Mən zalım adamam, kamança - Vaqif Bayatlı Odər - 70

Hit: 5010
Mən zalım adamam, kamança - Vaqif Bayatlı Odər - 70

Faktor.az Azərbaycanın böyük şairi Vaqif Bayatlı Odərin 70 illiyi  münasibətlə şairin seçmə şeirlərini oxuculara təqdim edir:

* * *
Səni niyə belə sevdim, 
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Yupyumru eşq ilə

Sevir kimsə kimsəni, 
Bir kimsənin üstünə
gəl, mən də sevim səni
yupyumuru,yepyeni bir eşq ilə
yenə sənin üstünə.

Gör, sevgi üstə sevgimi
eşq eşqdən baş alan kimi,
eşq eşqi daşıran kimi,
Allah da aşıran kimi
hər ləçəyi ləçəyin,
gülü gülün üstünə,
göyü göyün, ayı ayın,
günü günün üstünə.

Gör, quş quşa şığıyantək,
gül gülə sığınantək,
son nəğmə oxunantək
ilk nəğmənin üstünə.

Gör, ikiqat sevgidən,
ikiqat eşqdən bu naşı da dəm,
gözünün yaşı da dəm,
ha içər yenə də kəm
qəmi dəmin üstünə,
dəmi qəmin üstünə.

Səni sevmək istəyirəm

Dünyanın ən güclü adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
İstəmirəm bir kimsə
mənimlə qorxuda bir kimsəni.

Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı,pəncərəsi açıq
üzü-gözü gülən bir alaçıq!

Mən səni, mən səni
Dünyada hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki ancaq yalandan sevənlər
hamıdan çox sevirlər.

Mən səni sakitcə, yavaşca
sevmək istəyirəm.
Sevmək istəyirəm Tanrıdan yazılantək,
Bir balaca quş
Öz balaca yuvasının
küncünə qısılantək



***
Səni sevən ölüm kimi,
Səni candan ata bilməz.
Səni sevən vətən bilməz,
Ana bilməz, ata bilməz.

Səni sevmək təhlükəli,
Səni sevib, sevib təkcə,
Yaşamaq da mümkün deyil,
Səni sevib ölmədikcə.

Bəlkə bir gün, bəlkə min il,
Sevgiyə azadlıq gərək.
Heç Allah da azad deyil,
Sən azad olduğuntək.

İnsan sevməz min illərcə,
İnsan bu gün, sabah sevər.
Sən istəyən, sən sevəntək,
Bəlkə, ancaq Allah sevər.



***
Qara qız ol, qara torpaq,
ol dəlin olum sənin.
Gir qoynuma, tək məni sev,
Son sevgilin olum sənin.

Gir qoynuma, dol canıma,
Tapmasın heç bir ölkə,
Heç bir ölüm, din səni.
Gecə-gündüz öpə-öpə,
Sən cücərdən güldən gözəl,
Canımdan cücərdim səni,

Bir də tökülmə gözümə,
Tökülmə üstümə bir də,
Qara qız ol, qara torpaq,
Qara qız ol,
Elə sevim ki, səni,
Heç kimi istəmə bir də.



***
Sevdim Allaha bənzədim,
Öldüm, sevgimi bəzədim,
Mən səni min il gözlədim,
Sevdim keçdim təzə minə.

Kim sevmirsə, demək gülmür,
Sevib gül olmayıb hələ,
Bəlkə Allah görmür onu,
Bəlkə doğulmayıb hələ.

Ancaq eşqdən bir dünyayçün
Ölümü də sevib ötdüm,
Ölümüm də döndü gülə,
Hər iki dünya! Mən getdim
Xoşca qalın! Gülə-gülə!



* * *
Xan ceyranın qaçışında,
Ən şahanə uçuşunda,
Ya alnında,ya döşündə,
Bir ox yeri var,yeri var.

Düşməzsən şahlıq atından,
Göyün yeddinci qatından,
Hər bəyaz telin altında,
Bir ah yeri var,yeri var.

Ən kimsəsiz küçə sənin,
Küçə sənin,gecə mənim,
Sən bağlayan pəncərənin ,
Bir dön bəri bax yeri var.

Mən zalım adamam,kamança

Qardaşım ağaclar, bacım çiçəklər,
bir də söz tutdu sizi,
söz tutdu, sevda qurutdu,
üz tutub yüyürməyin mənə sarı,
bağlanıb gözümün
yaş qapaqları.

Dünyanın bəla qapıları
qala qapıları, daş qapıları,
yetim qapıları, boş qapıları
bağlanıb könlümə, bağlanıb
bağlanıb gözümün yaş qapaqları
Mən söz bəlasıyam,
zalım tifili.

Sürüşüb alnımdan tanrının əli
daha sən də
sən də ağladammazsan məni
mən zalım adamam, kamança.

Bir qızın telləri əsdi üzümə

Gizlicə-gizlicə gəldi buludlar,
Gizlicə-gizlicə döndü ümidlər,
İndiki buludlar beləcə gəlmir,
İndiki yağışlar beləcə yağmır.
İllərin o başından
bir qız yaylığı üstdə
bir ipək xatirə döndü qəlbimə,
bir qızın telləri əsdi üzümə.

Gülüm yağış! Çiçəyim yağış!
O ipək illərdən,
atlaz günlərdən,
Gilənar göylərdən dolan yağışım,
yollarda yorulub
gözümdə, könlümdə qalan yağışım,
bir çinar üstündə
qoyub gəlmişdim səni,
çinarın altında bir gilənar qız.
İndiki yağışlar beləcə yağmır...
Bu gilənar yağış
mənim qəsdimə yağır,
O dost çinarın üstündən yağır,
On ildən, beş ildən, dünəndən yağır,
bütün sevgilərin
dönən yerindən yağır.
Bəlkə də, bəlkə də lal məhəbbətlərin
dinən yerindən yağır.

İllərin altında solmaz o tellər,
Hər bulud lələyi ümidlə gələr,
O barlı illərin sevgisi qızlar
Bir də gilə-gilə qızardı bəlkə...

Bir də kimsəni sevməyəcəyəm

Bir də kimsəni sevməyəcəyəm
Bu gecə nədəndir hamıdan qabaq
ağrıyan, qəlbimə yanıram dostlar,
Bir də sevda nədi, bilməyəcəyəm,
Bir də bir kimsəni sevməyəcəyəm.

Bir də bu dünyada eşqdən yazmağa,
Gecələr azmağa daha halım yox.
Bu xan oğlanlara, xanım qızlara
Qara sevda nədi, bir sualım yox.

Getdi gözlərimdən bir dəvə kini,
Getdi qollarımdan küçə davası.
Bahar ağaclardan çəkilən kimi.
Çəkildi başımdan gənclik havası.

Könlüm dəliliyi unutdu çoxdan,
Axır ki, ağlımın səsinə uydum.
Qonur gözlərimdə yorğunluq – haqdan,
doydum küçələrdən, yollardan doydum.

Bir də sevda nədi, bilməyəcəyəm,
Bir də kimsəni sevməyəcəyəm.


***
Bir ocaq başında yarıyuxulu
Analar qısılıb böyür-böyürə,
Qalıb balalara dünyanın çoxu.
Hərənin sözündən bir şey qanılar
Biri balasını tərifləyəndə -
Yana baxa-baxa susub qalanlar
Ağlayar üzünün bir tərəfində,

Göydən dillənən yox, göydən baxan yox,
Taleyin sonunda donub gözləri
Başını qaldırıb göyə baxan yox,
Böyük Göyüzündən küsüb üzləri.

Allahdan, bəndədən qaçıb gizlicə
Ağlayar analar hey için-için.
Ağlamaqdan asan dünyada nə var
Ağ telli, ağ üzlü analar üçün?!

… Nəyə lazımıdı bu boyda dünya
Çoxda ki, ocaqlar his eləyirdi?
Fağır analara, gül balalara
Bu ocaq yanı da bəs eləyirdi...

Sevgidən dəli olmağa bu dünyada eşq azımış

Ay ürək, ay baş, ay bədən,
əl çəkin, əl çəkin, məndən,
ancaq canım açanda,
canım uçanda bilirəm

siz varsınız,
bu göy, göyüzü deyilən
qəfəs sizdən yaxşıdı,
siz göydən də,
göyüzündən də darsınız.

Ancaq bu can açanda,
bu can uçanda bilirəm
nə qış qış, nə də yaz yazmış,
sevgidən dəli olmağa
bu dünyada
eşq də, dəlilik də azımış.

Çıxıb gedirəm, gedirəm,
Bu göyüzünün altında
Sevmədiyim bir tikan,
Bir gül qoymaya-qoymaya,
gedirəm, gedirəm,
daha eşqli bir dünyaya,
bu dünyada eşq tikanından da,
gülündən də doymaya-doymaya.



***
Hər şair elə bilir
dünyanın son şeirini
o yazacaq, o ancaq,
bu dünyada şeir də, söz də
onunla qurtaracaq.

Bəlkə bundadı ləzzəti
elə şeir yazmağın da,
bu böyüklükdə dünyanı,
bu balaca külünglə -
bu qələmlə qazmağın da.

Mən də hər an bir daha
ruh kimi uçub Allaha,
söz kimi görünüb gözə,
yoxladım dünyanın sözə,
sözün dünyaya tabını,
beləcə batıb günaha

mən də, mən də yazıb getdim
dünyanın son kitabını.

Elə dünyadan qurtarcaq
anladım insan alnına
tale, alın yazısı yox,
şeir yazır Allah ancaq,
anladım bu dünyada
ən son şeir Tanrı şeiri,
ən son kitab
Tanrı kitabı olacaq.

Anladım, Tanrım, anladım,
alınmaz sənin üçün
Şeirin ən gözəl görünən,
ən gözəl yazılan yeri,
qələmin quş kimi süzən,
min naz ilə gəzən yeri,
xəttin eşqdən süzülən,
eşqdən nazilən yeri.

Anladım biz hamımız
bir tək ələ,
bir tək qələmə tabeyik,
bütün alınlar yan-yana
allahın şer kitabıyıq.

Hər şairin şeiri də
Tanrı şeiri içində
yazı içində yazı,
can içində can kimi,
qəfil güllədən sıçrayıb
ən uzaq ulduza qonan
yaralı ceyran kimi.

CƏBRAYIL









Redaktorun seçimi