Üçrəngli bayrağınla məsud yaşa - Azərbaycan şeirləri

140 dəfə oxunub
Üçrəngli bayrağınla məsud yaşa - Azərbaycan şeirləri

Bu gün,18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür.
Faktor.az bu münasibətlə görkəmli Azərbaycan şairlərinin Azərbaycan şeirlərini təqdim edir:

 

 

Əhməd CAVAD

Azərbaycan

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

 

Səməd VURĞUN

Azərbaycan

El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən, 
Anam doğma vətənimsən! 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana, 
Odur ki, bağlıyam sana, 
Hanki səmtə, hanki yana 
Hey uçsam da yuvam sənsən, 
Elim, günüm, obam sənsən!

Çox keçmişəm bu dağlardan, 
Durna gözlü bulaqlardan! 
Eşitmişəm uzaqlardan 
Sakit axan arazları, 
Sınamışam dostu, yarı…

Fəqət səndən gen düşəndə, 
Ayrılıq məndən düşəndə, 
Saçlarıma dən düşəndə. 
Boğar aylar, illər məni, 
Qınamasın ellər məni. 

Dağlarının başı qardır, 
Ağ örpəyin buludlardır. 
Böyük bir keçmişin vardır. 
Bilinməyir yaşın sənin, 
Nələr çəkmiş başın sənin. 

Düşdün uğursuz dillərə, 
Nəs aylara, nəs illərə. 
Nəsillərdən nəsillərə, 
Keçən bir şöhrətin vardır. 
Oğlun, qızın bəxtiyardır… 

Hey baxıram bu düzlərə, 
Ala gözlü gündüzlərə. 
Qara xal ağ üzlərə, 
Könül istər şeir yaza; 
Gəncləşirəm yaza-yaza… 

Ölməz könül, ölməz əsər, 
Nizamilər, Fizulilər 
Əlin qələm, sinəm dəftər, 
De gəlsin hər nəyin vardır. 
Deyilən söz yadigardır.

 

Məhəmmədhüseyn ŞƏHRİYAR

Azərbaycan

Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyuram başımı ayaqlarına,
Ey ana torpağım, ey Azərbaycan!

Üstünə atəşlər yağan torpağım,
Məhəbbət ocağım, ülfət ocağım.
Ey mənim hamıya bar verən bağım,
Ah çəkmə, buludlar yanar ahından.

Ey çörək yerinə yaralar yeyən,
Al-əlvan yerinə qaralar geyən,
Anam, mehribanım, söylə, nə zaman
Qandal açılacaq əl-ayağından?

Tarix az görməyib quduranları,
Qanlını qan tutar, qandır onları.
Ey mənim xalqımın vüqarlı qartalı,
Enmə öz zirvənin ucalığından,
Ey ana torpağım, ey Azərbaycanım!

 

 
Almas İLDIRIM
 
Əsir Azərbaycanım
 
Hanı məni göl qoynunda doğuran, 
Xəmirimi göz yaşıyla yoğuran, 
Beşiyimdə “layla balam” çağıran… 
Azərbaycan, mənim baxtsız anam oy… 
Neçə ildir həsrətinlə yanam oy…
 
Xəbər alsam, Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adın dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy,
Ölməz eşqim, içimdəki dərdim oy!..
 
Salam desəm, rüzgar alıb götürsə, 
Ağrı dağından Alagözə ötürsə, 
Gur səsimi göy Xəzərə yetirsə, 
Xəzər coşub zəncirini qırsa oy… 
Hökm etsə, bu sərsəm gediş dursa oy…
 
Könlümə tək Kə’bə etdim səni mən, 
Sənsiz neylim qürbət eldə günü mən, 
Sənsiz neylim Allahı mən, dini mən… 
Azərbaycan, mənim tacım, taxtım oy… 
Oyanmazmı kor olası baxtım oy…
 
 
 
Bəxtiyar VAHABZADƏ

Azərbaycan

Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.

Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizim babaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.

Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.

Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,
Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.
Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,
Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.
 
 
 
Məmməd ARAZ

Azərbaycan-dünyam mənim

Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.

İllər olub – kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.

Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
 
 
 
Tofiq BAYRAM

Azərbaycan deyəndə

Vətən mənim bu günüm, 
Sabahkı toy-düyünüm. 
Haqqım var ki, öyünüm 
Azərbaycan deyəndə. 
Ürəklərdə döyünüm, 
Azərbaycan deyəndə. 

“Hər ölkəyə, hər elə, 
Olsun hörmət”, deyirəm. 
“Vətənindir, vətənin, 
İlk məhəbbət”, deyirəm. 
“Onun şöhrət tacıdır, 
Şe’r-sənət” deyirəm. 
Mən vətənə, “Füzuli, 
Abbas Səhhət” deyirəm! 
Mən vətənə, “Sabiri 
Doğan qeyrət”, deyirəm! 
Mən vətənə, “Üzeyir, 
Müşfiq, Səməd”, deyirəm! 
“Günəş kimi müqəddəs 
Bir həqiqət”, deyirəm, 
Azərbaycan deyəndə. 

“Dünya məni dinləsin, 
– Diqqət, diqqət!”, 
deyirəm. 
Azərbaycan deyəndə!
Azərbaycan deyəndə, 
Ləpələr şairləşir. 
Anaların bətnində, 
Qara gözlü körpələr 
Pələngləşir şirləşir. 
Azərbaycan deyəndə, 
Müdrik qocalar kimi 
Dağlar da fikirləşir. 

Azərbaycan deyəndə
“Haralısan?” sualı, 
Verənlərə ar olur. 
Qeyrətlilər birləşir, 
Qeyrətsizlər xar olur 
Azərbaycan deyəndə! 
Dostdan sovqat, muştuluq, 
Düşməndən bac alaram, 
Azərbaycan deyəndə! 
İşıq sütunu kimi 
Sabaha ucalaram, 
Azərbaycan deyəndə! 

Körpüləri, səddləri 
Sinəmlə parçalaram. 
Sərhəd məftillərində, 
Bu kobud əllərimlə 
Bir muğamat çalaram, 
Azərbaycan deyəndə!

Azərbaycan! – Bu nida 
Qayaları silkələr. 
Sal daşların köksündə 
Çiçək bitər, gül bitər. 
Azərbaycan deyəndə, 
Təbim coşar, sel gələr, 
Sanma şöhrət pərdəsi, 
Ürəyimi kölgələr, 
Azərbaycan deyəndə. 
Gözümdə doğmalaşar 
Bütün xalqlar, ölkələr, 
Azərbaycan deyəndə!
 
Hazırladı: Tural Adışirin



Redaktorun seçimi