Rüstəmxanlı dünyanı titrədən məşhur türk filmində - VİDEO - FOTOLAR

Hit: 2443
Rüstəmxanlı dünyanı titrədən məşhur türk filmində - VİDEO - FOTOLAR

Türkiyədə "Angel Yapım” şirkətinin istehsalı ilə Osmanlı İmperiyasının dünyanı titrədən ordusunun, ən öndə gedən mərd döyüşçülərinin qəhrəmanlıqlarından bəhs edən "Dəlilər” filmi çəkilib. Film istehsalçıları iddia edir ki, 20 milyon TL-lik büdcəsi olan ekran işi "Qeym of Trons” və "Vikings” kimi layihələri kölgədə qoyacaq.

İlin ən iddialı layihəsində, baş rollarda Ərkan Petekkaya, Cem Uçan, Yetkin Dikinciler, Nur Fəttahoğlu və İsmayıl Filiz çəkilib. Ekran işində həmçinin Hakan Yufkacıgil, Gökçe Özyol, Rüzgar Ağsoy, Gülşah Şahin Uçan, Demet Tuncer, Kamil Gülər, Namiq Rüstəmxanlı, Məmməd Pala, Məmməd Əli Qaraquş, Batın Uçan, Baran Öztürk və Bərat Əfə Parlar kimi aktyorlar iştirak edib.

Möhtəşəm səhnələrin yer aldığı və təsirli ssenarisi olan film 15-ci əsrdə Fateh Sultan Mehmedin Eflak Voyvodalığına təyin etdiyi Vlad Tepeşin xalqa etdiyi zülmdən danışır. Tepeş vəzifəsinin ilk illərində Osmanlıya sadiq qalsa da, sonralar əhaliyə qarşı dəhşətli qəddarlıqlar etməyə başlayır. Fatih Sultan Mehmet isə dinindən və millətindən asılı olmayaraq, insanlara edilən bu zülmə səssiz qalmır. Fatih Sultan əvvəlcə Vlad Tepeşə elçisiylə xəbərdarlıq yollayır. Vlad elçinin sarığısını başına mismarlayıb İstanbula göndərəndə Osmanlı sultanın səbri daşır və onun cinayətlərinə son qoymağa qərar verir.

Fatih bu zülmə tezliklə son vermək üçün Baba Sultana əmr verir. Baba Sultan "Dəlilər Birliyi" nin ən cəsur igidlərdən yeddisini Vladın hökm sürdüyü Targoviçdeye göndərir. Bu yeddi qəhrəman: Göyqurd, Aşkar, Mübariz, Çebi, Susqun, Konqar və Adsızdır.

Faktor.az xəbər verir ki, rejissoru Osman Qayanın olduğu layihədə Mübariz rolunu azərbaycanlı aktyor Namiq Rüstəmxanlı canlandırıb. N.Rüstəmxanlı film haqqında sualları cavablandırıb.

- Namiq bəy, necə oldu ki, "Dəlilər"ə dəvət aldınız? Bizim film çəkilişləriylə onların seti arasında nə kimi fərqlər var?

- 2017-ci ilin avqust ayında dostum Cem Uçan tərəfindən film üçün təklif aldım, ssenarini oxudum, çox bəyəndim. Məlumat üçün bildirim ki, mənə təklif olunan obraz 6 yaşından etibarən dəlilər ocağına Qafqazlardan, Xəzər sahillərindən (yəni Azərbaycan torpaqlarından) qatılan qəhrəmanın hekayəsidir.

Əslində, bundan əvvəl mən Azərbaycanda bir serialda çəkilmişəm. Təbii ki, “Dəlilər”lə həmin serial arasında yerlə göy qədər fərq var. Bununla belə müəyyən təcrübəm var idi.

İlk olaraq qeyd edim ki, bu layihə Türkiyənin son illərdə çəkilən ən iribüdccəli filmidir. Kinonu Avropa və Amerika standartlarına uyğunlaşdırmaq üçün iyirmi milyon liradan (10 milyon manat) artıq vəsait xərclənib.

180 nəfərlik böyük bir komanda ilə Türkiyənin Aksaray şəhərində çəkilişlər oldu. Bu çəkilişlər 3 ay müddətində aparıldı. Amma çəkilişlərdən əvvəl 4 ay təlim keçdik. Peşəkar təlimçi komandadan 4 aylıq qılıncoynatma, döyüş, atminmə və başqa bir sıra təlimlər aldıq. Bu filmdə hər bir detal üçün günlərlə məşqlər etmişik. Onu xüsusi qeyd etmək istəyirəm ki, bu ekran əsəri ən müasir texnologiya ilə və Türkiyənin çox peşəkar sənətçilərinin böyük zəhməti hesabına ərsəyə gəlib. Film istehsalçılar çalışıb ki, ekran işində hər şeyin ən yaxşısını istifadə edək. Məsələn, kostyumları dünyanın ən bahalı serialı olan “Game Of Thrones”un sifariş etdiyi geyim firmasından eynisini sifariş edilərək tikilib. Səhnələr Türkiyədə ilk dəfə istifadə olunan “Cooke S4” kameralarla çəkilib. Atlı səhnələr “Russian Arm” vasitələri ilə, yüksək texnologiyalı işıq seti, dronlar istifadə etməklə lentə alınıb. Bu prosesdə iştirak etmək, belə bir möhtəşəm filimdə, çox peşəkar komanda ilə çalışmaq mənim üçün qürurverici imtahan idi. Çox şükür ki, layihəni üzüağ bitirdik.

- Necə düşünürsünüz, bu layihə sizə Türkiyədə məşhurluq gətirəcək?

- Düzünü deyim ki, bu yola məşhurlaşmaq üçün çıxmamışam. Bu 7-8 ay müddətində sadəcə üzərimə düşən missiyanın öhdəsindən gəlmək başlıca məqsədim olub. Filmin tarixi əhəmiyyəti və mənim burada bir azərbaycanlı igidi obrazını canlandırmağım nə qədər həyəcanlı olsa da, o qədər qürurverici idi. Film yayıma gedəndən sonra əlbəttə ki, kifayət qədər tanınacağıq. Çünki çəkiliş proseslərini izləyən bu sahə üzrə mütəxəssislər artıq indidən əmin ediblər ki, “Dəlilər” Türkiyə film sənayesində yeni bir səhifə açacaq. Mən orada işimi bitirib, vətənimə döndüm. İndi işimin başındayam. Gerisi Allahın təqdiri.

- Filmin Azərbaycanda təqdimatı nəzərdə tutulub?

- Bəli, Avropa ölkələrində sonra, təxminən dekabr ayında qala gecəsinin Bakıda da keçirilməsi planlaşdırılıb.

 

1
1








Redaktorun seçimi