Turac Hilal: Əllərim payızın son gecəsidir

Hit: 2884
Turac Hilal: Əllərim payızın son gecəsidir

Faktor.az Turac Hilalın şeirlərini təqdim edir:

***
Küçəyə atılmış ac körpə kimi,
Həsrətin yenə də kirimək bilmir...
Mənim dərdlərim də şikəst doğulub,
Düşüb dizlərimdən yerimək bilmir.

Əllərim payızın son gecəsidir...
Sığalı telimə ağ çiçək taxır.
Elə darıxmışam özümdən ötrü
Bütün güzgülərdən gözlərin baxır...

...Bəxt -mənim üzümə çırpılan qapı !
Sən gedən, mən isə “geridə qalan”.
İndi rahatsanmı könül yuvamdan
Sərçə ümüdləri didərgin salan ?!

Qəlbimi yandırıb isitdim səni...!
Üşüyən ömrümə “bir gün” almadın.
...Sənə göz yaşımdan dəniz yaratdım
Sahil gözlərimdə lövbər salmadın.

Bilirsən

Sənsiz -yadların şəhəri...
Qəfil ölüm xəbəriyəm.
Sənsiz -korların səhəri...
Ölüsüylə yatanın 
gecəsiyəm, bilirsən ?

Qırıb körpə qanadımı
Kimdə unutdun adımı ?!
Həsrətə küçə qadını...
Atılmış körpələrin 
küçəsiyəm, bilirsən ?

Ölümə can atıram
Az qalıb...bax, çatıram.
Günü -günə satıram...
İlin, ayın, həftənin
neçəsiyəm, bilirsən ?

Sənə susayıb içim...
Ver, günahından içim !
Bizə qovuşmaq üçün
Hələ Qıl körpüsündən
keçəsiyəm, bilirsən !

Qadın

Qucaqla dizlərini...
Qolları yetim qadın.
Bir az ağla ovcuna
Bəxtinə bitim, qadın !

Ağ gün görən telləri
küləyə, yağışa ver...
At şeytan quyusuna
Ürəyini daşa ver.

Yandır arzularını...
Canını qurut, qadın !
Unut, Tanrı bildiyin
adamı unut, qadın !

Xoş gəldin payızına
dərdləri təzə qadın. 
Yıxıl, içinə yıxıl !
Çölünü bəzə, qadın.

Əllərinə cüt öpüş,
gözlərinə eynək al.
Dünyaya daş qoyanın
məzarını yada sal.

Bütün ayrılıqları
ölümün əliylə boğ.
Çək, ağrını çək, qadın,
Özünə bir ömür doğ !

Bir yağış damlası qədər...

Bir yağış damlası qədər 
cəsarətin ola
Qopub buludlardan 
bir həsrətli pəncərəyə çırpılasan,
çiliklənib sola, sağa dağılasan...
Bir cüt dolmuş gözə baxıb
Zərrə-zərrə çərçivəyə yığılasan. 
Bölə sənlə həsrətini
o gözlərdən küsən damla. 
Danışmaz göz yaşları da 
tənha qalmış bir adamla. 

Bir yağış damlası qədər 
inadkar olasan...
Dərdlərini 
saçlarına yığıb hörən bir qızın,
bütün günahlarını 
dodaqlarında görən bir qızın,
dərd içində öz-özünə 
dəli kimi gülən bir qızın
dərdə inad tellərini 
bircə-bircə solğun yanaqlarına tökəsən...
Günahlarina inad
Hirs didən dodaqlarından öpəsən. 
Hopub gülüşlərinə
Ağrısını acılarına səpəsən. 

...Bir yağış damlası qədər
gücün ola 
Çatlamış torpaqda 
gül bitirəsən,
Günəşi yerdən götürəsən... 
Özünlə bu məhəbbətə
bir damla ümid gətirəsən.









Redaktorun seçimi