Dövlət teatrları bağlanmalıdır!

Hit: 974
Dövlət teatrları bağlanmalıdır!
Azərbaycan teatrları artıq 146-cı teatr mövsümünə başlayır. Görəsən, insanlar televiziya seriallarının yeni sezonuna göstərdiyi marağı teatrlara da göstərəcəkmi?
 
Əlbəttə ki, xeyr!
 
Hazırkı cəmiyyətimiz üçün teatrlar ümumiyyətlə maraqlı deyil.  Bunu müasir dövrə uyğun olaraq, sosial şəbəkədə gedən müzakirə mövzularından, ölkədaxili trendlərdən və ən əsası teatr tamaşalarına gedən azsaylı tamaşaçılardan bilmək olar.
 
Potensial tamaşaçı kütləsi teatrların onlarda hər-hansı maraq yaratmadığını deyir. Teatr sferası isə potensial tamaşaçıların zövqünü günahlandırır. Kimi dindirirsən, dərhal şikayət edir ki, cəmiyyət bayağılaşmağa doğru gedir, sənətə dəyər verilmir. 
 
Burada günah kimdədir? 
 
Cəmiyyətdə, yoxsa elə bu cəmiyyətin üzvləri tərəfindən idarə olunan teatrlarda? 
 
Əlbəttə ki, teatrlarda…
 
Əgər  500 nəfər işçi heyəti olan teatr, cəmi 500 nəfər tamaşaçını öz teatrına cəlb edə bilmirsə və bu prosesdə aciz qalırsa, burada günah birmənalı şəkildə teatrındır.  Bəzən çıxış yolunu tamaşaçını məcburi şəkildə (dövlət qurumlarına, şirkətlərə, məktəblərə kollektiv  bilet sataraq) tamaşaya gətirməkdə görürlər. Hətta, əminəm ki, bu prosesi teatrın administrativ işlərdə və marketinq sahəsində (bəlkə də marketinqin nə olduğu bilmirlər!) atdığı ən böyük addım kimi dəyərləndirirlər.  Lakin məcburi şəkildə tamaşaya gətirilən tamaşaçıda teatra qarşı sevgi yaranmır və onda mənəvi tələbat yaratmır. Əksinə birinci pərdənin yekununda teatrından qaçıb gedirlər. 
 
Azərbaycan teatrları əvvəl də bu səviyyədə idimi? 
 
Əlbəttə ki, yox!
 
Əvvəllər teatrlarımız ölkə ictimaiyyətinin maraq dairəsindən kənarda qalmayıb. Elə dövrlərimiz olub ki, teatr tamaşalarına biletlər bir neçə gün qabaqcadan bitib, xalq aktyorunu indiki kimi bayağı verlişlərdə, ucuz film və seriallarda yox məhz teatr tamaşalarında tanıyıb. Fenomen olan və dillərdən düşməyən tamaşalarımız da az olmayıb. Hətta, hər nə qədər köhnə olsa da yenə də həmin fenomen tamaşalara baxan tamaşaçılar, müasir teatrlarımıza gedən tamaşaçılardan qat-qat çoxdur. (Eynən filmimizdə olduğu kimi…)
 
Əvvəllər insanların sosial vəziyyəti indikindən dəfələrlə aşağı idi. Buna baxmayaraq, tamaşaya bilet almağa pul da tapılırdı, vaxt da, həvəs də. Buna görə də hazırda insanların sosial vəziyyətini bəhanə gətirmək də düzgün deyil. Eyni cəmiyyətin üzvləri hansısa bayağı müğənninin konsertinə 20-50 manat verib bilet alır. 
 
Dövlət teatrlarının inkişaf etməməsinin səbəbi dövlət tərəfindən diqqətin az olmasıdırmı? 
 
Fikrimcə xeyr!  
 
Dövlət əvvəlki dövrlərə nisbətən bu gün teatrlara layiq olduğundan çox dəyər verir və diqqət göstərir. Ona görə layiq olduğundan çox ki, dövlət teatrları bu dəyərin və diqqətin qarşılığında ölkəmizə hər-hansı xeyir verə bilmir. 
 
Dövlətimiz teatrların işçi heyətinin aylıq əmək haqqını, vəzifə maaşını, texniki xərclərini qarşılayır, onları teatr binaları ilə təmin edir. Bəzən dövlət teatrında işləyən və heç bir vəclə uğur əldə edə bilməyən rejissorlar, uğursuzluqlarını və keyfiyyətsiz tamaşalarını texniki resursların azlığı ilə əlaqələndirirlər. İnternet üzərindən baxdıqları bir neçə tamaşanı əllərində "bayraq” edərək,  deyirlər ki, xaricdə olan teatr binalarında mükəmməl şəraitlər var, bizdə isə yoxdur. Lakin bu sözləri deyən şəxslərin xəbəri yoxdur ki, xaricdə olan teatrlar birdən-birə bu mükəmməl şəraitlə rastlaşmayıblar. Gərək, dövlət teatrları bu gün onlara verilən şəraitdən maksimum və layiqli şəkildə istifadə etsinlər ki, sonra daha mükəmməl şərait tələb etməyə haqları olsun.  
 
Bu gün teatrlar dövlət diqqətinin əvəzini verə bilmirlər. Hətta deyərdim ki, dövlətimizin qədrini bilmirlər. Bu ilin may ayında fəaliyyətimlə bağlı ABŞ-da səfərdə idim. Orada teatr mütəxəssisləri və xadimlərindən öyrəndim ki, dövlət bir neçə xüsusi teatrdan başqa heç bir teatrın işçi heyətinin əmək haqqını və texniki xərclərini qarşılamır. Ən yaxşı halda onlara fəaliyyət göstərmək üçün inzibati bina verir. Teatrlar isə bundan narazı deyil. Çünki məsuliyyətli şəkildə çalışaraq, tamaşaçı cəlb edə bilirlər və bunun sayəsində öz xərclərini artıqlaması ilə qarşılayırlar. Bununla yanaşı müxtəlif beynəlxalq festivallarda öz ölkələrini layiqincə təmsil edirlər, cəlb etdikləri tamaşaçılara mənəvi yüksəklik aşılayırlar. 
 
Bizim teatrlar isə nəinki öz xərclərini qarşılayırlar, hətta fəaliyyətləri ilə ölkəmizə və cəmiyyətimizə hansısa fayda verə bilmirlər. Əksinə öz xərclərini qarşılaya bilməyən teatrlarımız dövlət büdcəsinə hər il öz "xeyir”lərini verirlər. Teatrlarımızda olan mövcud reallığı amerikalı həmkarlarıma danışanda hamısı heyrətləndi. Heç yadımdan çıxmaz! Onlardan bir nəfər məsələyə daha kəskin münasibət bildirdi: "Dövlət teatrları bağlanmalıdır! Əks təqdirdə sizin teatrlarda inkişaf olmayacaq.”
 
Ardı var...
 
Nihad Qulamzadə








Redaktorun seçimi