Etibar Etibarlı: Mənimlə birgə köçəcək şəkilin də

Hit: 1080
Etibar Etibarlı: Mənimlə birgə köçəcək şəkilin də

Fahişə çörəyi

...Yanaqları bomboz,
dodaqlarının qanı qaçmış uşaq
çörək istəyir
"Ata", --acmışam,--
ana, çörək ver",--deyir
Susur işini itirmiş ata, 
kədərlə baxır
başını divara söykəmiş qoltuq ağacına.
Susur gözünün yaşını gizlədən ana.
Matəm çökür bir insan yuvasına.
Qadın kədərlə süzür ərini,
dilbilməz uşağı...
və qəflətən çırpır qapını, 
keçir yan otağa. 
Qəzəblə boylanır güzgüyə,
silir göz yaşlarını,
kəsir ipək kimi yumşaq ,
qulac-qulac saçlarını.
Soyunur köhnə libasını,
soyunur abır-həyasını.
soyunur ismətini
girov qoymaqçın bir nəslin 
minillik əmanətini....
...Açılıb-örtülür bayır qapı.
Elə bil kişinin qırılır ürəyinin sapı.
Cürəti çatmır səsləsin:
"Hara gedirsən?"-desin.
Gecə yarıdan keçir...
Yata bilmir ac uşaq,
atanın beli bükülü...
Hər ikisinin gözləri qapıya dikili. 
Birdən qapı açılır ağır-ağır...
Gələn anadır--saçları dağınıq,
sinə açıq,
üz-gözündən yorğunluq yağır.
rəngini itirib dodaq boyası.
Əlində zənbil -- yeyəcək dolu.
Kişi içində göynəyir,
yeyir ürəyini, 
Uşaq doya-doya çeynəyir
fahişə çörəyini,
Qadın gözlərini gizlədir,
gizlədir ləklənmiş ismətini,
Qüruru sınmış kişi 
lənətləyir Göyü, Yeri,
bəxtinə düşən qismətini.
Məzar soyuğu çökür bir evə.
...Səhər ağarmamış dan yeri
bir qadın naləsindən
səksəndi qonşu evin pəncərələri.
Hamam otağında asmışdı özünü 
qadının əri...

 

***
Nə divardan asa bilirəm şəklini,
nə döş cibimə qoya bilirəm,
nə yoruluram,
nə doya bilirəm.
Yaşayırsan xəyallarımda göz-gözə dikili,
boynumuz bükülü.
Vaxt gələndə,
mənimlə birgə köçəcək şəklin də.
Ancaq
kimsə anlamaycaq
tən bölmüşük təkadamlıq məzarı,
oxunan duaları. 
Sağlıqda sevinci, kədəri böldüyümz kimi,
ağlayıb güldüyümüz kimi...

Etibar ETİBARLI









Redaktorun seçimi