“Novator” filmi təqdim olundu

164 dəfə oxunub
“Novator” filmi təqdim olundu

Bu gün Azərbaycan Milli Konservatoriyasında tarzən, Əməkdar Artist, professor Həmid Vəkilovun yaradıcılığına həsr edilmiş “Novator” filminin təqdimatı keçirilib.

Faktor.az xəbər verir ki, filmin nümayişindən əvvəl ssenari müəllifi, Əməkdar Mədəniyyət İşçisi Səadət Təhmirazqızı Həmid Vəkilovun həyat və yaradıcılığından söhbət açıb. Bildirib ki, ekran əsərində tarzənin Azərbaycan Televiziyasının “Qızıl fondu”nda saxlanılan ifalarından istifadə edilib.

Sonra film təqdim olunub. Ekran əsərində Xalq Artisti, professor, Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin, Əməkdar Artist Sahib Paşazadənin, konservatoriyanın müəllimi Məmmədəli Məmmədovun və başqalarının Həmid Vəkilovun musiqi mədəniyyətimizin töhfələrinə dair fikirlərinin söylənildiyi kadrlar yer alıb.

Filmin nümayişindən sonra çıxış edən Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova novator sənətkar Həmid Vəkilovun özünəməxsus yaradıcılıq üslubundan danışıb. Vurğulayıb ki, Həmid Vəkilov tarı ilk dəfə ayaqüstə böyük məharətlə ifa edən sənətkar kimi tanınıb. Tarzənin haqqında Bariz Əsədovun “Tarda dünya musiqisi”, Əbülfət Mədətoğlunun “Yarım əsr tarla nəfəs-nəfəsə”, Rafiq Salmanovun “Tar yaşadıqca onu yaşadan sənətkarı da yaşadır”, Rafiq Hacıyevin “Novator tarzən” məqalələri musiqi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Filmin quruluşçu rejissoru Namiq Zeynalov ekran əsərində virtuoz ifaçı, novator sənətkarın canlı obrazını yaratmağa çalışdığını bildirib, Həmid Vəkilovun öz bəstələrinin olduğunu da söyləyib.

Sonda “Tar mənim həyatımdır, tar mənim, mən də tarınam!” - deyən Həmid Vəkilov tədbirin təşkilatçılarına və iştirakçılarına, filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.


loading...
loading...

Redaktorun seçimi