Şahin Sərdarlının beynəlxalq müsabiqədə qalib olmuş hekayəsi - "Rənglərə boyanmış yalanlar"

Hit: 25514
Şahin Sərdarlının beynəlxalq müsabiqədə qalib olmuş hekayəsi - "Rənglərə boyanmış yalanlar"

Xəbər verdiyimiz kimi, ötən ay "Ədibin evi"nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş beynəlxalq hekayə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqədə 2 nəfər II, 6 nəfər isə III yerə layiq görülüb.  

Faktor.az Mir Cəlal adına beynəlxalq hekayə müsabiqəsində II yerə layiq görülən yazıçı-jurnalist Şahin Sərdarlının "Rənglərə boyanmış yalanlar" hekayəsini təqdim edir:

Şər yenicə qarışır, günəş oğrun-oğrun gözdən itir... Hava qaraldıqca xoşbəxtliyim sanki sübh çağının şəfəqlərinə boyanır. Niyə rəng verib rəng almayım ki? Axı sabah babamla qoyun nobatına yollanacağıq... Günorta babam rayona gedəcək, bir də axşamçağı qayıdacaq. Mən də tək başına nobatı sovuşdurub, artıq böyüdüyümü isbat edəcəyəm. Nənəm də axşama çolpa kəsəcək, uşaqlıqdan ən sevdiyim yeməyi – “düyülü ət” bişirəcək. Mal-qaranın gələn vaxtı da həyətdə oturub yolumu gözləyəcək. “Allah, balamın qadasın alaram, balam nobatdan gəlib” deyəcək. Babamla “bazar sumkası”nın künclərinə kiçik daş bağlayıb, ot bağlaması ilə də çiyinlik düzəldirik. Nənəm də sabah üçün azuqələri (kartof soyutması, iki yumurta, lavaş, təndir çörəyi, pendir, duz, göy-göyərti, iki xiyar, bir dənə də pomidor) hazırlayır. Bu ümidlə də kitab-dəftərimi çantama yığıb sabaha hazırlıq işləri görürəm.

 “Ay Şeko bala, a cahıl, dur gəl” – babam məni səsləyir. Axşamdan baş ucuma yığdığım paltarlarımı tez-tələsik geyinib aşağı düşürəm. Nənəm çaylarımızı süzüb, yağlı-şorlu dürmək də düzəldib bizə. Hava yaman çiskinlidir, heç dünənki havadan əsər-əlamət belə yoxdur. Babam əlini çiynimə vurub, bir-iki saata havanın açılacağını söyləyir. Çayımı içib həyətə çıxıram. “A bala, əynini qalın geyin” – nənəm arxamca çağırır – “pencəyini qapının yanına qoymuşam, bəri qayıt, yeməyi də götür, yaddan çıxıb qalar burda”. Nənəm çox qoçaq arvaddır. Bu günün işini sabaha saxlamaz, həmişəki kimi çantamızı da dünəndən hazır edib. 

Küçədə qoyun-quzu mələşir. Çantamı çiynimə asıram, balaca çomağımı da götürüb babamla məhləmizin başına yollanırıq. Ədəb-ərkanla hamıyla salamlaşırıq. Namaz baba, Ələs baba, Şaxsuvar əmi, Zakir baba və digərləri – hamısı buradadır. Bircə Qurban baba gəlməyib. Kənd camaatı yavaş-yavaş ətrafımıza toplaşır. Aha, budur, Qurban baba də gəlir. Qurban kişinin iki yekə cins qoçu var. Cansız-cəsədsiz uşaqlarıq, yalan olmasın, qoçlar elə bizim boydadır. Keçən dəfə əmioğlu Sarı ilə (adı Sərxandır, kənddə hamı Sarı deyir) qoyun nobatına gedəndə qoçların belinə minmişdik, o balaca canıma and olsun ki, at kimi gedirdilər. 

Sürü dağa tərəf qalxır. “Ay Şeko bala” – babamdır, məni çağırır – “çox uzağa aparma, gəlirəm mən də”. Qoyunların otlaması, nəfəslərinə qarışmış otun qoxusu... Əslində həmin anları sadəcə izləmək lazımdır. 

Səssiz-səmirsiz günəşin çən-duman arasından boylanmasını gözləyirəm. 

“Bostanların düzü” adlanan ərazidən keçib “Ağbulaq” tərəfə, meşəliyə doğru yollanırıq. Tay-tuşlarım da mal növbəsinə gəliblər. Çöl adamı yaman acdırır. Günorta qoyunlar yatışacaq, biz də bir yerə toplaşıb çörək yeyəcəyik. 

Babamın dediyi kimi də olur, duman tamamilə çəkilir. Çantamdan riyaziyyat kitabımı çıxarıb ev tapşırıqlarını yerinə yetirirəm. Bir az sonra babam qoyunları mənə, məni də Allaha tapşırıb evə qayıdır. Tapşırıqlarım hazırdır, indi də çantamdan ədəbiyyat kitabını çıxarıb “Basatın Təpəgözü öldürdüyü boy”u oxuyuram. Hərdən gözucu sürüyə baxır, hərdən də tezdən nənəmin pencəyimin cibinə qoyduğu pendir dürməyindən dadıram. 

Meşənin o tayından boğunuq səslər gəlir. Yaman hay-küy var. Kimsə tutaşır. Çantamı götürüb sürünü səs gələn tərəfə haylayıram. İki uşaqdır. Biri mənim kimi cılızdır, o birini də piy basıb. Deyəsən, qonşu kənddəndirlər. Əlbəyaxa olublar. Ocağa atdıqları kartofun qoxusu da aləmi cənginə alıb. Bir ala it də ocağın başında quyruğunu bulayır. Çantaları açıqdır, it insaflıdır, çörəklərinə toxunmayıb. Cılız tayı o biri yoldaşını qamarlayıb yumruqlayır. İki əlli yaxasından yapışıb qışqırır - “Yalandır! Ağ yalandır!!!”.

Çantamı ocağın yanına atıb onlara tərəf qaçıram. Al-qanın içindədirlər. Hərəsinə bir çomaq çəkib aralayıram. Əlimdən çıxıb yenə tutaşırlar. Sürü də yavaş-yavaş meşədən çıxır. Meşədə də yaman boğunuq səslər gəlir. Elə bilirəm bunların səsidir, əks-səda doğurur. Qoyunlar hürküb hərəsi bir tərəfə dağılır. Sən demə, sürüyə canavar girib. Qorxudan tər basır məni. Çomağımı götürüb hay-küylə meşəyə qaçıram. Sürüdən üç qoyun al-qan içindədir. Quyruqlarını canavar parçalayıb. Cığırla içəri girirəm, qoyunun biri də burada inləyir. Deyəsən, qışqırığa canavar qoyunu atıb qaçmışdı. İndi mən babama, nənəmə, kəndə nə cavab verəcəyəm? Qəhər məni yaman boğur. Cansız-cələfsiz, 10 yaşlı bir uşaq. Belə bir mənzərə qarşısında nə edə bilər axı? Hıçqıra-hıçqıra qoyunları meşədən çıxarıram. Hürküb qaçmış sürünü bir yerə toplamağa çalışıram. Yaralanmış qoyunların başlarını sığallayır, bağrıma basır, dərdlərinə məlhəm olduğumu düşünürəm. 

Meşənin qırağında məni dəli bir ağlamaq tutur. Yuxarıda da o cılız gədə hönkür-hönkür ağlayır. Közə atdıqları kartofun üstündə qırırlarmış bir-birini. Kül olmuş, qaralmış bircə dənə kartofdan ötrü. Adlarını heç öyrənmədim. Arıq oğlan övladlığa götürülübmüş. Amma bundan heç xəbəri yoxmuş. Sözləri çəp gələndə o piy basmış gədə bu əhvalatı danışır, cılız tayını aşağılayır. Olanlar da elə buradan başlayr.

İndi, o, sönmüş ocaq başında Tanrının yaxasından yapışıb “Yalandır! Ağ yalandır!!!” deyə hayqırır... 

Onsuz da bir dəri, bir sümük idi o zalım. İndi onun beli bükülüb, elə bil, ayaqları da topuqdan sınıb. Dizləri üstə çöküb üsyan edir…

Dəhşətlidir! 8 il sonra anidən ortaya çıxan “ağ yalan”, bəlkə də acı bir həqiqət.... Görəsən, məzlum oğlan bu acı taleyi ilə barışırmı?!

O gündən 11 il ötüb. Elə bil hər şey indicə yaşanıb. Hadisənin təsirindən hələ də ayıla bilməmişəm. Tanrı şillə çəkmişdi ikimizə də. Nobatına həvəslə yollandığım sürüdən 4 qoyunu canavar parçalamışdı. Onun da halı göz qabağındadır...

“Yalan ayaq tutar, yeriməz” – demişdi atalar. Bilmirəm, bəlkə də onu bu hala salan ya 8 il ayaq tutub yeriyən “ağ" yalan idi, ya da “qara" kartofun illər sonra ortaya çıxardığı acı gerçəklik...

 








Redaktorun seçimi