Jurnalist ömrü - GÜNÜN ŞEİRİ

Hit: 819
Jurnalist ömrü - GÜNÜN ŞEİRİ

Faktor.az "Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə Səyavuş Sərxanlının "Jurnalist ömrü" şeirini təqdim edir:

***
Keçər yüz obanı, gəzər yüz eli, 
Bir xeyir xəbərtək o hər yerdədir. 
Narahat qəlbinin döyüntüləri 
Səslərə dönübdü - Qəzetlərdədir.

Sətirlər - keçdiyi yollar, cığırlar,
Nöqtələr - alnından düşən təridir. 
Qaranquş həmişə nəğmə oxuyar, 
Qəzetlər də onun nəğmələridir.

Sığmaz dünyalara eşqi, həvəsi, 
Nağıllar yaradan bir qələmi var. 
Sussa, sükutunda tufan nərəsi, 
Dinsə, min sözü var, min aləmi var.

Ömrü çiçək-çiçək, duyğusu min-min, 
Ömürlərdən ayrı düşdüyü varmı? 
Çoban tütəyinin, fəhlə əlinin 
Odunda isidər yazdıqlarını.

Arzusu gül açar dağda, aranda, 
Onsuz gözəlliyin gözü dolubdur. 
İki sevən ürək ayrılanda da 
Qələmi onlara körpü olubdur.

Çəməndə lalədir, dağda şəlalə - 
Bu yurda bağlayıb öz eşqini o. 
Fəhlənin yanında olubsa fəhlə, 
Danışıb alimlə alim kimi o!

Bir ömür min ömrün çırağı olmuş, 
Çiləmiş nurunu kəndə, şəhərə. 
Bəlkə də anadan dayaq doğulmuş 
Ömür-gün yolunda büdrəyənlərə! 

Yaşayır, yaradır min-min diləklə, 
Deməyin yanğısı bircə anlıqdır. 
Bu çətin günlərdə təmiz ürəklə 
Duymaq da, yazmaq da qəhrəmanlıqdır!..









Redaktorun seçimi