşən yarpağı.
Ayaqlar altında xəzəl o ki var,
Tapdayır adamlar, keçir adamlar,
Hə, bax, o gedəndi, o da gələndi…
İki cavan baxır biri-birinə
Bir də belə baxa bilməyəcəklər,
Necə ki, mən durub baxıram indi

Yəqin ki, indiki vaxtın yerinə
Heç vaxt belə baxmaq olmayacaq, yox.
Yəni o su gəlib bu arx dolacaq,
Amma bu su ilə doymayacaq, yox.
Orda bitməyəcək o solan çiçək,
Torpaq o xəzəli ayıltmayacaq.
Düzdür, hələ min-min payız gələcək,
Amma heç bu payız qayıtmayacaq.
Həyat qəribədir, yaman qəribə,
Həm düşməyib, həm də düşüb qəlibə.

Dayanıb baxıram, bu qoca dünya
Doğrudan heç günah dünyası deyil.
Zər-ziba, nə bilim yığıb toplamaq,
Bu dünya heç tamah dünyası deyil.
Bu əsəb, bu qəzəb, bu nifrət, bu kin,
Bu döyüş, bu silah dünyası deyil.
Yamanlıq eləmək dünyası deyil,
Nə bilim, bu mənim, hə, bu da sənin -
Ya qarın, ya yemək dünyası deyil.
Ömrün işi böyük, uca, qəribə,
Həm düşməyib, həm də düşüb qəlibə.
Bu dünya, bu dünya…
Qurtardı sözüm,
Özüm dediyimə mat qaldım özüm.

Budaqlar içindən çıxıb qəfləti,
Yox, çinar yarpağı deyil o düşən;
Məhsəti xanımın tanış surəti
Gördüm ki, payıza baxır pərişan.
Bəlkə də o baxır, mənəm sehrdə;
Onun da payıza baxdığı yerdə,
"Fələyin damından ucaldı bir səs;
Bu dünya bir saman çöpünə dəyməz".

Bu payızın dərdi

Bu payızın dərdi götürüb məni,
Çox mətləb üstünə gətirib məni -
Görəsən bir daha açılmacayaq
Gedəri ağaclar sonuncu kərə
Yarpaq tökümünə necə dözəcək?..
Taleyin hökmünə necə dözəcək?..
İlk yarpaq tökümlü o üryan budaq,
Soyusa havalar necə dözəcək?
Bir daha leyləyi qayıtmayacaq
O tənha yuvalar necə dözəcək? -

Bu payızın dərdi götürüb məni.
Vaxt özü fırladır ömür çarxını,
Çətin o həvəsdə bir daha bitim.
Yaman çayır basıb payız arxını,
Bulaq nəğməsi də donacaq, bildim
Xəzan budayacaq, yonacaq, bildim…
Torpaq bu yonqara necə dözəcək?..
Nə zərif bədəni var o ağacın,
İlk qara, son qara necə dözəcək -

Bu payızın dərdi götürüb məni.
Nə qədər hicranlar var bu dünyada,
Payızın ən həzin çağı olanda,
Kimsə bu payızla tənha qalanda
O hicranlı təklər necə dözəcək?
O solan sevgilər, insan ağaclar,
O insan çiçəklər necə dözəcək -
Bu payızın dərdi götürüb məni.

Guya ki, xəzanı almaz eyninə,
Yaman inadkardı o tənha yarpaq -
Qışacan birtəhər necə dözəcək?
Bu payız toyları geciksə yenə
Görən sevgililər necə dözəcək -
Bu payızın dərdi götürüb məni.

FAKTOR.AZ









Redaktorun seçimi