“XƏZAN” jurnalının iyul - avqust sayı

Hit: 1362
“XƏZAN” jurnalının iyul - avqust sayı

“Xəzan” ədəbi-bədii jurnalının iyul-avqust (2018) sayı çapdan çıxıb.

Bu barədə məlumat jurnalın baş redaktoru Əli bəy Azəridən alınıb. 

Redaktor guşəsində yerləşdirilmiş “Zamanla səsləşən əsərlər sorağında” sərlövhəli yazıda Sovetlər dövrünün ədəbiyyatı ilə müstəqillik dövründə yaranan bədii əsərlər arasında müqayisə və paralellər aparılmış, çatışmamazlıqlar və yeni yaranmış problemlərin bədii əsərlərdə öz əksini tapmaması nəzərə çatdırılmışdır. 

Jurnalın növbəti iki səhifəsində SÜBHAN VÜQAROĞLUnun Azərbaycanın Milli Qəhrəmanı Kazımağa Kərimovun döyüş yolundan bəhs edən “ÖLÜM İLƏ QAZANILMIŞ ÖLÜMSÜZLÜK” oçerki yer almışdır. 

OQTAY İSMAYILLInın “QALSIN PƏRDƏ ÜSTÜNDƏ” şeiri bundan sonra yerləşdirilmiş və jurnalən avqust (2018) sayında çap olunmuş poeziyanın başlanğıcı hesab oluna bilər. Poeziya həvəskarları bu sayda həm də Vaqif Osmanov, Hafiz Əlimərdanlı, Ziyadxan Budaq, Aynur Yasəmən Qarabağlı, Kərəm Aydın, Xatun, Həmzə Əvəzoğlu, İltimas Səmimi, Müxəmməd Haqverdi, Leyla Əsədullayeva, Həsən Orucoğlunun və Türkiyə Cümhuriyyətinin vətəndaşı Fadlı Pürün rəngarəng şeirləri ilə tanış ola bilərlər.

NƏSR əsərlərindən NİZAMİ KOLANILInın “BƏXTİMƏ YAZILAN QARA GÜNLƏRƏ ƏLVİDA” POVESTİ, RƏŞİD BƏRGÜŞADLInın “GƏR AĞACININ NAĞILI”, QAFAR CƏFƏRLİnin “BƏRZƏX SAKİNİNİN ETİRAFLARI”, İLAHƏ İMANOVAnın “PEŞMAN”, AYAZ İMRANOĞLUnun “SEVGİLİMİN ADI” hekayələri çap olunub. 

ƏLİ BƏY AZƏRİnin “SƏRHƏDÇİ ZABİTİN ETİRAFI” hekayəsi də jurnalın bu nömrəsində yer alıb. Qeyd edək ki, əsər Dövlət Sərhəd Xidmətinin yaradılmasının 99 illiyi münasibətilə keçirilən müsabiqəyə təqdim olunmuş və qaliblərdən biri kimi təltifləndirilmişdir.

RAMİZ İSMAYILın “GÖZÜ YOLDA QALAN VAR” sənədli povestindən bir hissə jurnalda yerləşdirilmişdir. Xatırladaq ki, NATİQ QASIMOVun qismən həyat və döyüş yolundan bəhs edən əsər jurnalın keçən nömrəsindən başlayaraq hissə-hissə sonadək növbəti nömrələrdə çap olunacaqdır.

Jurnalda Aynur Yasəmənin “VƏTƏN HƏSRƏTLİ ÖMÜR” şeirlər kitabına həsr olunmuş BALAYAR SADİQin “SÖZÜN VƏTƏN OVQATI” və “HƏSRƏTİM DÜNƏNDƏ QALDI” şeirlər kitabına DAMƏT SALMANOĞLUnun “KÖVRƏK DUYĞULAR ŞAİRİ” sərlövhəli məqalələr təhlillər sırasındandır ki, bu məqalələrdə şairin həmin kitablarda toplanmış şeirlərinə, qismən də olsa yaradıcılığına nəzər salınmışdır.

VAQİF OSMANOVun “MƏCNUNSUZ DÜNYANIN LEYLİLƏRİ” məqaləsində AYAZ İMRANOĞLUnun jurnalın ötən nömrəsində çap olunmuş “Məcnunsuz dünya” povesti təhlil olunmuşdur. 
RƏNA MİRZƏLİYEVAnın “ADINA BƏNZƏR ŞEİR “BOXÇA”LI SOLMAZ” başlıqlı yazısında şair SOLMAZ ŞİRVANLInın çoxşaxəli yaradıcılığından bəhs olunur, qismən də olsa şeirləri təhlil edilir. Müəllifin daha iki yazısı jurnalda yer almışdır ki, burada da Rəna Mirzəliyevanın insan faktoruna yüksək qiymət verməsi təqdirəlayiq hal kimi diqqəti çəkir. 

PƏRVANƏ BAYRAMQIZInın “VAR OLSUN ŞEİRİMİZ, ŞAİRLƏRİMİZ” sərlövhəli yazısında CƏMİYYƏT VƏ ƏDƏBİYYAT mövzusu qabardılmış, şeiriyyatın, poeziyanın ictimai fikrin formalaşmasında rolundan bəhs edilmiş, müasir şairlərin yaradıcılığına qismən də olsa nəzər salınmışdır.

NEMƏT BƏXTİYARın “MƏNALI VƏ ƏZABLI HƏYAT YOLLARINDA” oçerkində “Qırmızı əmək bayrağı” ordenli Allahverdi Əliyevin həyat yolundan və pedaqoji fəaliyyətindən bəhs olunur. Bu əsər də müəllifin tədqiqat və məhsuldar axtarışlarının nəticəsidir. 

ƏTRABƏ GÜLHÜSEYNLİnin elmi araşdırmasının nəticəsi olan “BİLİK VƏ MƏDƏNİYYƏT FƏDAİLƏRİ – SÜLEYMAN SANİ AXUNDOV” məqaləsi də jurnala xüsusi rəngarənglik qatmış, eyni zamanda elm adamlarının ədəbi proseslərdə yaxından iştirakını vurğulamışdır.

FAKTOR.AZ









Redaktorun seçimi