Getmək istəyirsən, bəhanəsiz get - Nüsrət Kəsəmənlinin şeirləri

Hit: 2766
Getmək istəyirsən, bəhanəsiz get - Nüsrət Kəsəmənlinin şeirləri

Faktor.az unudulmaz şair Nüsrət Kəsəmənlinin seçmə şeirlərini təqdim edir:

GETMƏK İSTƏYİRSƏN...

Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin, saxta sənədtək
Nə vaxtsa üstündə tutulacaqdır...

Yollarlək döşənib ayaqlarına
Sənə yalvarımmı?..
Bu mümkün deyil.
Qoymaram qəlbimtək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil...

Demirəm, sən uca bir dağsan, əyil,
Demirəm, qalıbdır əlacım sənə.
Nə sondə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm əl açım sənə.

Getmək istəyirsən,
nə danış, nə din,
Yox ol xəyal kimi dumanda, çəndə.
Nəyimi sevmişdin,
deyə bilmədin,
İndisə yüz eyib görürsən məndə...

Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı...

DÜNƏN TOYUN İDİ...

Sağlıqlar deyildi çığır-bağırla,
Üşüyən qəlbinə girən oldumu!
Gözündən qəlbinə düşən cığırla
Axan göz yaşını görən oldumu!

Sağlıqlar uzandı...
səhərə kimi
Çalıb-oynadılar, kef eylədilər,
Çırpıb pillələrə son ümidimi
"Vağzalı" üstündə dəfn eylədilər.

Son ümid!
O mənim gərəyim idi...
Yoluna şam tutdu neçə qız, gəlin. 
Şam deyil,
o mənim ürəyim idi,
Son dəfə yanırdı yolunda sənin.

Getdin...
O köhnə yol nur yolu idi,
İzin düşən yerdə gül açmadı ki?
Özgəylə keçirdin o yolu indi,
Ayağın altından yer qaçmadı ki?

Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər?
Düşüb qədəminə hər yoxuş, eniş
Niyə ürəyimə çəkilmədilər?..

Başına gül-çiçək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
"Get" deyib
alnımdan öpdülər o gün,
Sınıq taleyini düzəltmədilər...

Güldün...
Gülüşünün ömrü çox qısa,
Bir həsrət axırdı qanında sənin,
Orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında sənin.

Dünən toyun idi...
Xoşbəxt olasan!
Görünür bu bizə qismət deyilmiş.
Unut!
Elə bil ki,
sevdiyin oğlan
Getdiyin oğlanmış,
Nüsrət deyilmiş...

ETİRAF

Ömür-gun yoldaşıma

Fikirli gəlirəm,
Dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm,
yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç.

Hər kəs taleyilə gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam. 
Dəcəl balalara mülayım ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar" kimi səbrlə dözən,
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən...

Üzümdə kədərdən bir iz görəndə
Şirinim olmusan,
Acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan,
Bacım olmusan.

Bir kövrək şerimdən gözlərin dolub,
Nə deyim,
Özgədən çox yazıb qələm,
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşın görməmişəm mən...

Bir əlin mətbəxdə
qabda-qaşıqda,
Bir gözün istidə, tüstüdə olub.
Bir əlin beşikdə
oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.

Yollar çarpaz-çarpaz,
Yollar qarışıq...
Gecə yol gəlirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən işıq -
Gözünün nurudur yolumun üstə.

Fikirli gəlirəm,
Dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm,
yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

GECİKDİ BU YAĞIŞ...

Daha bu yağışa otlar göyərməz,
Daha bu yağışda lalələr sönməz.
Bu yağış buludun yükü deyil ki,
Bu yağış bir simurq tükü deyil ki,
Yandırsan ömür-gün qayıda geri,
İndi ürəyimiz - köhnə yurd yeri,
Daşı nəmlidir.
Sevgimi uçurub bir ümid kimi
Torpağı qəmlidir,
Daşı qəmlidir...
Sırsıra asılıb gül budağından,
Bahan itirdin,
Yayı ötürdün;
Qış gəldi,
yatmısan fil qulağında...
Beləcə gün keçdi,
zaman gecikdi,

Gecikmiş istəyi nədi göylərin?
İndicə buludlar töküləcəkdir,
Ürəyi doludur xatirələrin.
Dindirsən,
təəssüf hönkürəcəkdir.

Qıvrılıb yatıbdır dolama yollar,
-Boynuna dolanar o ilan kimi
Dəymə,
qoy uyusun nisgil arzular
Yasandan tutacaq ayılan kimi...

Bu göz yaşlarıyla,
Bu yalvarışla
Yolların tozunu yatırmaq olmaz,
Küsülü illərin istəklərini
Daha mənzilinə çatdırmaq olmaz.

Yumaz ki dünəni selləmə yağış,
Bayılmış dünənə çilləmə yağış...
Gecikdi bir arzu,
güman gecikdi.
Gecikdi bir yağış,
yaman gecikdi.

Yaşadıq nigaran, qulağı səsdə,
Ömürdən ötəri cığırlar keçdi.
Bizim ümidimiz axır nəfəsdə
Nə qədər çırpınsa
yenə də heçdi...

Daha oyanışa güman ki, yoxdu,
De, nəyə gərəkdir bu son bəraət?
Səndən bir məhəbbət uman ki, yoxdu.
O güvəncli dağlar marala qaldı,
O məxmər çəmənlər sarala qaldı,
Vaxtında yağmadı, nur çiləmədi
Buludlar qarala-qarala qaldı...

Məni bu günündə soraqlama sən,
Məni dünənində taparsan indi.
Bu günə qədərki kədər mənimki,
Bu gündən sonrakı kədər sənindir.
Qovmadın başından
duman gecikdi,
Gecikdi bu yağış,
yaman gecikdi... 

SƏN DEMƏ, TƏZƏDƏN SEVMƏK OLARMIŞ...

Sən demə, təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman gələ bilərmiş.

Ürək bulud kimi boşalırsa da
Demək, bulud kimi təzədən dolur,
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.

Sən demə, təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir, 
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilər.

Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?!

Sən demə, təzədən sevmək olarmış,
Sevgi fursət deyil quş kimi uça.
Nə də kölgədir ki,
qaçasan qova,
Ya da sən qovasan,
o səndən qaça...

Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.

İlk sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...

Mən ki, görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir, bir dəfə sevilir insan,
Sən demə, təzədən sevmək olarmış...

BİR SEVDA AĞLAYIR...

Gəl dedim, koksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.

Qədri bilinmədi,
Ömrü qırıldı,
Həsrət boyun bükdü,
hicran yoruldu.
O hər gün incildi,
hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim. 

Min gül solduranlar
min gül dərdilər,
Yüngül çiçəkləri
yüngül dərdilər,
Mən ürək açanda
baxıb gördülər
Bir sevda ağlayır içimdə mənim...

Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim.

Bacara bilmədim özüm-özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla,
Mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim.

Mənəm daş daşıyan o məhəbbətə,
İtmiş qaş-daşıyam o məhəbbətə,
Özüm başdaşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim.

Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də
Üzümə baxmayın,
mən güləndə də
Bir sevda ağlayır içimdə mənim...

SƏNİ UNUTSAM...

Mən səni unuda bilmirəm, axı,
Unutsam, nələri unudam gərək,
Göylərə baxmışıq aylı gecədə,
Unutsam göyləri unudam gərək.

Dənizi unudum, ya dalğaları,
Xatirən yadımdan çıxaydı, barı.
Payızda xəzanı, qışdasa qarı,
Baharda gülləri unudam gərək.

De, necə unudum mən səni necə,
Sevgi durna deyil, payızda köçə,
Yuxuma gəlirsən mənim hər gecə,
Ayları, illəri unudam gərək. 

Sənin xəyalındır həsrətlə baxan,
Adındır hər saat qarşıma çıxan,
Qarışıb şəklinə gözümdən axan,
Yağışı, selləri unudam gərək.

Sinəradə peşiman ürəyim qaldı,
Uçdun, əllərimdə lələyin qaldı,
Nələri itirdim, bax, nəyim qaldı,
Nələri, nələri unudam gərək.

BİRİ VARDI, BİRİ YOX

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardi, biri yox. 

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəilb keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib, can eşidən
Dostlarımın biri vardı, biri yox.

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox...

Uzaq gəzdi əmi, dayı, bibilər.
Sözarası mənə "evlən" dedilər,
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək, bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən,
Vaxt gələcək, sən özün deyəcəksən,
Deyəcəksən: "Biri vardı, biri yox!"

ƏLLƏRİN NƏ YAMAN SOYUQDUR, GÜLÜM...

Əllərin nə yaman soyuqdur, gülüm.
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki, əlim,
Əllərin əlimin buz əlcəyidir.

Biz ki, cənubluyuq
bu soyuq hardan?
Gərək külümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq,
Gərək əlimiz də soyuq olmasın...

Oddan yoğrulmuşuq,
atəşik axı,
Qəlbimiz -
duyğular tonqalı kimi.
Yanağın
Ele bil alov dilimi,
Əllərin bir taxta yonqarı kimi...

Əllərin nə yaman soyuqdur, gülüm,
Niyə bu soyuğu indi duymuşam?
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam?!

Ay üzü baharlı,
əli qış sonam!
Gileyim gülməli gəlməsin mənim.
Qorxuram
sevgidə soyumağın da
Əlindən başlaya,
əlindən sənin;
Əllərin nə yaman soyuqdur, gülüm...

NƏ BİLƏYDİK

Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək,
Nə biləydik sevgi adlı bu qonaq
İkimizin aramızda öləcək... 

Ulu sevgi göydən yerə endimi,
Nə dayandı yolumuzun üstündə?
Bu məhəbbət soyuduqca, sən demə,
Can verirmiş qolumuzun üstündə.

Hər görüşə sürünürdü ayaqlar...
O çəmənlər - bir baharlıq səməni.
Dodaqları yandıranda dodaqlar
Ürəyimiz üşüyürmüş, deməli.

Əyləncələr qoymadı ki, göz açaq;
Hər istəyi biz beləcə bitirdik.
Payız gəldi toy-bayramla,
biz ancaq
Yarpaq-yarpaq günümüzü itirdik.

Şirin oldu yalanların zəhəri,
Həqiqəti gizləmişik həmişə.
Sevgililər oyaq açdı səhəri,
Biz axşamı gözləmişik həmişə...

Yuxu gördük...
gah qorxulu, gah da şən,
Boğdu bizi tərədüdlər axarı.
Yuxularda əllər gördük birləşən,
Ha yozduqsa hicran oldu axırı...

Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
Üzümüzə baxa-baxa öləcək...

SEVƏ-SEVƏ AYRILAQ...

Biz xoşbəxt olmadıq sevənlər kimi,
İndi son bahartək sızlar qəlbimiz.
Bəlkə bu dünyaya gəlmişik, gülüm,
Artıraq dünyaya həsrətini biz.

Tənə də, giley də daha əbəsdir,
Bu sirli royadan ayılaq gərək.
Ya sən gecikmisən, ya mən
tələsdim,
İndi sevə-sevə ayrılaq gərək.

Könül gizli-gizli
yanacaq indi,
Bir damla göz yaşın dənizdi mənə.
Bizə xatirələr qalacaq indi,
Sənin xatirən də əzizdir mənə...

Bilirəm, bu həsrət üzəcək səni,
Çalış, kölgə kimi sürünməyəsən.
Gözlərim hər zaman gəzəcək səni,
Çalış,
Gözlərimə görünməyəsən!... 

İKİMİZİN YERİNƏ...

Sevdiyimiz bir nəğmə var...

Bu sevgidən sən qorxursan
eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir ğün
dara çəksələr
Mən gedərəm ikimizin yerinə...

Min əzabdır sənsiz keçən
hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini
Mən çəkərəm ikimizin yerinə.

Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün tanrı yazan şeirəm,
Dodaqların inciməsin deyirəm,
-Mən ölərəm ikimizin yerinə...

Taleyimdə son açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə,
Bu sevginin sonu əgər ölümsə
Mən ölərəm ikimizin yerinə.

HEYF, O SEVGİYƏ...

O yalançı illər günə dəyməzmiş,
Gül verdim, verdiyim gülə dəyməzmiş,
Gözümdə çağlayan selə dəyməzmiş,
Heyf o sevgiyə, o məhəbbətə.

Bir dəfə ürəkdən gülə bilmədim,
Könlümü kimsəyə verə bilmədim,
Səndən başqasını sevə bilmədim,
Heyf o sevgiyə, o məhəbbətə. 

Sənsiz gecələrim yuxu bilmədi,
İçimdə alışan ahı bilmədi.
Mən bildim, sən bildin, çoxu bilmədi,
Heyf o sevgiyə, o məhəbbətə.

Özümün özümdən acığım gəlir,
Dostlarım kədərli, düşmənim gülür.
Ölən sevgimizə yazığım gəlir,
Heyf o sevgiyə, o məhəbbətə.

Sultanlıq taxtımız devrildi necə,
Küləksiz, tufansız sovruldu heçə.
O sevgi nifrətə çevrildi necə,
Heyf o sevgiyə, o məhəbbətə.

BU, SƏN DEYİLSƏN...

Qayıdıb gəlibsən gözləri yaşlı,
Deyirsən, bir daha küsən deyilsən.
Hanı o vüqarın, o saymazlığın;
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Deyirsən vaxt keçir, zaman gözləmir,
Dilin dediyini, ürəyin demir.
Bu yalvaran gözəl sənə bənzəmir,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Getdiyim hər yeri güdən sən idin,
Küsəndə aylarla itən sən idin,
Çırpıb qapıları gedən sən idin,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Deyirsən küsənlər barışar yenə,
Nə tez boyun əydin beş gunlük qəmə?
Özündən razılıq yaraşır sənə
Yox, bu sən deyilsən, bu sən deyilsən. 

Dərdlisən, dərdini get danış suya,
Əl açma, alçalma mən verən paya,
Elə bil dilənçi gəlib qapıya
Yox, bu sən deyilsən, bu sən deyilsən.

BURAX GÖZLƏRİNİN HƏBSİNDƏN MƏNİ...

Çəkir varlığımı dara gözlərin,
Aparır ruhumu hara gözlərin?
Qara bir məhbəsdir qara gözlərin,
Burax gözlərinin həbsindən məni.

Yandırıb-yaxmaqda od qüdrəti var,
Təkcə mən blirəm nə hiddəti var,
Axı, cəzanın da bir müddəti var,
Burax gözlərinin həbsindən məni,

Qaldım cazibəndə, bihuş kimiyəm,
Mərhəmət gözləyən baxış kimiyəm,
Qəfəsə salınmış bir quş kimiyəm,
Burax gözlərinin həbsindən məni.

Günüm elə səndən şikayət olub,
Bu sevgi bir dastan, hekayət olub,
Məhəbbət nə vaxtdan cinayət olub,
Burax gözlərinin həbsindən məni.

Zindana könüllü saldım özümü,
Eybi yox, payıza döndər yazımı,
Mən günah işlədim artır cəzamı,
Saxla gözlərinin həbsində məni.

QAYIT

Sən getdin ömrümdən ilk bahar kimi.
Çiçəklər çəmənə çıxanda qayıt!
Həsrətin leysanı tükənməz daha,
Buludlar gözünü sıxanda qayıt,

Bir sevgi görmədim qəmsiz, cəfasız,
Hicranın ağırdı, dərdin dəvasız,
Bilmədin qədrimi, sən ay vəfasiz,
Həsrətin sonuma çıxanda qayıt!

Boylandım arxanca mən sözlü-sözlü,
Gah aşkar ağladım, gah da ki gizli,
Yerini boş görüb, bir mələküzlü
Sevgiylə üzümə baxanda qayıt!

Uyma, hər nadannın sözünə, uyma,
Apar ürəyimi kəs qıyma-qıyma. 
Məni yurdsuz qoyma, yuvasız qoyma,
Ayrılıq evimi yıxanda qayıt.

Adım ki, adınla qoşadır sənin,
Bilməzdim ürəyin daşdandır sənin,
Hələ ki, ümidlər yaşadır məni,
Tənhalıq qəlbimi sıxanda qayıt. 

QAR KİMİ

Qar kimi ağ gəldim,
ləkəsiz gəldim,
Səssizcə yağmışdım yollarına mən.
Mən sənin ömrünə "bəlkə"siz gəldim
Yığıldın güc kimi qollarıma sən...

Bitdi baxışların nəğməsi, sözü,
Sükut qollarında gəzdirdi bizi...
Soyuduq qar kimi...
nə deyim,
düzü,
-Bəlkə bu soyuqluq bezdirdi bizi...

İndı xatirənlə yanacağam mən,
Gülsən, gülüşünə bürünəcəyəm.
Qar kimi ovcuna yağacağam mən,
Qar kimi ovcunda əriyəcəyəm!..

Həsrətim qəlbimdə dinir tar kimi,
Nəğmələr dənizdir, vüsalın qayıq.
Sən də, ay sevgilim,
getdin qar kimi
Qayıtsan,
qar kimi ləkəsiz qayıt!..

SƏN GƏRƏK...

Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın.
Yenə də həyatı səndən umaydım,
Elə biləydim ki, dünyada təksən.
İllərin ömrümdən apardığını
Elə biləydim ki, gətirəcəksən.
Bahar gözləyirdim,
yenə də qışdı,
Bir arzu, bir ümid öldürməkdənsə
Aldana-aldana yaşamaq xoşdu;
Sən gərək özunü tanıtmayaydın...

Sənə baxa-baxa sənin üzündə
Görünür özgəni sevmişəm onda.
Hər titrək sözümü sənin gözündə
Yəqin özgəsinə demişəm onda. 
Hissin xumarında yumub gözünü
Onda məhəbbətim yuxulu imiş.
Sonradan oyanıb,
onda bilib ki,
Suyun lal axanı qorxulu imiş;
Sən gərək özünü tanıtmayaydın.

Sən gərək özünü tanıtmayaydın;
Ömür də beləce keçib gedəydi.
Sən demə, marala atdığım güllə
Maral dərisində tülküyə dəydi...
Sadəlövh qəlbimdən,
məhəbbətimdən,
Keçdiyim yollardan utanıram mən;
Yuxulu gözümdən ağrılar keçir,
Yanımdan sevgisi doğrular keçir,
Səndən yox,
onlardan utanıram mən...
Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın...

SƏNDƏN SONRA...

Özünlə aparmısan
Günlərimin rəngini.
Kədər mənə bənzəyir,
Qəm kövrəlib sən kimi.

İndi başa düşmüşəm,
Sənsiz hər şeyim hədər;
Səndən sonra heç kəsi
Sevmədim sənin qədər.

Sevgi dolu baxışlar
Şəklindən baxır mənə,
Dönəcəksən bilirəm
Sən əvvəl-axır mənə.

Mən elə bilirdim ki,
Hər şey soyuyub gedər,
-Səndən sonra heç kəsi
Sevmədim sənin qədər. 

İçimdə tufan kimi
Çağlayır xatirələr,
Göz yaşlarım qurumur,
Ağlayır xatirələr.

Mən kədərdən doymuşam,
Məndən doymayır kədər,
- Səndən sonra heç kəsi
Sevmədim sənin qədər.

O qədor yaxın ikən,
Bu qədər uzaq olduq.
Yorulduqmu sevgidən
Biz yarı yolda qaldıq.

Mən əzablar içində,
Sən özün məndən betər.
Sən özün də heç kəsi
Sevmədin mənim qədər... 

OĞRU OLMAQ İSTƏYİRƏM

Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…

İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!

Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!… 

Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Necə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!

İndi necə dövlətlərdən
Məzlumların ah-zarinı,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!

Nə gizlədək, bilir hami
Tonqal çatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadına sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayib
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!

Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!

AĞSTAFA









Redaktorun seçimi