Ümid sənədir ancaq, Azərbaycan əsgəri - ŞEİRLƏR

Hit: 14115
Ümid sənədir ancaq, Azərbaycan əsgəri - ŞEİRLƏR

Bu gün "Azərbaycan Silahli Qüvvələr Günü"nün yaranmasından 100 il ötür.. Faktor.az silahlı qüvvələrimizə yazılan şeirlərdən bir neçəsini təqdim edir:

Qabil

Ümid sənədir ancaq, Azərbaycan əsgəri

Uzanır danışıqlar, imzalanır sənədlər.
Xəritədə aləmə göstərilir sərhədlər….
Səsimizə səs verir dünya başbilənləri;
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Dəyirmi masalarda izi var dirsəklərin…
Ağla sığan söhbəti, sözü var dəstəklərin,
Yardım bağlamasında özü var dəstəklərin
Lap ləl-cavahir olsun hər yardımın dəyəri…
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Diplomat cənabların hər biri hörmətlidir.
Bu məqamda ölkəmə təşrifi qiymətlidir.
Rəyi təqdirə layiq, rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan kimdir ki, bu işləri?
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

İşğal altında qalır torpağımız-daşımız,
Nələr görmür gözümüz, nələr çəkmir başımız.
Qarışıb bir-birinə baharımız-qışımız.
Çadır göstərmək olub hər çatana peşəmiz…
Sərgi olmasın deyə bu Mil-Muğan düzləri
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ali qonaqlar gəlir dünyanın hər yerindən.
Ürək yanır, göz dolur şəhid qəbirlərindən…
Düşünüb daşınıram özlüyümdə dərindən:
İntiqam ala bilməz, qana qan ola bilməz
Məzarları bəzəyən ehtiram çiçəkləri…
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Söhbətlər çözələnir, bir şey görünmür hələ,
Heyətlər təzələnir, bir şey görünmür hələ.
Müddətlər təzələnir, bir şey görünmür hələ.
Açılmır ki, açılmır düyünü bu torpağın.
Qov alışa bilərmi, od saçmasa çaxmağın?
İldırımlardan belə umma bu zərrələri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm, mən də qan istəmirəm!
Təzə-tər qərənfilli xiyaban istəmirəm!
Tükənir səbrim fəqət,sazişlər,
Qətnamələr,bəyanatlar kifayət!
Ziyafətlər kifayət!
Ziyafət dumanında nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan biyaban istəmirəm!
Yellənsin sülh bayrağı!
Bu bayrağa kəm baxan,
Həm baxmayan, həm baxan
Bədgüman istəmirəm!
Sevindirsin milləti qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

 

Zəlimxan Yaqub

Ordum varsa, yurdum var

Mənə ordu gərəkdir, xəstəyə dərman kimi,
Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi.
Mənə ordu gərəkdir, sarsılmaz cahan kimi.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Düşmənin yuvasını əlimlə pozmalıyam.
Səngəri dırnağımla, dişimlə qazmalıyam.
Tarixi qələmlə yox, qanımla yazmalıyam,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Gözlər od, əllər silah, canlar sipər olmalı,
Kirpiyimiz sıxılmış yurda çəpər olmalı,
Damarda qan coşmalı, canda təpər olmalı,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Bizə od vuranları yandırıb-yaxan gərək.
Torpağı gözümüz tək qoruyub baxan gərək
Qəzəb dolu tüfəngəm, çaxmağı çaxan gərək
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Torpağa sahib olub yer üstə yerləşməsək,
Bir canda, bir ürəkdə, bir ruhda birləşməsək,
Millətin taleyini dürüst fikirləşməsək,
Özgələrdən bizlərə dırnaq qədər yardım yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

İnamsız bir qartalın qanadları gərilməz,
Döyüşsüz azadlığın meyvələri dərilməz,
Şəhidsiz bir millətin vətən ruhu dirilməz,
Oğullar ola-ola, necə deyim mərdim yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

 

Oqtay Rza

Milli Ordu, qüdrətli ol həmişə

Qalaların Əlibəyli, Sədərək,
Yağdır düşmən üzərinə od, alov!
Məlunları darmadağın edərək,
İlanları yuvasına qədər qov!
Doğma yurddan güc - qüvvət al həmişə,
Milli Ordu, qüdrətli ol həmişə!

Dildən düşmür cəsurların tərifi,
Salnaməndə min imza var, min iz var;
Unutmarıq Mübarizi, Əlifi,
Yaddan çıxmaz Gültəkinlər, Vüqarlar.
Nurlanacaq getdiyin yol həmişə,
Milli Ordu, qüdrətli ol həmişə!

Cəngavərlər bayraqdardır sıranda,
Xalqın, elin qorxu bilməz oğlusan;
Sevinirəm tarixinə varanda -
Babək, Nəbi, Həzi, Fərid ruhlusan.
Qələbə çal, qələbə çal həmişə,
Milli Ordu, qüdrətli ol həmişə!

 

Ayaz Arabaçı

Silahlı Qüvvələrimizə

Boğazımı bir udum,siqarla yaşlayıram.
Sözümü sənnən açıb,səninlə başlayıram.
Allahı çağırıram,şeytanı daşlayıram.
Bəzən olur özümdən-özümü dışlayıram.
Sinəmi torpaq kimi,eşirəm,xışlayıram.
Hamıya hirslənəndə,səndə yavaşlayıram.
Hər gün səni öyürəm,səni alqışlayıram.
Mənim əsgər qardaşım,baş əyirəm önündə-
Əyirəm önündə baş.
Savaş indi başlayır-İndi başlayır savaş.

Nicat qana-qandadır,nicat kinə-kindədir.
Böyüyüb sıraların,gör neçə yüz mindədir.
Quzğunlar qaynaşsa da.durnalar səfindədir.
Sənin qeyrət kitabın,könlümün rəfindədir.
Sülh deyib bağıranlar,hamısı kefindədir.
Qoru,bəbəyin kimi,nə ki,şərəfindədir.
Bu gün Tanrı özü də,sənin tərəfindədir.
Xocalının hələ də,yanır gözlərində yaş.
Savaş indi başlayır-İndi başlayır savaş.

Nöqtə qoy nağıllara,inanmaq vərdişinə.
Çox taxıldı bağrımız,xəyanətin şişinə.
Dəvə boyda ölkələr,susdular haqq işinə.
Vurdun bu imtahanda,çoxlarını dişinə.
Qurban olum o məğrur,o amir yerişinə.
Dola bu məlunların,boynunu kirişinə.
Onsuz da çaş-baş qalıb,qalıbdı yağı,çaş-baş..
Savaş indi başlayır-İndi başlayır savaş.

Uca bayrağındadı,gəzdiyimiz mənalar.
Artıq dərk eləyibdir,bunu işi fənalar.
Səninkidir dualar-səninkidir sənalar.
Kəlbəcərə-Laçına,zəfər gəmin yan alar.
Oğul dərdə qapılmaz,oğul qana-qan alar.
Burda arxa cəbhədəyuxu yatmır analar.
Ürəyində həyəcan,gözündə sonsuz təlaş.
Savaş indi başlayır-İndi başlayır savaş.

Qollarında can verib,neçə-neçə qardaşın.
Şahdağından ucadı,məğrur əyilməz başın.
Çatılmadı bir kərə,ağır günümdə qaşın.
Baxma çiçək yaşıdı-fidan yaşıdı,yaşın.
Bir aslan savaşıdı,bu gün sənin savaşın.
Səndən başqa kimi var,bu torpağın-bu daşın..
Dənlə hey alçaqları,bir ucdan yavaş-yavaş,
Savaş indi başlayır-İndi başlayır savaş..

Qayaların köksünə,basılsın qızıl izin.
Təkcə Qarabağ deyil,ünvanı sevgimizin.
Gözünü yolda qoyma,Savalanın,Təbrizin.
Önündə sərsəmləri,süründür dizin-dizin.
Qana-qan vaxtı gəlib,nə göstəriş-nə izn,
Qeyrətinə güvənir,Vətən hər birinizin..
Yeri gəlsə daş elə.elə,ürəyini daş.
Savaş indi başlayır-
İndi başlayır savaş!!!

Hazırladı: Tural Adışirin / Faktor.az









Redaktorun seçimi