Dünya sənin, dünya mənim, dünya heç kimin - MƏMMƏD ARAZ - 85

Hit: 1520
Dünya sənin, dünya mənim, dünya heç kimin - MƏMMƏD ARAZ - 85

Faktor.az Azərbaycanın görkəmli Xalq şairi Məmməd Arazın
85 illiyi münasibətilə seçmə şeirlərini oxuculara təqdim edir:


DÜNYA SƏNİN, DÜNYA MƏNİM...

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidirsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Bu get-gəllər bazarma dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qoh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yelən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata gükildim...
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin... 

BELƏ DÜNYANIN

Mikayıl Müşfiqin xatirəsinə

Söz verdim, söz adlı dəfinə verə,
Tək bircə ölümsüz qərinə verə.
Umdum nə verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?

İtirib özündə özünü dünya,
Toyların, yasların özülü dünya...
Əlim ətəyindən üzülü dünya...
Mən belə dünyanın nəyindən küsüm?

Ömrünə vay salar, vaydan utanmaz,
Saç yolub-hay salar,
Haydan utanmaz,
Günəşdən utanmaz, Aydan utanmaz,
Mən belə dünyanın nəyindən küsüm?

Çaydı dəhnəsində xırsız əjdaha,
Gecəsi salamat çıxmaz sabaha.
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?

Dağ olsan, istəsə qolunda saxlar,
Büküb bir hörümçək torunda saxlar,
Yüz illik odunu qorunda saxlar,
Mən belə dünyanın nəyindən küsüm?

Bir gözü işıqdı,
Bir gözü buzdu,
Məkrli qadındı, gülçöhrə qızdı,
Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...
Mən belə dünyanın nəyindən küsüm?

Ayağı altına yastıq qoyanlar,
Başının altına qumbara qoydu!
Nadanlar dünyanı qumara qoydu!
Mən belə dünyanın nəyindən küsüm?

Olsan öz haqqının köləsi belə,
Əri öz içində, öləzi belə,
Ondan inciyənin beləsi belə...
Mən belə dünyanın nəyindən küsüm?

AYAĞA DUR, AZƏRBAYCAN!

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi belə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
Bu, Şehriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağı!
Azərbaycan, Azərbaycan,nı
Azərbaycan bayrağını! Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən oğlu,
ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə. 
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar-mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüyə gömülməzlər.
Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni
xilas edim.
Neçə "səni", neçə "məni" xilas edim.
Səninləyəm, Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan,
rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya birmərrə yatırt bizi, Ya birmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan, Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!

HAQQIN YOXDU, HAQQIN VAR...

Çox oldu ürəyimi diqtəsinə baxmadın,
İlğımlar qova-qova yulğunlar qucaqladın,
Sən ağlından qəlbinə gedən yolu bağladın.
Haqqın yox, Məmməd Araz,
Haqqın yox yaşamağa!

Boğazına sarınan ilanı tumarladın,
Qazancın bu oldu ki, mülayim oldu adın.
Haqq yolu göstərdiyin haqqını qamarladı,
Haqqın yox, Məmməd Araz,
Haqqın yox yaşamağa!

Sən məqamı gələndə Araza bənd olansan,
Hər sözün işığında göyə bülənd olansan,
Sən arzuya bələdçi, şərə kəmənd olansan,
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa!

Budaqda qarğa dördgöz, marıqda qırğı -
quldur,
Qasırğa hədəfində qumru yuvası qurdun.
Kirpiyinin ucuna qonub, ötürsə qur-qur:
Haqqın yox, Məmməd Araz,
Haqqın yox yaşamağa!

Şəkərini zəhərə alanların çoxu sağ,
Üzüntülü ömürdən çox uzaqsan, çox uzaq.
İydə dənəsi boyda qurğuşuna əl uzat...
Bu haqdı, Məmməd Araz,
Haqqın yox yaşamağa!

Çox tozanaq atlını təmkin atınla keçdin,
Sel boğan dərələri bir mərd qadınla keçdın.
Bütün keçilməzliyi, Vətən, adınla keçdim...
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa!

UNUT MƏNİ

Dilim dinməz, kirpıklərim səs elər,
Necə xoşdu - ürəyimi kəs elə...
Qalan ömrə yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.

Enişi qar, yoxuşu qar bu yolun,
Yad nəfəsdən buz qayası su olu...
Yalan yolu beş addımlıq su yolu,
Aldat məni, unut məni, at məni.

Sən ömrünün atəşində yananda,
Kölgəndən də gərəksizdim yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.

Gözdən gözə körpü salmaq nər işdi,
Baxışların meylini tez dəyişdi.
Təzə addım özü təzə döyüşdü,
Aldat məni, unut məni, at məni.

Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasına nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük...
Unut məni, aldat məni, at məni.

SƏN MƏNİ SEVSƏYDİN...

Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.

Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları bəlkə,
Təzə haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.

Bizim başımıza hey ələnərdi
Alqışlar. təbriklər, dualar-bizim.
Bizim bəxtimizə səpələnərdi
Ən duru, ən təmiz şüalar-bizim. 

Ləpələr göz alıb baxar dənizdən,
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri baxmağa həsrət çəkərdi.

Dedim ki, göyərər bir Leyli pöhrə,
Məcnun bir səhərin gözündə gələr.
Saçını tor elər sahildə Zöhrə,
Tahir ləpələrin üzündə gələr.

Sən məni sevsəydin... sevsəydin əgər...
Kim olub bəxtiyar quru ad ilə.
Həyatda “ürəkləş”, “sevləş” demirlər,
Ayaqlaş deyirlər bu həyat ilə.

SALAMAT QAL

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? –
Leysan, salamat qal, yağ, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!

Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan, salamat qal, ax - salamat qal!

Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən –
Çoban, salamat qal, sağ-salamat qal!

ANA YAŞI

Daha gəlməyəcək anamın səsi,
Mənə de taleyin yumruğu dəydi.
Düzü acığıma gəlir: bəzisi
Soruşur mərhumun yaşı neçəydi?

- Bilmirəm... düşmüşdü saçlarına dən. ...
Dolaşır sualla cavab başımda.
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm ana yaşında...

VƏSİYYƏT

Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara cilddə.
Tünd-qara.
Qoy qara kağızım olsun
O kitab dostlara, tanışlara.
Mən o rəngi sevərdim;
Boynu bükülü dərdim,
Pardaxlı sevincim
O rəngdə geyinərdi,
Mən o rəngi sevərdim.
O rəngdəydi varaqlarda
Fikrimin yazı geyimi...
O rəngə hörmətimdir,
Şəvəgözlülər, qarabuğdayılar.
O rəngli kirpiklərin kölgəsində
Əksım yaşardı.
O rəngin bir ev dolusunda
Vəslim yaşardı.
O rəngin ən durusu,
Safıdır
Məni oxşayan ağılar.
Qızlarımın gözündə
O rəngin özü ağlar.
Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra,
Tünd-qara.
Fəqət soy-adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim,
Qoy mən
Qara torpaq üstündə
Üftiqə doğru gedən
Ağ yola bənzəyim.

MƏNDƏN ÖTDÜ,
QARDAŞIMA DƏYDİ...


Bəxtiyar Vahabzadəyə

Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Küləkləşən, dumanlaşan ruhumla sən
Ayağa dur, səninləyəm!
Səs geməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə son: -
Sənə gələn, səndən
Ötən
Nəydi belə? -
Səndən ötüb qardaşına dəydi belə?
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin
Beş qardaşın xanlığına parçalandı'?
O zamanmı bitdi bizim
dilimizin
"sənin", "mənim" qabarı da?
O zamanmı bitdi bizim
dilimizin
"haralısan" damarı da?..
Səninləyəm, ulu babam!
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi
Ataların imzasını
Çokıb, ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram.
Ruhunuzu qıyma-qıyma doğrayaram,
Qara Çoban,
Dəli Domrul. 
Ey Xan Eyvaz,
Giziroğlu Mustafabəy,
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!
Sonra, sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi.
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi.
Məndən ötdü!...
Məndən ötdü!..
Sevincə bax, qeyrətə bax!
Bunu yazan xilqətə bax!
Məndən Ötdü!..
Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sirdaşına ötürən kəs
Elə bli ki, bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna
qəh-qəh çəkdi.
Sonra, sonra
Səhərəcən başına yüz qədəh çəkdi.
O qəhqəhin dalğasından,
O məstliyin baş fırladan
Havasından
qopan daşdı –
Azərbaycan torpağında
Araz boyda şırım açdı.
Məndən ötdü...
Bunu dedi Şəki xanı,
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrabim xan,
Fətəli xan, Kəlbəli xan...
Qəza ötsün məndən, - dedi,
Ötən kimi "mən-mən" dedi:
"Mən-mən" dedi bir ölkədə
nə qədər xan.
Onlar "mən-mən" deyən yerdə
Sən olmadın, Azərbaycan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular.
Səni səndə ələdilər,
Səni səndə üyütdülər.
Dibək oldun öz duzunla,
öz daşınla.
Ögey oldun
doğma, əkiz qardaşmla –
Məndən ötdü deyənlərin qeyrətindən,
Namusunu yeyənlərin qeyrətindən!
Məndən ötdü...
Məndən ötdü!
Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Ayağa dur!
Dəfn etdiyim məsəlinin
Baş daşına
Bir təəssüf xatirəsi yazıb, yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi.

AZƏRBAYCAN - DÜNYAM MƏNİM

Azərbaycan - qayalarda
bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.
Azərbaycan - mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan!" - deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi
Gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu,
dan ulduzu gözəlləridir.
İllər olub - kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə,
buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin
ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.
Azərbaycan - mayası nur,
qayəsi nurki..
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan!" - deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

YAŞAYIR

Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində,
sən kiminin...
Şöhrətini yaşadan az yaşayır.

Bu gileydən qəlbim yaman xallanır;
"Çox ünvanda qaçaq tərif yallanır".
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.

İNSAN QAYALAR

("Vətən qayaları,
Vətən daşları" silsiləsindən)

Bir qayaya söykənmişəm,
Deyirəm kaş:
Bax beləcə daşa dönəm
yavaş-yavaş.
Taleyimi qayaların taleyinə
bağlayam mən.
Bircə insan düşüncəmi saxlayam mən.
Daş ayaqlı, daş əlli bir insan kimi
Enib daşdan-daşa düşam,
Qayaların lal dilini başa düşəm.
Onların daş qulağına bir daş atam,
Qayaların keçmişini
qayalara xatırladam,
Deyəm: Bir vaxt insan oğlu
insan olub bu qayalar.
İnsanların nərəsindən
doğulub bu qayalar.
Nər igidlər düşmən üstə gedən zaman
Babalar da baş qaldırıb yer altından,
Qaya kimi, -
dayaq olub, yumruq olub,
ox olublar.
Qayadöşlü qəhrəmanlar
qayalıqda yox olublar,
Bu torpağın taleyində o da elə
bir gün idi,
İgidlərin yaşaması daş olmaqla mümkün idi.
Yoxsa onun qismətinə hardan düşə
bu qədər daş!
Danış görüm, a daş qardaş!
Siz nənəmin bacılığı,
Siz babamın qardaşlığı,
Təbiətin səpdiyi bir
zəmi sanım
Bəlkə elə bu daşlığı!
Siz ey qədim əfsanələr,
Şerimə yağ, səsimə yağ!
Nə zamansa bu daşlarla
bir dil tapan tapılacaq –
Bu daşların, qayaların
keçmişini oyadacaq,
Ordu-ordu qayalıqlar
insanlığa qayıdacaq.
Bu basılmaz nərlər-ərlər,
Bu qaya sərkərdələr
Onda məni - bir balaca daş əsgəri
qoyar yəqin qoşulmağa bu cərgəyə,
Qayaların keçmişini
qayalara yazdım, deyə.
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı...

NƏ BİLİM...

Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, nə bilim?
Çətin bir də: daş üstə daş bitirəm,
Niyə uçdu bu qalaçiq, nə bilim...

Damağımda bal sevdanın turş adı...
Uşaq ağlım inadım qurşadı.
Nə hönkürdü bu naqafil gurşadı?
Kimə dedim, - dedi, - ancaq: "nə bilim!"

Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günün güllərimi qurutdu.
Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?..

Mən Arazam, səsim tutqun Arazdı,
Ha çağırdım, ha yüyürdüm, ha yazdım.
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bir od-ocaq, nə bilim...

VƏTƏN MƏNƏ OĞUL DESƏ

Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara yumruq düyüb, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.

Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.

O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış; çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım...

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim
Xəzanımdır, xazanımdır, xəzanım.

Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.

YAŞADIM

Öz ömrümü şum elədi üz əlim,
Yazında gül, payızında xəzəlim.
Gündoğandan günbatana mənzilim...
Bu da belə bir ömürdü, yaşadım.

Zarımağa ömür deyib ağlama,
Hər ölümə ölüm deyib ağlama,
Tale döyüb, haqlı döyüb, ağlama,
Bu da belə bir ömürdü, yaşadım.

Oğlun yoxdu - sonun yoxdu, dedilər,
Sağın yoxdu, solun yoxdu, dedilər,
Odun boyda suyun yoxdu, dedilər,
Bu da belə bir ömürdü, yaşadım.

Gah özümü özüm qovdum, yoruldum,
Öz diqtəmin buyruğuna qul oldum.
Vətən göyü göylüyündə duruldum,
Bu da belə bir ömürdü, yaşadım.

Zirvədəki əl çatmayan qala mən.
Ətəkdəki sinə - cığır tala mən.
Xudafərin harayından qalan mən...
Bu da belə bir ömürdü, yaşadım.

Ocaq oldum, ocaq daşı olmadım,
Hər çalaya axan naşı olmadım,
Arazımla yol yoldaşı olmadım,
Bu da belə bir ömürdü, yaşadım.

YAZI MASAMA

Biz iki ocaq kimi
Sinə-sinəyə yandıq.
Odumuz öpüşəndə
Közümüzə inandıq.

Dərd eləmə, desəm ki:
Yazı masam, ölürəm!
Ölə-ölə yazmıram:
Yaza-yaza ölürəm...

DÜNYA BÖYÜK,ÖMÜR YOLU BİR ADDIM

Dünya böyük, ömür yolu bir addım,
Bir balaca eşq adası yaratdım.
Bir uçrumdan fırtınaya tor atdım,
Bu cürəti görən, duyan olmadı,
Səndən mənə gün ağlayan olmadı.

Sığalım görsə idi kəhərim
Yarıyolda büdrərdimi hünərim?
Göz yaşından nə barlanım, nə dərim...
Günün mənə gün bağlayan olmadı,
Səndən mənə gün ağlayan olmadı.

Taleyinin hökmü oldu, nə deyim,
Tez doğuldum, gec doğuldun, nə deyim.
Zaman keçdi, yaşa doldum, nə deyim...
Cavanlıqdan od saxlayan olmadım,
Səndən mənə gün ağlayan olmadı.

İki çırpı bir ocaqda gün ağlar,
Od səngiyər, köz sızıldar, kül ağlar.
Yaş ötəndə yada düşər günahlar:
Kim yıxıldı, kim haqlayan olmadı,
Kimdən kimə gün ağlayan olmadı...

ÖLÜM QORXUR QƏLƏMDƏN

Qələm mənim yol yoldaşım,
Qələm mənim oxum, nizəm.
Qələm mənim söz qardaşım,
Qələm mənim mübarizəm.

Qələmimdən gen düşəndə
Öz-özümə yaslanıram,
Öz-özümə əzilirəm,
Köhnəlirəm, paslanıram.

Masam üstdə yallı tutan
Giley olur, qeybət olur,
Göz oxşayan gözəlliyə
Gözəyarı qiymət olur.

Qələm mənə - dağlara çıx,
Buludlara dırman, deyir.
Yamanlığın ağzına sən
Qaya kimi yaman, deyir.

Qələmimlə dil tapanda
Yön alıram gündoğana,
Bu məqamda ölüm istər
Yeri dana, göyü dana.

Qələm ucu top gülləsi,
Qəm sarayı yıxır qələm.
Gülləsini düz ölümün
Gözlərinə sıxır qələm.

Ey qələmiın, qəhr olundu
Çox imkanım, çox inadım.
Hikmətini gec anladım,
Qüdrətinə gec inandım...

QIZLAR

Eşqiniz olmasın çürük sap kimi,
Əllərdə gəzməyin bir kitab kimi.
Kimisə məst edən al şərab kimi
Axıb hər badəyə dolmayın, qızlar!

Oynar qəhqəhəniz şimşəklər kimi,
Ünvansız olmayın küləklər kimi.
Qar altından çıxan çiçəklər kimi
Vədəsiz göyərib solmayın, qızlar!

Siz bir qayıqsınız, tale dənizdir:
O bəzən bulanıq, bəzən təmizdir.
Tale ağlmızdır, düşüncənizdir,
Taleyin qayığı olmayın, qızlar!

MƏNƏ BİGANƏLİK ÖYRƏT, ÜRƏYİM!

Mənə biganəlik öyrət, ürəyim!
Qıvrılım içimdə,
Yatım içimdə.
Yaxşını yamandan seçə bilmoyim,
Büdrəyira, yıxılım, batım içimdə.

Bir gündə ütsələr meşəni, yolub,
Yıxıb – sürüsələr dağları, susum.
İçib məst olmasam, baxıb məst oluın,
Desələr bulağa şərabdır bu su.

Sapanda güc olum, daşa ağırlıq
Tənha ulduzlara daş atan olsa,
Deyim "xəlbirlənən" daş qumdur artıq –
Yetimi, yesiri yaşadan olsa.

Heç üzü qaraya üzüm gülmədi
Sən ki, tanıyırsan, ey ürək, kiməm!
Pərvanə olanda o kəs bilmədi,
Biganə olanda biləcək kiməm!

Bir az da ölümü yandırsın ahım,
Düz olum, bilməyim düz olmaq nədi,
Satanın nəyinə gərəkdir axı
İynə olmaq nədi? Biz olmaq nədi?

Oba yerlərinə baxıb ağlayım,
Tüstüsüz ocaqdan nə pay, nə umu.
Odunu nə vaxtdan qara bağlayıb,
Alovu nə vaxtdan ağzını yumub.

Quruya yaş olmaq hünərdi bəzən,
Bəzən də bu hünər girovdu nahaq.
Səni sinələrdən çox asmışam mən,
Bəs səni sinəmə kim qaytaracaq? 

Elə daldalan;m alqış zalında,
Xəbərim olmasın alqışlayandan.
Xəbərim olmasın haqqı yanandan,
Xəbərim olmasın haqqı danandan.

Çəkim qoltuğuma qulaqlarımı,
Bilməyim göy payı, yağışdı, qardı.
Bilməyim sel çəksə ayaqlarımdan
Sel kötük apardı, insan apardı...

Ürəyim, öz dərdim özümdən ağır
Hər hökmün andınla üz-üzə durur.
Ölü sağlığımın sayıqlamağı,
Diri mərhumluğun çağrışı budur...
Mənə biganəlik öyrət, ürəyim...

DÜNYA DÜZƏLMİR

Böyük Mirzə Cəlilə

Ömür də tükənir, söz də tükənir,
Başımın altından yastıq da qaçır.
Əllərdir uçuran, əllər tikəni,
Çölümdən yaz qaçır, yazlıq da qaçır,
Dünya düzəlmir ki, düzəlmir, baba!

Kimdənsə tez durub kimin uşağı
İtinə daş atıb beş yüz il qabaq.
Kimin dəyirmanı, kimdən aşağı...
Bunları yerində kim oturdacaq?!
Dünya düzəlmir ki, düzəlmir, baba!

Tərəfsiz tərəfdə düz oğlu düzlər!
Tərəfgir tərəfdə silah, qan-qada!
Çayını itirən mavi dənizlər
Çırpınıb, boğulur göz qabağında.
Dünya düzəlmir ki, düzəlmir, baba!

Kiminsə dünəni qəbirsiz qalıb,
Kotançı babası dəmirsiz qalıb,
Körükçü atası kömürsüz qalıb,
Xəmrəsi, urvası xəmirsiz qalıb
Dünya düzəlmir ki, düzəlmir, baba!

Mən təkdim, cüt oldum: təkləndim yenə,
Özüm yük çəkərəm,
Özüm də yükəm!
Baxsam "döz" deyənə, "döz" deyilənə
Ağzımdan qapılar öz halal tikəm,
Dünya düzəlmir ki, düzəlmir, baba!

Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası, 
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!

"Mənəm" deyənlərin məni görünmür,
Əli tətikdələr, özü hədəfdə,
Azmış ağılların çəni görünmür,
İtmiş, itirilmiş başlar kələfdə!
Dünya düzəlmir ki, düzəlmir, baba!

Hələ bu dünyanın qeylü-qalı çox,
Bilməm zəhəri çox, yoxsa balı çox.
Ços verdim özümə bu sualı çox,
Ərzin nadanından ağsaqqalı çox!
Bəs niyə bu dünya düzəlmir, baba!

ATA MİLLƏT, ANA MİLLƏT, AĞLAMA

Pəncərəni külək döyüb ağlasa,
Eyvanına quşlar qonub ağlasa,
Ürəyini nalən yonub ağlasa,
İçində yan, ağı deyib, ağlama,
Ağlamağın yeri deyil, ağlama.

Bu döyüşdü - əzilən var, əzən var,
Ölüm hökmü qolluğunda gəzən var;
Burda "bizik", nə "mən" vardır, nə "sən" var.
Yox, ağlama, ana millət, ağlama!
Qorxuram ki, sənə millət, ağlama.

Hayqır, könül, bundan betər çağ hanı?
İnsan yanır, torpaq yanır, dağ yanır.
Bacım, indi ağlamağa vaxt hanı?
Qardaş deyib, yurddaş deyib, ağlama!
Ağlamağın yeri deyil, ağlama.

Əyilməkdir ağlamağın tərs üzü,
Dərdi dartıb üzməyəni dərd üzür,
Ağlayanı tez də tapır dərd-hüzür,
Bəlkə Tanrı belə yazıb, ağlama.
Səsini boğ, millət qızı, ağlama.

Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam,
Ata millət, oğul, deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama

BU MİLLƏTİN DƏRDİ-SƏRİ

Nəhrləri döndər belə haqqa sarı,
Haqq qapısın açmır, atam, haqq açan.
İmanınla, gümanınla haqqa sarın,
Bu millətin dərdi-səri min şaxəli.

Hökmü bircə: yüz niyyətin, min niyyətin,
Asan yolla asan yola çıxmaq çətin;
Sayğısı çox, qayğısı çox bu millətin;
Bu millətin dərdi-səri min şaxəli.

Tanrım, məni tuş eləmə satqına, tuş;
O; milləti şöhrətinə girov qoymuş,
Heç görmədim qan tökəni qannan doymuş,
Bu millətin dərdi-səri min şaxəli.

Özü hakim, özü dustaq öz içində,
Qızıl sözü itir lilli söz içində;
Milyonları sel ağzında, toz içində.-.
Bu millətin dərdi-səri min şaxəli.

Gözgöroti taxtdan salır əyri düzü,
Əyri qələm, əyri fikir, əyri düzüm,
Bu düzlükdə düzlük özü əydi düzü,
Bu millətin dərdi-səri min şaxəli.

Bu, beləcə içimizdən gələn səsdi,
Bu, beləcə yolumuza çıxan dərsdi;
Düşmən əli əlimizlə bizi kəsdi,
Bu millətin dərdi-səri min şaxəli.

Dağ Aranda, Aran dağda olan yerdə,
Yurddaş adlı yurd dağıdan olan yerdə.
Baş gödəndən aşağıda olan yerdə,
Bu millətin dərdi-səri min şaxəli.

BU MİLLƏTƏ NƏ VERDİK Kİ?

Bu millətə nə verdik ki?
Kimsə qapdı ziyasını,
Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik.
Bu millətə nə verdik ki?

İnamını noxtaladıq,
İnadını axtaladıq,
Var-yoxunu qarmaladıq,
Bir çeynəm saqqız vermədik.
Bu millətə nə verdik ki?

Halal tikə qənddi, - dedik,
Yoxsuluna dərdli, - dedik,
Kasıbına mərddi, - dedik,
Mərd kasıba qız vermədik.
Bu millətə nə verdik ki?

Çiyninə mindik, - öyrəşdi,
Bir dillə min dil öyrətdik,
Neçə fəndi-fel öyrətdik,
Milyon aldıq, yüz vermədik.
Bu millətə nə verdik ki?

Biz səhv etdik, batdı qana
Millət ata, millət ana,
İlacı qalsın bir yana,
Dərdi də ucuz vermədik.
Bu millətə na verdik ki?

Bu millətin səbri böyük,
Dözür: dözüm həddinəcən,
Dözür: dözüm səddinəcən,
Dözür: dözüm xəttinəcən...

Sonra... daha sonra olmur,
Sonra qara tufan olur,
Sonra "qullar dünyasının
İntiqamı yaman olur"...

BU DÖNÜKLƏR, VƏFASIZLAR DÜNYASI...

Kimi kim bivəfa dünyada gördüm,bivəfa gördüm
Məhəmməd Füzuli


Yolu düzlər dünyanın hər işini bacarmaz,
Hər işini bacarar, şər işini bacarmaz.
Yaxşılara yaxşılıq vərdişini bacarmaz
Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Müdriklərin dilindən bu kəlam belə sızdı:
Bu, insandı - bəşərdi; bu oğlandı, bu qızdı;
Vəfasızdı - dönükdü, dönükdü - vəfasızdı
Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Əhdi yoxlar dilində andı yoxlar yalanı,
Sözsüzlər nəfəsiylə söz ocağı qalanır,
Uçurtdu ürəyimdə sirli sevda qalamı
Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Hər nəyi xoşlamasan tez ona əvəz olar,
Uçruma "gəl-gəl" deyən çağrış olar, səs olar,
Gözün içində bitər, gözəgörünməz olar
Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Bir üzü ağ dünyadı, bir üzü qara dünya,
Bu qaranlıq ağarmaz ola min para dünya,
Qoltuğumda gedəcək, yön alsa hara dünya;
Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Gözəl quyu bağışlar tənhalara, təklərə,
Qarın yükfi daşıyar duyğusuz ürəklərə,
Gələcəksiz gələcək dartar gələcəklərə
Bu dönüklər dünyası, vəfasızlar dünyası... 

İNSAN YALAN DANIŞIR

Qara sözlə, ağ sözün
Yeri dəyişik düşür;
Yalançının dilindən
Söz düşür - düşük düşür, -
İnsan yalan danışır...
İnsan yalan danışır -
Zaman yalan danışır;
Zaman yalan danışır,
İnsan yalan danışır.

Zaman uda bilmir bu yalanları,
Bəzən duya bilmir bu yalanları,
Zaman yuya bilmir bu yalanları,
Zaman küləklərə qoşur yalanı,
Üfüqlər illərə qatır yalanı,
Qara, ağ yalanı, çopur yalanı.

Hardandı bu qədər yalan doğanlar?
Yalanı doğan var!
Boğan da varmı?
Elin zirzəmili ürəkləri bir,
Qalxın ağ gəmili ürəklərə bir.
Yalan tarlasıdır bəy yalanları,
Göy-göy də biçirik göy yalanları.

Qorxun, yalançılar, qorxun yalandan,
Qorxun həm satandan, həm də alandan,
Açıbdı ağzını əjdaha kimi,
Gələr dalımızca - haraya getsək.
Kəsər qarşımızı harda dayansaq,
Dönər dar dalana haraya dönsək.

Dönər ağ yastığa qara qalanlar,
Nə qədər istəsən başını qoy yat;
"Sözdür", nə satan var, nə də alan var,
Özün al, özün sat, özünü aldat.

Bəzən yalançıya gülər yalanlar,
Böyürər, mələyər, hürər yalanlar. 
Qorxun, yalançılar, qorxun yalandan.
Qorxun, həm satandan, həm də alandan.

Qorxuram bir səhər sökülməyə dan,
Haşa yalançıdan, haşa, bu dünya,
Qorxuram bu yalan ağırlığmdan
Qopub məhvərindən, aşa bu dünya. 

MÜHARİBƏ OLMASA

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, --
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, --
Müharibə olmasa!

General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, --
Müharibə olmasa!”

Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, -- 
Müharibə olmasa!

Sevənlər aləmində 
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi -- söz,
Sözü -- məhəbbət olar -- 
Müharibə olmasa!

MƏN ARAZ ŞAİRİYƏM

Mənə deyir birisi:
“Çox yazırsan Arazdan.
Nə bilim, gahdan quzu
Gahdan aslan Arazdan”
Neyləyim mən, neyləyim?!
Qələm gəldi əlimə --
Araz gəlir dilimə!
Neyləyim mən, neyləyim?!
Demişəm, bir də deyim:
Sahilində küləklər
Gəzməyib mənim qədər;
Sularında ördəklər
Üzməyib mənim qədər.
Gündüzlər aynam olub,
Gecələr laylam olub. 
Qamışından kəsilib
Mənim çaldığım tütək.
Mən ondan su içmişəm
Anamdan süd əmən tək.
Sudan çıxan balıq tək
Ölərəm mən Arazsız.
Tayı itmiş ceyran tək
Mələrəm mən Arazsız.
O mənim mürəkkəbim,
Mən onun qələmiyəm.
O mənim telli sazım,
Mən onun Dilqəmiyəm,
Yox, Araz deyəndə mən
Yalnız çay düşünmürəm.
O, tarixdir, baxıram:
Ağlayır da, gülür də;
“Avesta”nın külündən
Bulanıqdır hələ də.
Gözlərimi mikroskop
Eləyib, hər damlaya
Mən baxmaq istəyirəm.
Mən yanan tariximi
Oxumaq istəyirəm...
Yox, Araz deyəndə mən
Yalnız çay düşünmürəm!
Mənim tək baxsan ona
Deməzsən adi sudur.
O, bir gəlin hörüyü,
Bir uşaq yuxusudur.
O, Qıratın yalmanı,
Bozatın tərliyidir;
Nənəmin ipəkliyi,
Babamın sərtliyidir...
O bu gün Muğanıma
Uzanan yaşıl qolum.
Bağıma ağ kəmərim,
Dağıma işıq yolum...
O, dilsiz çöllərimə
Nəğməkar dilim mənim.
Müqəddəs ellərimə
Müqəddəs Nilim mənim.
Hara getdi gedirəm,
Getdim, gedir mənimlə.
Sevinciyəm, qəmiyəm
Sevincimlə, qəmimlə.
O deyir, mən yazıram:
Mən Arazın səsiyəm.
Mən onun yatağıyam,
Mən onun sahiliyəm,
Mən onun ləpəsiyəm.
Dağları yara-yara,
Ən böyük dəryalara
Dildə söz, əldə qələm,
Onunla getməliyəm...

ORDUBAD









Redaktorun seçimi