Etibar Etibarlı: Hərdən yuxuda görürəm əllərimi

Hit: 1640
Etibar Etibarlı: Hərdən yuxuda görürəm əllərimi

Faktor.az Etibar Etibarlının şeirlərini təqdim edir:

***
Hamı əsl insan olur dəfn anında,
maskalar düşür ...
Səssiz-səmirsiz çəkilir aradan
sərvaxt şeytan.

Göz yaşı axır doğmaların içinə, 
kədər çökür yadların üzünə....
Kimisi özünü tabutda görürür, 
kimisi ölüm döşəyində.
Mərhəmətlə dolur muma dönən ürəklər
ağ kəfənli cənazəni
qara torpaq örtənə qədər. 

Qəbiristanlığın çıxışına tələsir hamı..
Qapının sağında şeytan,
solunda qayğılar ...
Yapışıb dərd-sərinin əlindən gedir adamlar--
kimisi evinə,
kimisi işinə. 
kimisi vağzala...
Necə ayırasan maskaların altından 
hansı əsl insandır,
hansı yarı insan, yarı şeytan?! ...



***
Görə-görə gəldim,
dözdüm hər cür üzüdönmüş ayrılığa...
İndi nə əllərimə ehtiyac var, 
nə də əl boyda yaylığa.
Ağlaya bilmirəm daha!.. 
Bel bağlamaq olmur ömürdə nə bu günə, nə sabaha.
Ata-ana, qardaş itirdim--ağladım. 
Yar-yoldaş,
dost-sirdaş itirdim --ağladım.

Ağladım torpaq itirəndə-- şəhid cənazəsi görəndə,

bağrıyanmış analar nalə çəkib hönkürəndə..
Ölümlərin ağrısını ürəyimdə, ağırlığını çiynimdə duydum

Dərdimi göz yaşlarıma büküb
tabutlara qoydum.
Ağlaya bilmirəm daha,
Dözməsəm də hər cür ayrılığa.
nə əllərimə ehtiyac var,
nə də əl boyda yalığa...
 


***
Nə divardan asa bilirəm şəklini,
nə döş cibimə qoya bilirəm,
nə yoruluram,
nə doya bilirəm.
Yaşayırsan xəyallarımda göz-gözə dikili,
boynumuz bükülü.
Vaxt gələndə,
mənimlə birgə köçəcək şəklin də.
Ancaq
kimsə anlamaycaq
tən bölmüşük təkadamlıq məzarı,
oxunan duaları. 
Sağlıqda sevinci, kədəri böldüyümz kimi,
ağlayıb güldüyümüz kimi...

ZAMANIN MƏHKƏMƏSİ…

Hərdən yuxuda görürəm əllərimi,
barmaqlarım
üzümə durur şahid kimi...
Vərəqlənir ömrüm birər-birər,
məhkəmə salonuna doluşur xatirələr.
Zaman hakim,
mən müdafiəsiz, vəkilsiz müddəhim!..
Dil boğza qoymur şəhadət barmağım.
Hakim əsəbləşir,
təbdən çıxardır onu
barmaqlıq ardında sakit dumağım.

Baxıram xatirələrin üzünə bir-bir--
eləsi susur inadla, 
eləsi dillənir.
Yadıma düşür solaxay əllə,
oğluma vurduğum şillə...
İndi özü
oğluna danışır şillə əhvalatını
şirin bir xatirə kimi.
Hələ də 
ovur ürəyimi ovcumun göynərtisi. 
Yadıma gəlir, gördüklərim--
xəcalətdən, 
nifrətdən
heyrətdən
əlim üzümdə qalardı.
Sevginin ilk təmasını duyan da 
əllərim olardı.

Hakim qalxır,
salon susur--nə səs, nə hənirti..
Son qərar: incələndi, suçu var.
Cəzası:ömürlük göynərti!...

DEYƏM Kİ...

Əlim çatmır ki,
əl atıb bir əlçim qoparam
şimaldan cənuba gedən bulud karvanından!..
Dilini də bilmirəm soruşam ki, haradır yolu?
Yükü yağışdı, yoxsa dolu?!
Harda itib-batıb dünənki külək?
Deyərdim, sən də tələs!
Əs, tufan kimi əs!
Apar, qanadlarının üstündə,
çatdır, yağsın Bağdadda Füzulinin,
Hələbdə Nəsiminin qəbrinə!..
Yağsın müqəddəslərin daralmış səbrinə...

Yağsın,
dağılmış şəhərlərin qarsalanmış divarlarına,
Yağsın,
qaçqın çadırlarına.
Sevindirsin göyə qorxa-qorxa baxan,
damlaları təbərrük kimi ovcuna yığan
qaçqın uşaqlarını...
Qaragün analar,
tələsik doldursunlar boş qalan su qablarını.

Yağsın,
soyutsun günahsızları hədəfə alan güllələri,.. 
Yağsın,
qovurğa kimi qovrulan torpağa,
ümid versin yaşamağa..
Canlansın səhranın sönmüş həyatı!.. 
Heç olmasa, qansız ötsün
yaraları sızıdayan qoca Şərqin
bircə günü,
bircə saatı! ...

Şamaxı









Redaktorun seçimi