Əbülfəz Elçibəyə həsr olunan şeirlər - “Millətin ömrünə köçdü Elçibəy"

Hit: 1189
Əbülfəz Elçibəyə həsr olunan şeirlər - “Millətin ömrünə köçdü Elçibəy"

Bu gün Türkün böyük adamı, vətən sevdalısı Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür.

Faktor.az Əbülfəz Elçibəyə həsr olunan şeirlərin bəzilərini sizlərə təqdim edir:

 

Bəxtiyar Vahabzadə

Əbülfəz Elçibəyin əziz xatirəsinə

Bizimlə bərabər bir böyük yaşar,
Nöqsan axtararıq ancaq biz onda.
Elə ki, itirdik haqq aşıb-daşar,
Dönər böyüklüyə nöqsan bir anda.
O, öz işığını dürtməz hər gözə,
Yalnız o dünyadan göndərər bizə.

O, öz ürəyini millətə verdi,
Köksündə bu xalqın qəlbi döyündü.
Onun millət dərdi, məmləkət dərdi,
Göyərib cismində xərçəngə döndü.

Hələ bu dərdə də “qismətim”-deyə
Allah payı kimi O, şükran oldu.
Şükranlıq önündə bu an ölüm də,
Bəlkə gəlişinə peşiman oldu.

Təhqirə, təhdidə dözdü, dinmədi,
Öz namus yükünü daşıdı ancaq,
Heç kəsin bəxtinə qibtələnmədi,
O, öz taleyini yaşadı ancaq.

Hamını düşünən, sevən, duyan kəs,
Qıymadı özünə bircə xoş günü.
Bir an özü üçün yaşamayan kəs,
Xalqa qurban verdi bütün ömrünü.

Onda bu fərasət hardanmış görən
Onun gücü xalqda, kəsəri haqda.
O, xalqın önündə əyildiyindən,
Tabutu önündə əyildi xalq da.

Endi mələk kimi göylərdən yerə,
Dünyadan namusla keçdi Elçibəy.
O, qəbrə köçmədi, sığmazdı qəbrə,
Millətin ömrünə köçdü Elçibəy.

Qəlbi Azərbaycan, gözü Türkiyə,
Yaşadı “Türk” deyə, öldü “Türk” deyə.
Bağladı Turana öz imanını;
Bu iman onunçün ömürdən baha.
Məgər təsadüfmü? O, öz ömrünü
Gedib Türkiyədə verdi Allaha.*

Yandı bizim üçün, duymadıq onu,
Çatmadı işığı gözlərimizə.
O, öz istisini, o, öz nurunu
O biri dünyadan göndərdi bizə.

 

Ramiz Rövşən

Səni sevdiklərin daş-qalaq eylər

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?

Silərsən gözündən axan yaşları,
Öpüb əzizlərsən sən o daşları,
Deyərsən: “Sağ olun, qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!”

Hər daş özü boyda köz olub yanar,
Cana damğa kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan-başa çilçıraq eylər.

Bircə tilsimin var, sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?
Bilirsən Tanrı da öz Elçisini,
Min bir daş altında yenə sağ eylər.

Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan tanrı sənə,
Bir ev tikib saray eylər.

 

Rüstəm Behrudi

Qəribə adam

Bu qəribə adamdı
Oxşarı yox heç kimə;
əli, saçı,gözləri,
dil açıb danışanda
dilində çiçək açan
dəli-dəli sözləri-
nə qəribə adamdı.

Nə qəribə adamdı
deyirəm, yer fırlanır.
Pıçıldayır astadan:
yurd yerində binəmiz
yox olub çadır-çadır.
Yəqin mənim göz yaşım
axıb yeri fırladır.

Nə qəribə adamdı
deyirəm, külək əsir,
yaxın dur bu ocağa,
gəl qoruyaq bu odu.
Pıçıldayır astadan:
bu əsən külək deyil,
yurd boyunca dolaşan
Xətainin ruhudu.
Bu adam nə qəribə,
nə qəribə adamdı.

Nə qəribə adamdı;
dərdinə bax, ay Allah,
niyə, niyə babası
Astiyaq min il əvvəl
vaxtında öldürməyib
xəyanətkar Harpağı?
Dərdinə bax, ay Allah,
hansı uzaq dağdasa
susuzluqdan saralıb
cır armudun yarpağı…
 

Nə qəribə adamdı

dərdinə bax, ay Allah!
Nə qəribə adamdı,
dedim,-sənin bəd günün,
dedi,-o gün ki, özüm,
özümə tələ quran
- gülsüz qoyan gülüstan,
Sivas, Şuşa, Çaldıran;-
birmi, üçmü, ya beşmi?
Dedim:- qardaş, neyləyək,
bizimki bunsuz keçmir.
Dedim:- sənin oxşarın:
- bir ləçəkdim nə vaxtsa
solmayan bir çiçəkdə.
Dedim:- ən gözəl günün?
Dedi ki, gələcəkdə.
 

Bu adam nə qəribə,
nə qəribə adamdı.

Dedim:- arzun, istəyin?!
Bir ah çəkdi dərindən:
- təzə-təzə doğulan
qurd ağızlı körpələr
görən nə vaxt bu yurdu
tanrı kimi görk elər?!
 

Bu adam nə qəribə,
nə qəribə adamdı!

Nə qəribə adamdı-
bu adamın sevinci,
bu adamın dərdi də
tamam özgə biçimdə.
Bu qəribə adamdı
mənə elə gəlir ki,
bu adam ölən günü
özü qazıb qəbrini
basdıracaq özünü
ürəyinin içində!

 

Əsəd Cahangir

Elçibəyin cənnətə varid olması

Bülbül uçur yuvasına,
Budu, şah gəlir, şah gəlir!
Süzür eşqin havasına,
Budu, şah gəlir, şah gəlir!
 

Çərxi-fələk savaşından,
Budu, şah gəlir, şah gəlir!
Cəhənnəmin o başından
Budu, şah gəlir, şah gəlir!

Nə enlidir kürəkləri,
Rəşidilər soyundandır.
Atı yorur küləkləri,
Düldül, Rəfrəf suyundandır.
Mat qoyubdur fələkləri,
Bir şah gəlib – oyundandır.
Nə gediş gedir – şah gəlir,
Budu, şah gəlir, şah gəlir!

Adı haqdan baratlıdr,
Haqqa nur saçır bu kişi!
Nə tanrısal qanadlıdır,
Uçduqca uçur bu kişi!
Səməndərlər soyadlıdır,
Yanır – gül açır bu kişi!
Yoxsa Xəlilullah gəlir!
Budu, şah gəlir, şah gəlir!

Gəzib-gəzib bir gül seçib -
Əlindəki silaha bax!
Doqquz qat göylərdən keçib -
Başındakı külaha bax!
Göz yaşını qanlı içib – 
Çiynindəki günaha bax!
Dərya-ümman günah gəlir,
Budu, şah gəlir, şah gəlir!

Keşikçidir Günəşlə Ay,
Min huri-qılman gözləyir.
Açıb qapını taybatay,
Nə vaxtdı Rizvan gözləyir.
Düzülübdür o tay-bu tay,
Cümlə müsəlman gözləyir.
Görüşünə dərgah gəlir,
Budu, şah gəlir, şah gəlir!

Şükür olsun, o başdannan
Cənnətlərə çatasıdır.
Vüsal havasını başdan,
Nə silən, nə atasıdır.
Hələ ata olmamaışdan,
Fəzilətin atasıydı.
Nəimə Fəzlullah gəlir,
Budu, şah gəlir, şah gəlir!

Haqqa verib həyatını,
Dolub haqqın yarağına.
Alıb Elçi soyadını,
Düşüb eşqin sorağına.
Tanrı yazıb gül adını,
Kitabının qırağına.
Salamına Allah gəlir,
Budu, şah gəlir, şah gəlir!

Bizlərdə haqqın yolunu,
Şirin candan keçən bilər.
Cahil gül bilər kolunu,
Gül butanı içən bilər.
Qoyub mübarək qolunu,
Onu padşah seçən bilər.
Şah nədir, şahənşah gəlir,
Budu, şah gəlir, şah gəlir!

Hurilər, daraq götürün,
Darayın yorğun telini.
Qılmanlar, varaq götürün,
Yazın ayını, ilini.
Kim nə istəyir – bitirin,
Haqq açıb bu gün əlini.
Gəlir, haqqa pənah, gəlir,
Budu, şah gəlir, şah gəlir!









Redaktorun seçimi