Həm ayazdı, həm arabaçı... Ayaz Arabaçı

182 dəfə oxunub
Həm ayazdı, həm arabaçı... Ayaz Arabaçı

"Fil qulağı" otelində yatan Vətənin bomba və "bomba" oğlu haqqında

Ədəbiyyatın demərəm, poeziya adlı ümman əlifbasının A-sıdı, AA-sıdı - lap elə hökümət nömrə nişanı kimi! Bir şərtlə - öz dönəminin! Poeziyanın o biri A-larından sonra: Arazından, Aslanından... İki və daha artıq A ard-arda yazılırsa-gəlirsə, qaydaya görə, mütləq sonrakı kiçilməlidi-kiçik yazılmalıdı! Amma Arabaçı elə böyük qalır! Və... təkrarı deyil! Orijinalıdı, xasıdı, ilkdən ilkidi!

Hər dəfə Ayaz Arabaçını oxuyanda dodağım qaçır, içimdə bir məmnunluq, ruhumda bir şuxluq, gözümdə işıq, beynimdə isə tam əksi: təlatümlər qurultayı, sunamilər sərgisi, tornadolar qalereyası, faciələr muzeyi, qladiator meydanı canlanır.

Görən inanmaz ki, bu qədər təbəssümlü, işıqlı adam bu boyda faciə içindədi və içində faciə gəzdirir: elə bil nüvə başlıqları yüklənmiş, starta hazır, amma heç vaxt düyməsi basılmayacaq raket kompleksidi kosmodromda - eksponat kimi!

Amma hər gün yerimir e, uçur bombalarıyla Ayaz Arabaçı: partlayışları da sınaq variantıdı elə bil!

Ayaz Arabaçıya fb-dən dostluq göndərmişəm, fb-dən bəyənmişəm, fb-dən etiraf etmişəm onu oxuduğumda:

- Adam yazmır e, sözü sözə qaynaq eləmir, boltla, qaykayla, şurupla düz-qoş eləmir, kəmərlə bağlamır, don geyindirmir, sadəcə... püskürür Vezuvi vulkanı kimi, sadəcə... aşır-daşır - Nil, Araz, Kür kimi, sadəcə... tökülür adamın başına Niaqara kimi.

Amma ən dəhşətlisi də odu ki, adamın bir dənə də "isti sözü" yoxdu: bu lırt-lıqqa şablonların içində hamını isindirmək, guya da eşqə-ehtizaza gətirmək üçün düşünülən o "isti sözlər"dən birinə də yaxın düşmək olmur, fəqət... Ayazın AYAZ sözləri adamı ilan soyuqluğu qədər keyidib dondursa da, yandırıb tökür!

And ola "Ayazın adı haqqı"na, vizual görüntülər üstündə rəqs eləmirəm!

Kimi gəldi mindirmisən dalına,
Xalça haqqı, palaz haqqı, ay Vətən!
Bir tikə də yanan yoxdu halına,
Bu ney haqqı, bu saz haqqı, ay Vətən!

Nə umursan qeyrətini boğandan...
Batırıblar günəşini doğandan,
Yüz illərdi fərqin yoxdu soğandan,
Min qış haqqı, min yaz haqqı, ay Vətən!

Qüvvətimiz çiliyədək işləyir,
İbtidai biliyədək işləyir,
Yaraların iliyədək işləyir,
Dərin haqqı, dayaz haqqı, ay Vətən!

Bizi niyə yad qucağa atıbsan,
Duran yerdə ahımıza batıbsan,
"Fil qulağı"otelində yatıbsan,
O toy haqqı, o yas haqqı, ay Vətən!

Kim görmüşdü ala qarğa ley sərə,
Dərman yoxdu kəsdirdiyin qeysərə,
Yaşayırıq verə-verə peysərə,
Almadığın qisas haqqı, ay Vətən!

Ərəbdəyik, farsdayıq, rusdayıq,
Mustafanı deyəmmirik, mus-dayıq,
Biz yalandan and içməyə ustayıq,
Ya çox haqqı, ya az haqqı, ay Vətən!

Arxivində qalaq-qalaq paxırlar,
Bulaqların hansı səmtə axırlar?
Sənə sağmal inək kimi baxırlar,
Bax, bu adım Ayaz haqqı, ay Vətən!

Kəsilmədi Qarabağda kor düyün,
Başqa şeydi erməninin hürdüyü.
Qardaşımın Daşkəsəndə sürdüyü,
"Most"u qaçmış "KamAZ" haqqı, ay Vətən!

Torpaqların torba-torba daşındı,
Top yerinə təpiklənən başındı!
Məscidlərin pul qayıran maşındı,
Qiblə haqqı, namaz haqqı, ay Vətən!

Kökünədək qaşımaram, qazmaram,
Bir yol tapsam, boz dumanda azmaram,
Mən heç səni istəməsəm yazmaram,
Murov haqqı, Kəpəz haqqı, ay Vətən!

Hansı notun səadətin notudu,
Öydüklərin heç bir şeyin otudu,
Hacıların, mollaların lotudu,
Keşiş haqqı, papaz haqqı, ay Vətən!

Gədə-güdə nişan alır "taqq" səni,
Əzib keçib Araz boyda tank səni,
Minib çapır neçə-neçə bank səni,
Yediyimiz qapaz haqqı, ay Vətən!

Kəsmə barı umudunu tanrıdan,
Azdan-çoxdan odu bizi yarıdan,
Xoşaxoşnan donuz çıxmaz darıdan,
Oynadığın "topaz" haqqı, ay Vətən!

Bilirsənsə, öyrət bir çəm, axırda,
Necə çıxır cəm üstə cəm axırda,
Mən özümü öldürəcəm axırda,
Həzrət haqqı, Abbas haqqı, ay Vətən!

... Adam bu şeirdən sonra elə hey, elə hey, elə hey qışqırmaq istəyir, çağırmaq da yox e: ay Vətən!!! Sənin qulağın... eşitsin də bir, ay Vətən!!! sənin səsin... gəlsin də bir! və s. və s.

Hə, Ayazı oxuyanda fikirləşdiklərimdi:

- Ayazın şeirləri Söz süfrəmizin ən gözəl desertidi, Söz gözəllik yarışmasının ən incəbel, şuxsinə, əndamlı modelidi, həlim, şirin, dadlı, duzlu, turşməzə ənliyi-kirşanıdı, bütün içilə bilən və bilinməyən acıların "zakuska"sıdı!

Köntöy, pərpətöyün, latayır, həpəri, vurdumduymaz sözlərin şairi deyil!

Ayazı həm də ona görə çox istəyirəm ki... çığırqan deyil: çığırlanlıq cəsarəti, giley mərsiyəxanlığı, qeybət polemikası, məğlətə kompozisiyası, pərxaşlıq süjeti, mərdimazarlıq düyünü, peysərəvermə "razvyazka"sı onluq deyil!

İstənilən bir şeirinin üstündə cəsarətini də, mərdliyini də, şairliyini də, ləyaqətini də, döyüşünü də, mükafatını da, əqidəsini də görmək olur!

Kişi giley eləməz, kişi qeybət eləməz, şair heç etməməlidi - Ayaz Arabaçı deyir və yenə də deyir... Sözünü! Özü də hər gün! Özü də kişi kimi, özü də tülüngü və tullab kimi yox! Özü də monstr, komendant, nə bilm, bələdiyyə başqanı kimi yox! Özü də... KOMANDANTE kimi. İndi Ayaz neyləsin ki, Vətənin özünə söz deyirsən, tərpənmir, VƏTƏNin DAŞLARIndan nə qımıltı gözləyək ki?!

Ayaz da belə bədbəxtdi: daş kimi düşdüyü yerdə ağır oturub batman gətirən vətənin özüylə də, daşa dönmüş (vətən)daşlarıyla da bir məkanda yaşayıb ŞAİR olmaq qətlinə məhkum olunub! Allah ona bu istedadı ona görə verib ki, ARABAÇIsı olsun, bu leşi-meyiti düşüb qalmış vətənin, nəşini sürüb dartıb aparıb çatdırsın İlahinin Söz Dərgahına!

Ayazdı da, AYAZDI, AYAZLI havasıdı bu gözəlim vətənim, bu qurban olduğum Şeir Sözün!

Ayazın bir beytində bütün qatlara, kontingentlərə, durumlara cavab tapmaq olar və qələbə o bir beytdəki cəsarətdən keçir!

Bir şərtlə ki, hər bir azərbaycanlı - prezidenti erməniyə, rusa, ingilisə, prokuroru nazirə, rəisi icra başçısına, katibəsi müdirinə, şairi hakiminə, məhkumu müstəntiqinə, qəhbəsi oğraşına deyə bilsin:

Sənin o şir kimi öydüyün adam,
Mənim nəzərimdə tazı da deyil...

Belə şairi olan xalq da... bu gündə olarmı?

Vallah, dünyanın sivil ölkələrində 50 yaşda bu cür istedadlı oğullar (Ayaz həm yaxşı poliqrafçıdı, həm yaxşı qəzetçidi, həm yaxşı texnardı, həm yaxşı oğlandı, həm də...) 50 dəfə dünyanın 50

ölkəsində istirahət edib, gəzib-görüb, gəlib yazıb, yaradıb ömür sürür, Ayaz da 5 şeir kitabı ilə ac-susuz gəlib çıxıb 50 yaşa, hələ də... işsizdi!

Bu boyda istedad belə şeirmi yazmalıydı:

Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam?
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam?

Dağ çayı tək şaqraq, ana südü tək saf sözlərin xəzinəsindən incilər dürr olmaqdansa, zəhər kimi niyə muncuqlanmalıdı axı?

Niyə elə biz fəxr eləməliyik ki, Ayaz kişi adamdı, bu yoxluda, yoxsunluqda sınmadı, əyilmədi? Ay dədənin yurdu xaraba qalmasın, Ayaz bu savadla, bu istedadla bu dünyaya sınmamaq qabiliyyətini nümayiş etdirmək üçün gəlməmişdi axı, insan kimi yaşayıb, şair kimi kef görməliydi millətinə, dövlətinə gətirə biləcəyi şərəfdən-şöhrətdən, hansı ki, onu məhrum etmisiniz!

Mən də acığa Ayaz Arabaçının yaradıcılığının incəliklərini, fəlsəfi siqlətini, ədəbi-bədii məziyyətlərini çatdırmağı yox, kişiliyini üstün sayıb deyirəm:

- Ayaz kişi adamdı, Araz aşığındandı da, Kür də topuğundan... topuynan-topasıynan! Kef elə, mənim əziz şairim, Murad Köhnəqala demiş, "dərdlərin dalını dalıyox vedrə kimi təpiklə!"

Bu vətənə şair-mələk lazım deyil, korrupsionerliyi, rüşvətxorluğu bacaran iblis gərəkdi!

Başın sağ olsun, Vətən - Ayaz ARABAÇIn olmaqdan 1 il də qocaldı!

Aydın CANIYEV



Redaktorun seçimi