İsti ata ocağı - Rəşad Məhəmmədoğlunun hekayəsi

Hit: 1113
İsti ata ocağı - Rəşad Məhəmmədoğlunun hekayəsi

Qucağında uyuyan qızcığazı yatağına qoyub yanaqlarından öpdü. Barmaqları ilə saçlarını oxşayıb bir xeyli çarpayısının baş ucunda dayandı. Bu axşam, o, bir qərar verməli idi. Əslində, qərarını hələ bir neçə gün öncədən vermişdi.

Qonaq otağına keçdi. Stulu altına çəkib onunla üzbəüz oturan qadına nəzər saldı. Ağlamaqdan gözləri qızarmış, gözləri çuxura düşmüşdü. Bir neçə günün içərisində çox dəyişmişdi. Gözəlliyindən əsər-əlamət belə qalmamışdı. Bəlkə də, yenə gözəl idi. Lakin daha Seymur onu əvvəlki tək gözəl görə, dəyərləndirə bilmirdi. Aralarındakı hörmət və sevgi də yox olmuşdu. İndi onları balaca mələkdən başqa heç nə bağlamırdı bir-birinə.

─Səni dinləyirəm: Hər şeyi mənə olduğu kimi danış. Bu dəfə heç nə gizlətmə.

Göz yaşlarında boğulan qadın nədən və necə başlayacağını bilmirdi. Titrək səslə sözləri ehtiyatla seçirkən anlayırdı ki, aralarındakı bu söhbət həlledicidir və hətta sonuncu belə ola bilər...

***    

Seymur hava qaralana yaxın gəlib dayanacaqda duran avtobusa baxdı. O,  avtobusda da yoxdu.  “Yəqin  hələ gəlməyib" deyə düşündü. Avtobusdan düşüb onu gözlədi... Hər səhər işə gedəndə elə vaxt evdən çıxırdı ki, avtobusa minəndə  onu görsün. Elə görürdü də. Bir gün hətta onu şəhərdə izlədi də. Qızın işlədiyi yeri, yaşadığı ünvanı da öyrəndi. Qız tikiş fabrikinin  ofisində işləyirdi. Bir müddət onu izlədi. Deyəsən, qız da izləndiyini artıq hiss etmişdi. Nəhayət, bir gün tanış olmağa, yaxınlaşmağa qərar verdi. Səhəri günü qızın iş yerinə yaxın bir yerdə, yolunun üstündə dayandı. Qarşısına çıxıb ondan xoşu gəldiyini, tanış olmaq istədiyini dedi. Və əlavə etdi ki, heç bir pis niyyəti, məqsədi yoxdu. Niyyəti təmiz idi.

Qızın adı Vəfa idi. Dediyinə görə ərindən boşanmışdı. Seymurun isə yoldaşı və iki uşağı maşın qəzasında dünyasını dəyişmişdi. Yoldaşının qardaşı da həmin qəzada maşın sürərkən həlak olmuşdu. Bu hadisədən 4 ildən çox vaxt keçmişdi...

Seymur yaxınlarının, qohumlarının razılığı ilə xeyir-dua alıb toy etmədən kiçik məclis təşkil etdi, Vəfayla nikah bağlayıb ailə qurdu. Vəfanın da ata-anası rayonda olduqlarından ya nədənsə məclisdə iştirak etmədilər.

Onlar tanış olduqlarına görə çox şad idi. Hər ikisi xoşbəxt idilər. Seymurun qəlbində yenidən ata olmaq istəyi vardı. Qız və ya oğlan, fərq etməz, təki övlad sahibi olaydı. Yenidən isti bir yuvası olaydı, evdən körpə qığıltısı, uşaq səsi gələydi. Bir gün dözməyib hisslərini dilə gətirdi. Və elə həmin vaxt da həyat yoldaşının bir daha heç vaxt ana ola bilməyəcəyi xəbərini öyrəndi. Birinci övladı çox çətinliklə, əməliyyatla dünyaya gəlmişdi. Əməliyyatdan sonra həkimlər ona bir daha heç vaxt ana ola bilməyəcəyini söyləyəndə Vəfa çox üzülmüşdü.

Vəfa hər şeyi yoldaşına danışıb əlləri ilə üzünü tutdu, hönkürüb ağladı. Gənc qadının acı həyat hekayəsini dinləyən Seymur onu bağrına basıb sakitləşdirdi,  əli ilə gözlərinin yaşını sildi. Bir az sakitləşəndən sonra ondan uşağı  xəbər aldı. Öyrəndi ki, yoldaşı uşaqla bərabər Rusiyaya getmiş və orada bir rus qızı ilə evlənmişdir.

Seymur tez-tez yaxınlıqdakı körpələr evinə gedirdi. Arada dostları da ona qoşulub kimsəsiz uşaqları ziyarət edir, onları kiçik hədiyyələrlə sevindirirdi. Körpələr evində uşaqdan böyüyə kimi hər kəs Seymuru tanıyır və sevirdi. Seymurun bura tez-tez gəlişinin bir səbəbi də Leyli adlı qızcığaz idi. Seymur onu bir axşam işdən gələndə küçədən tapmışdı. Qucağında uşaqla Polis bölməsinə gəlmişdi. Valideynləri tapılmayan uşaq tezliklə körpələr evinə təhvil verilmişdi. Tez-tez uşaq evində körpəyə baş çəkən Seymur həyat yoldaşı ilə söhbət edib, qızı övladlığa götürmək istədiyini bildirmişdi. Ailəsi qəzaya düşəndən sonra bu istəyi elə bir istək olaraq da, qalmışdı. Ailəsi olmayan tənha kişiyə övlad götürməyə icazə verməmişdilər. Bu qanuna zidd idi. Körpələr evinin müdiri mehriban və ürəyi yumşaq qadın idi. Seymurun xətrini çox istəyirdi, yaşadığı acılardan da xəbərdar idi. Hər ziyarətdə ona evlənməyi məsləhət edərdi,  yalnız bu halda qanun ona həmin uşağı götürməyə icazə verə bilər, deyərdi. Seymurun gəlişinə sevinən, uzaqdan görüb qarşısına qaçan, boynuna sarılan Leyli isə onu öz doğma atası zənn edir, hər dəfə onunla getmək istədiyini dilə gətirirdi. Qızcığazın üzündən-gözündən öpən Seymur bəhanələr tapanda gözlərini yayındırır, üzünə baxmağa cəsarət etmirdi.

Vəfanın bir daha ana ola bilməyəcəyini öyrəndikdən sonra Seymur körpələr evindən uşaq götürmək barəsində daha çox düşünməyə başlamışdı. Leylini qucaqlayıb bağrına basanda daha arzusu əvvəlki tək əlçatmaz görünmürdü ona. İndi gözlərinin içinə baxaraq gülümsünər, təbəssümlə qızcığazın saçlarını tumarlayardı. Bəzən hətta boynunu qucaqlayıb, “Tezliklə səni evə aparacam, qızım, bir az da səbr et” demək istəyərdi.

Vəfaya Leyli haqqında, öz fikrindən keçənlər haqqında bir kəlmə belə deməmişdi. Ona sürpriz etmək istəyirdi. Fikrindən onu özü ilə körpələr evinə aparmaq və balaca Leyli ilə tanış etmək keçirdi.

Yolüstü yenə də körpələr evinə baş çəkəndə müdirin az qala qulağına pıçıldadığı sözlərdən xeyli üzüldü:

—Uşağın anası tapılıb. Bir neçə günə gəlib özü ilə aparacaq.

Boynuna sarılan qızcığazdan öz kədərini və üzüntüsünü gizlətməyə çalışan Seymurun gözlərindən dünyagörmüş qadın bu sözləri oxuyurdu sanki:

—Bu vaxta qədər harada idi bəs? Ana olduğu indi yadına düşüb? Uşağı çölə atanda vicdanı sızlamadı bəs?!

Qızı qucaqlamaq üçün yerə əyilən Seymurun üzünü əlləri arasına alan Leylinin sözləri qəlbini göynətdi:

—Bir xala gəlmisdi. Mənə hədiyyə də gətiymişdi. Dedi ki, məni özüylə apayacaq. Mən onunla getmək istəmiyəm. Nolar, qoyma məni aparsın. Mən sənin qızınam. Mən səninlə getmək, öz evimizdə yaşamaq istəyiyəm. Hədiyyəsini də istəmədim. Atdım. Nolar, qoyma. Qoyma o xala məni apaysın! Mən onu istəmiyəm!

Seymur qızı qucağına alıb ayağa qalxdı. Leyli balaca əlləri ilə boynunu bərk-bərk qucaqlamaqda idi. Sinəsinə sıxıldığından, balaca ürəyinin necə döyündüyünü hiss edirdi. Uşaqdan az kövrəlməmişdi. Ata olmaq sevincini bu uşaqla yaşamaq istəyirdi. Bir anlıq fikrindən keçdi ki, həyat yenə onunla acı oyun oynadı, bu dəfə də sevincini əlindən aldı.

—O sənin anandır, qızım. O səni çox istəyir, lap çoox... –deyə bildi sakitcə.

Qızcığaz isə tərslik edir, inadından dönmürdü. Sürüşüb Seymurun qucağından düşdü və ağlaya-ağlaya “Sən də məni istəmiysən!” deyərək qaçıb getdi.

Yolboyu baş verənləri düşünən Seymur çox pərişan idi. Kiçik bir sevinc hissi belə əlindən alınmışdı. Bu o demək idi ki, o, bir daha Leylini görə bilməyəcək, ona sarıla, onun şabalıdı saçlarına toxuna bilməyəcəkdi.

Əliboş, kor-peşman evinə dönən Seymur bir qədər qapının arxasında dayandı. Qapını açıb içəri girmək, Vəfayla üz-üzə gəlmək istəmirdi. Bütün planları pozulmuş, arzuları puç olmuşdu.

Açarı götürməyi unutmuşdu. Yüngülcə qapını tıqqıldatdı.  Vəfa qapını açdı. Bu gün nədənsə gözləri parıldayır, üzü sevinclə işıq saçırdı. Seymur bir anlıq fikrindən keçirtdi ki, bu qədər xoşbəxt olan bir qadına öz ürəyindən keçənləri danışıb əhvalını pozmasın. Gülümsəməyə çalışdı. Sevincinin səbəbini xəbər aldı.

—Yoldaşım uşağı mənə vermirdi, axı. Məhkəməni udmuşam. Məhkəmə uşağın məndə olmasına qərar verib. İndi daha biz bütöv ailə ola bilərik.

Yoldaşının sevincinə şərik ola bilmirdi Seymur. Gülümsəməyə çalışsa da, yaşadıqları anbaan xəyalında canlanır, Leylinin surəti gözləri önündən çəkilmirdi. O, Leylini evə gətirmək, hər səhər işə gedəndə yanağından öpmək, axşamlar yolunu gözləyib yatmayan qızcığazı öz qucağında yatırtmaq istəyirdi. İndi daha Leyli onun deyildi. Bir daha Leylinin saçlarını qoxlaya bilməyəcəkdi. Dünən axşam Vəfaya öz planlarını danışmaq istəsə də, yorğun olduğundan və söhbətin ciddi olduğunu nəzərə aldığından bu günə saxlamışdı. İndi isə bu haqda bir kəlmə belə danışmaq, hətta ürəyindəkiləri belə bölüşmək artıq idi, ehtiyac yox idi. Fikrindən keçdi ki, indi, Vəfa öz övladına qovuşduğu bir anda ona körpələr evindəki Leylidən danışmaqla onun qəlbinə toxuna bilər. Öz övladı olan ana, çətin ki başqasının uşağına ana olmaq istəyərdi.

Bir axşam işdən sonra yolunu körpələr evinin qarşısından saldı. Uzaqdan da olsa, Leylinin qoxusunu almağa çalışırdı. Gec idi. Pəncərələrdə işıqlar sönmüşdü. Yəqin ki, indi Leyli də yatmış olar, düşündü. Xəyalən Leylininn yanağından öpüb yoluna davam etdi.

Evə qayıdarkən yadına düşdü ki, axı, Vəfa bu gün uşağı evə gətirəcəyini söyləmişdi. Ayaq saxladı. Yaxınlıqdakı oyuncaq mağazasına girdi. Leylini fikrindən keçirdi. Xəyalında onun hansı oyuncaqları xoşladığını yadına saldı. Bir neçə oyuncaq alıb evə tələsdi. Vəfanın qızını sevindirmək, həm də Vəfanın özünü sevindirmək demək idi. Uşaqları çox sevirdi Seymur. Vəfanın qızına da heç vaxt ögey münasibət bəsləməyəcəkdi, onu doğma balası kimi sevib-əzizləyəcəkdi. Bir də ki, qız uşaqları şeytan olur. Leyli qədər bu uşağa da bağlanıb sevəcəyinə əmin idi. Yolboyu qəlbində yeni-yeni xəyallar qurur, xoşbəxt ailə tablosunu gözü önünə gətirirdi. Kədərlə qəzada həlak olan yoldaşını və uşaqlarını da xatırlamışdı. Kövrəlmişdi, gözləri dolmuşdu.

Fikirlər beynində dolaşmaqda idi. Evə necə gəlib çatdığının belə fərqində olmamışdı. Qapı üzünə açılan an ünvana çatdığının fərqinə varmışdı.

Vəfa həyat yoldaşının əlindəki paketləri aldı. Seymur dəhlizə ayaq basaraq sakitcə soruşdu:

—Uşağı gətirmisən? –Vəfa gülümsəyib başını tərpətdi. – Hardadı?

—İçəri otaqda. Ağlayır. İsinişə bilmir. Yanına getmə hələ. Səni görüb lap ağlayacaq. Qoy bir az öyrəşsin.

Maraq və uşaqlara olan böyük sevgisi Seymuru səbirsiz-qərarsız etmişdi. Uşağı görmək istəyirdi:

—Ona oyuncaqlar almışam. Verim, bəlkə sakitləşər.

Gözləri ağlamaqdan qızaran Vəfa dedi:

— O hələ heç məni hələ qəbul etmir, Seymur... qalmışam belə. Səni də görüb lap əsəbləşəcək.

Seymur gülümsədi:

—Uşaqlar məni sevirlər, xüsusilə də qız uşaqları ilə münasibətlərim həmişə yaxşı olub. Hiss edirəm ki, sənin qızınla da dil tapmaq mənə çətin olmayacaq.

Vəfa ümidsiz halda başını yellədi:

—Çətin uşaqdır. Heç cür dil tapmaq olmur. Gələndən ağlayır, ayaqlarını yerə çırpır.

—Mən yenə də bir cəhd edim.

 Seymur otağın qapısına yaxınlaşdı, yavaşca qapını açıb içəri boylandı. Otağın  bir küncündə qısılıb oturan, başını qucaqladığı dizləri arasına qoymuş bır qız uşağını gördü. Uşaq da açılan qapının səsini eşidib başını qaldırıb Seymura baxdı. Seymur uşağı görəndə gözlərinə inanmadı... Bu Leyli idi.

Leyli qışqırıb Seymurun boynuna necə sarıdısa,o, göz yaşlarına hakim ola bilməyib uşaqla bərabər ağladı. Ümidsiz vəziyyətdə mətbəxdə oturan  Vəfa qızın qışqırıq səsindən diksinib özünü otağa atdı. Gözlərinə inana bilmirdi. Donub qaldı. Çaşqınlıq içərisində bir-birinə sarılan yoldaşına və qızına baxdı. Nə baş verdiyini anlamırdı. Seymuru heç vaxt bu qədər kövrək görməmişdi. Bəlkə ilk dəfə idi,o, Vəfanın qarşısında ağlayırdı.

Seymur Vəfanın gözləri qarşısında qızın üzündən, gözlərindən, balaca əllərindən dayanmadan öpürdü. Şabalıdı saçlarını barmaqları ilə darayır, qoxlayırdı. Bir neçə günün içərisində qızcığaz üçün bu qədər darıxacağını təsəvvür belə edə bilməzdi. Onu qucaqlayıb bağrına basarkən qəzada həlak olan doğma qızının da ətrini ondan alırdı. Balaca Aysusu elə Leyli yaşlarında olardı.

Vəfanı qarşısında görən Leyli Seymurun arxasına keçdi. Qolundan bərk yapışıb ağlamağa başladı:

—Bu xala məni buya gətiyib. Nolar, məni bu xalaya veymə. Mən sənin qızınam, ata!

Seymur ayağa qalxıb qızın saçlarından öpdü:

—Sən mənim qızımsan, Leyli! Atan səni heç kimə verməyəcək, qızım!

Doğma anasını rədd edən uşağın tamamilə yad birinə “ata” deyib boynuna sarılması Vəfanı sarsıtmışdı. Bir qədər əvvəl göz yaşları yanaqlarına süzülən Seymurun üzünün ifadəsi dəyişmişdi. Onun baxışlarından Vəfa özünü itirdi. Udqundu.

Seymur az qala pıçıldayırmış kimi sakit  səslə soruşdu:

—Leyli sənin doğma qızındır,Vəfa?

Vəfa başını aşağı salıb susdu. Qarşılaşdığı mənzərənin şokundan ayıla bilməyən qadının nitqi qurumuşdu. Seymur Vəfanın qolundan tutub mətbəxə çəkdi:

—Leyli sənin qızındır, demək! İlahi! Necə anasan sən?! Körpə uşağı gecə vaxtı küçədə necə atıb gedə bilmisən?! Heç ürəyin ağrımadı? Gecələr vicdanın  heçmi sızlamadı? Əgər o gecə qarşısına mən çıxmasaydım, necə olardı qızcığazın halı? Düşünmədin ki, itlərə, siçovullara yem ola bilər?

Vəfa dinmirdi, Seymurun sərt ittihamlarına cavabı göz yaşları idi. Seymur isə susmaq bilmirdi bu gün. Əsəblərinə, hisslərinə hakim ola bilmirdi. İllərlə ürəyində yığılıb qalmış bütün sözləri Leylinin anasına deməkdən heç kim və heç nə onu saxlaya bilməzdi bu axşam:

—Gecənin qaranlığında Allahın umuduna buraxılan uşağı qucağıma aldığım həmin gün ona Leyli adını mən qoydum. Balaca əlləri və mənə baxan qapqara gözləri ilə məndən kömək istəyirdi. Az qala hər gün uşaq evinə onu ziyarətə gedirdim. Dəfələrlə qızı övladlığa götürmək istəyi ilə aidiyyəti qurumlara müraciət etdim. Ailəm olmadığı üçün hər dəfə də istəyim təmin olunmadı. Leylini övladlığa götürmək istərkən, həm onun isti bir yuvası olacağını, bizim də xoşbəxt ailəmiz olacağını düşünüb xəyal etmişdim hələ bir neçə gün əvvəl... De, illərlə harada idin? Niyə övladına sahib çıxmadın?! Nə idi o qızcığazın günahı? Sənin günahlarının cəzasını o çəkməli idi?! Bilirsən, hər dəfə körpələr evinin qapısını açıb içəri girəndə, Leylini qucağıma alanda, onu taleyin umuduna buraxıb gedən həmin qadına lənət oxumuşam, söyüb qarğışlamışam?!  Allahdan ona ən ağır cəza verməsini, analıq sevincindən məhrum etməsini istəmişəm! Bu cür mələyi taleyin umuduna buraxan qadın ana adına layiq deyil!

Yerə çöküb, əlləri ilə üzünü tutub hönkürüb ağlamaqdan başqa  heç bir söz deyə bilmirdi Vəfa. Evlənəndən bəri ilk dəfə idi Seymur onunla bu cür sərt, həm də çox sərt danışırdı.

Seymur əynini geyinib qapıdan çıxmaq istəyəndə Leyli boynuna sarıldı:

—Hara gediysən, ata? Məni də özünlə apar, nolay. Söz veyiyəm, səni incitməyəcəm.

Seymur əli ilə Leylinin saçlarını oxşadı. Hər iki üzündən öpüb qucağına aldı.

Vəfa Seymurun qarşısına keçdi:

—Seymur, icazə ver, mən sənə hər şeyi olduğu kimi danışım... Sən bilmirsən mən...

Seymur başını yellədi:

—Sonra... indi heç nə dinləmək istəmirəm!

Seymur qucağında qızı ilə bərabər gözdən itincəyə qədər Vəfa baxışları ilə pəncərədən onları izlədi. Uzaqlaşan kölgələrlə bərabər Vəfanın xoşbəxtliyi də uzaqlaşmaqda idi.  Hönkürüb ağlamaqdan və özünü qınamaqdan başqa əlindən heç nə gəlmirdi qadının.

Həmin gecə Seymur Leylisi ilə bərabər xeyli parkda gəzib dolandı. Hava soyuq idi, uşaq da yorulmuşdu. Gecənin bu vaxtı heç bir qapını döyə bilməzdi. Mehmanxanada bir neçə günlük nömrə tutmaqdan başqa çarəsi qalmadı.

Leyli Seymurun sinəsinə qısılıb mışıl-mışıl yatırdı. Qayğısız körpənin tək qayğısı isti yemək, isti qucaq idi. Onu sevən atası vardı, dünyada heç nə ona qorxulu deyildi daha.

Seymur bütün gecəni gözünü yuma bilmədi. Gah eyvanda siqaret tüstülətdi, gah otağa keçib Leylinin yanında uzandı, yanaqlarından, saçlarından öpüb əzizlədi. Eyni sualı təkrar-təkrar özünə verirdi. Hər dəfə də cavabı mələk üzlü Leylinin təbəssümü olurdu.

***

Bir həftə olardı ki, Seymurla qızından xəbər yox idi. Əl telefonuna dəfələrlə zəng edib mesaj yazmasına baxmayaraq, yoldaşı onunla ünsiyyətdən qaçırdı. Vəfanı tanımaq, onunla danışmaq istəmirdi. Vəfa olanları qəbul etmək üçün ona vaxt lazım olduğunu anlasa da, qorxurdu. Seymuru, eləcə də qızını birdəfəlik itirəcəyindən qorxurdu.

Budur, Seymur onun qarşısında oturub ondan bütün suallarına cavab gözləyirdi. Seymurun ürəyinin yumşaq olduğunu, həssas biri olduğunu bilsə də, nə qədər tərs biri olduğunun da bu günlərdə şahidi olmuşdu. Seymurun baxışları altında əzilirdi.

─Səni dinləyirəm: Hər şeyi mənə olduğu kimi danış. Bu dəfə heç nə gizlətmə.

─Yaxşı, -dedi Vəfa və başına gələnləri olduğu kimi danışmağa başladı.

 Öz təmkin və sakitliyinə Seymur özü də təəccüb edirdi.

─Tələbəlik həyatına yeni başlamışdım. Valideynlərim mənə Bakıda ev kirayə tutmuşdular. Öz kəndimizdən olan bir qızla eyni evdə qalırdım. Bir gün yaraşıqlı bir gənclə tanış oldum. Məni sevdiyini, mənsiz yaşaya bilmədiyini deyirdi hər görüşdə. Sevirdim onu, amma sevgisinə sübut kimi valideynlərimin razılığını almasını, nişanlanmağımızı istəyirdim. Atamın xasiyyəti çox tünd idi. Bakıda oğlanla görüşdüyümü bilsəydi, təhsilimi yarımçıq saxlatdırıb məni elə həmin gün rayona qaytarardı.  Hər şeyi ona izah edəndə, söz verdi ki, ailəsi ilə barəmdə danışacaq. Qonşu rayonlardan birində yaşayırdı valideynləri. Yay tətilində bizə elçi gəldilər, nişanlandıq. İkinci kursa artıq nişanlı qız kimi gedib gəlməyə başlamışdım. Çox xoşbəxt idim. Günlərin bir günü –ad günündə məni kirayə qaldığı evə dəvət etdi. Əvvəl getmək istəmirdim. Tərəddüd etdikcə rəfiqəm də getməyi israr edirdi. Nişanlım olan birindən mənə heç bir ziyan toxunmayacağına əmin idim. O gecə onların evində, dostlarıyla bərabər çox əyləndik. 

Səhər ayılanda özümü onun yatağında gördüm. Başım partlayırdı. Nə baş verdiyini hələ də dumanlı xatırlayırdım. Hər şeyi anlayıb dərk edəndə isə gec idi, qorxduğum başıma gəlmişdi. Çox ağladım. Məni sakitləşdirməyə çalışdı. Özünün də içkili olduğunu, heç nəyi xatırlamadığını söylədi. Nişanlı olduğumuzu, tezliklə evlənəcəyimizi xatırladırdı hər dəfə.  Bir gün ona hamilə olduğumu söylədim. Fikrə getdi, məni sakitləşdirib rayona gedəcəyinə, ailəsi ilə toy barəsində danışacağına əmin etdi. Yeni il qabağı rayona getdi. Hər gün səbirsizliklə onun yolunu, zəngini gözləyirdim. Dəfələrlə zəng edib, axtarsam da, səylərim nəticəsiz qaldı, telefonuna nə zəngim, nə də mesajlarım çatdı. İş yerinə getdim. İşdən çıxdığını, Rusiyaya getdiyini söyləyənlər də oldu. Hər şeyi anladım və ondan bir dəfəlik əlimi üzdüm.

Ailəmdən, hətta rəfiqəm də belə hər şeyi gizləməyi düşündüm. Yay tətilində rayona qayıdanda sirlərimin üstü açıldı. Daha heç nə gizlədə bilməzdim. Əvvəlcə anam, daha sonra atam vəziyyətimdən xəbərdar oldu. Günlərlə yolunu gözlədiyim nişanlımın ailəsi belə atamı dinləmək istəmədi. Sevdiyim insan,nişanlım məni tərk edib qürbət ellərə üz tutmuşdu. Nə vaxt qayıdacağı, ümumiyyətlə qayıdıb qayıtmayacağı haqda məlumatı yox idi heç kimin. Ya da bizdən gizlədirdilər. Atam məni bağışlamayıb evdən qovdu. Gedəcək yerim yox idi. Bakıya, kirayə qaldığım evə, rəfiqəmin yanına qayıtdım. Atasının qəbul etmədiyi, sahib çıxmadığı qıza bütün qohumlar, hətta həmin rəfiqəm də yiyə çıxmadı.

Təhsilimi yarımçıq buraxıb kafelərdən birinə qabyuyan düzəldim. Vəziyyətim günü-gündən ağırlaşırdı. İşləyə bilmirdim. İşimizdə bir qadın vardı. Tənha idi, heç kəsi yox idi. Məni öz evinə apardı. Qayğıma qaldı, həm maddi, həm mənəvi cəhətdən dəstək oldu.

Ana olmağıma az qalırdı. Saatlar keçdikcə daha çox əzab çəkirdim. Beynimdəki fikirlər, səhhətimdəki ağrıları üstələyirdi. Çox çətinliklə uşağı dünyaya gətirə bildim. Həkimlərin müdaxiləsi nəticəsində uşaq da, mən də sağ qalmışdıq. Lakin bir daha ana ola bilməyəcəkdim. Evində qaldığım qadın xərçəngdən əziyyət çəkirdi. Ölməzdən əvvəl evin bütün sənədlərini mənim adıma keçirtmişdi. Bir tanışının vasitəsi ilə tikiş fabrikinə işə də düzəltdi məni. Təhsilimi yarımçıq buraxmağa məcbur olsam da, az-çox savadım vardı. İşimə yaradı. Yaşamağa evim, işim olsa da, çətinlik çəkirdim. Uşağa baxa bilmirdim. İşimlə uşaq arasında seçim etməli idim. Heç kəsim yox idi. Bir neçə saatlıq uşağıma baxa biləcək biri yox idi. Dayə tutmağa da maddi vəziyyətim imkan vermirdi. Həmin gecə Leylini küçədə qoyub getməkdən başqa çıxış yolu görmədim... Sonrasını da özün bilirsən...

Vəfa hekayətini danışıb susdu. Sakit-sakit ağlayırdı.

Yanaqlarına süzülən göz yaşlarının xəcalətdən, peşmançılıqdan olduğunu, yoxsa bütün əldə etdiklərini itirmək qorxusundan olduğunu düşünürdü Seymur. Analıq iddiasına düşənə qədər körpələr evinin qapısını ömründə açmayan, hətta qızının adını belə bilməyən qadına qarşı qəzəbi, nifrəti soyumamışdı. Düşünürdü ki, heç vaxt  onu bağışlaya bilməyəcək.

Seymur ayağa qalxdı. Pəncərə qarşısına yaxınlaşdı. Gözləri yol çəkirdi. Bir xeyli sonra geri çevrildi.

─Sən ilk gündən mənə hər şeyi olduğu kimi danışa bilərdin. Mən səni anlamağa çalışar və sənə kömək edərdim. Sən isə məndən nəinki hər şeyi gizlətdin, gözümün içinə baxaraq yalan deməkdən belə çəkinmədin! Bizim ailəmizin təməli yalan üstündə qoyuldu...

Sual dolu baxışlarını Seymurun üzündə gəzdirən Vəfa nəsə soruşmağa, nə də söz deməyə cəsarət edə bilmirdi. Qəfildən hönkürüb Seymurun qarşısında yerə çökdü:

─Bağışla məni! Çox gənc idim...Təcrübəsiz idim... Həyat mənimlə acı oyun oynadı...Tənha idim...Nə edəcəyimi, doğru və yanlışı fərqləndirə bilmirdim...

Qeyri-ixtiyari Seymurun nəzərləri Leylinin yatdığı otağın qapısına yönəldi. O:

─Səni heç vaxt bağışlaya bilməyəcəm! –deyib susdu. Bir qədər fasilə verib sözünə davam etdi, –Yox, düşünmə ki, səni cəzalandırmaq niyyətindəyəm. Allah səni layiq olduğun bir şəkildə cəzalandırıb! Mən... Mən sənə bir şans verməyi düşünürəm... Əslində,... sənə deyil, Leyliyə verirəm bu şansı. Əgər bu evdə, bizimlə bərabər yaşamaq istəyirsənsə, səndən tək bir tələbim olacaq: Leyliyə yaxşı ana olmağa çalış! Xoşbəxt bir ailədə böyümək, ata-anası tərəfindən sevilmək onun haqqıdır. Hə, bir də... Heç vaxt gözləmə və səni bağışlayacağıma da ümid etmə! Bundan sonra bizi bir-birimizə yalnız Leyli bağlayır. Onun gözlərində biz xoşbəxt ailə olacağıq!

Seymurun qərarı çox sərt idi. Qısa və aydın şəkildə deyilmiş kəlmələrdən sonra Vəfa acı həqiqəti dərk etdi. Bundan sonra nə Seymurun sevgisinə, nə də bərabər həyatları olacağına ümid etməyə dəyməzdi. Leyli onun günahları, həm də ən böyük cəzası olmuşdu. Və hər gün ona ana və qadın xoşbəxtliyinin acısını yaşatmaqda davam edəcəkdi. Seymurun ondan tək tələbi qızına yaxşı ana olmaq idi.

Bəlkə... Bəlkə günlərin birində həm qızı, həm Allah onu bağışladı...

***

Seymur qızının səsini eşidib özünü otağa atdı. Deyəsən, yuxu görürdü. Ya da qaranlıqdan qorxmuşdu. Qızını qucağına alıb bağrına basdı. Saçlarını oxşadı. Qızcığaz atasının isti qoynunda təkrar yuxuya getdi...

Kim deyir ki, yalnız analar fədakar ola bilir bu həyatda...

FAKTOR.AZ

 

 









Redaktorun seçimi