“Gözün aydın, oğlun şəhid oldu” deyən ata

Hit: 1088
“Gözün aydın, oğlun şəhid oldu” deyən ata

Bu gün oğlu Təbrizin şəhid olması xəbərini həyat yoldaşına, "Gözün aydın, oğlun şəhid oldu", sözləri ilə deyən istiqlal şairi Xəlil Rza Ulutürkün doğum günüdür.

Xəlil Rzanın oğlu Təbrizin dünyaya gəlişi münasibəti ilə yazdığı şeiri diqqətlə oxuyanda onun şəhid olacağını sezmək mümkündür. Bu, bir mistika olsa gərək.

Qoy sənə doğulan günəş deyim ki,
Nurunla açılan al səhərəm mən.
Yeddi il yol gələn, a mənim ilkim,
Gəldiyin yollara gül düzərəm mən.

Özüm də bilmirəm nə işdir bu iş,
Yerdənmi, göydənmi tapmışam səni.
Bəlkə də səni heç tale verməmiş,
Taleyin əlindən qapmışam səni.

Sən - bu gün sevincim, qanadım-qolum,
Dünən ürəyimə dağ olmusan sən.
Heç ana bətninə düşməmiş, oğlum.
Bu ata könlümdə doğulmusan sən.

Özün də bilmirsən öz qiymətini,
Döyüş səngərimsən, qalamsan mənim.
Bir evin qeyb olmuş səadətini
Min evə qaytaran balamsan mənim.

Ən böyük sevincsən, ən müqəddəs qəm,
Məni od içinə atan Təbrizim.
Üzünə baxanda balam deyirəm,
Adını çəkəndə - atam Təbrizim.

Mən səni görəndə çırpınır qəlbim,
Deyirlər naşıyam, görməmişəm mən.
Alıram boynuma niyə gizlədim,
Sənin tək səadət görməmişəm mən.

Anan süd veribdir fəqət mən sənə.
Köksümdə közərən odu vermişəm.
Seçib milyon-milyon adlar içindən,
Dünyada ən gözəl adı vermişəm.

Sən - oğul, sən - igid, sən - ər oğlu ər!
İftixarla daşı sən öz adını.
Məğribə, məşriqə, aləmə göstər
Alnında gizlənmiş istedadını.

Bir səhər, bir günəş var mənzilimdə,
Qoy dünyalar bilsin nəçisən, kimsən.
Kiçik mənzilimdə, dar mənzilimdə
Sən ucsuz-bucaqsız məmləkətimsən.

Ey bala Təbrizim, gün o gün olsun
Ana Təbrizimə mən azad deyim,
Ustad Şəhriyarla görüşün olsun.
Təbrizi Təbrizə qol-qanad deyim.

Arzular könlümdə çeşmə-çeşmədir,
Arzular qoynunda boy atmış könül.
Səni arzum üçün, amalım üçün,
Səni döyüş üçün yaratmış könül.

Atanın ömrünə oğul yaraşıq,
Qoy bir nəfəs alım daha dərindən.
Mən öz Təbrizimlə bu gün yanaşı
Keçirəm Bakımın küçələrindən.

Bu gün yağış yağır... Qorxma yağışdan!
Tufanda, şimşəkdə bərkisin canın.
Sən mənim balamsan, mən sənin atan
Biz bir cüt oğluyuq Azərbaycanın...









Redaktorun seçimi