Sənətin Azər Xanlaroğlu həqiqəti - Musa Nəbioğlu

920 dəfə oxunub
Sənətin Azər Xanlaroğlu həqiqəti - Musa Nəbioğlu
Ötən ilin sentyabrında Azərbaycan aşıq sənətinin sonuncu nəhənglərindən olan Ədalət Nəsibovu itirdik. Onun ardınca Xanmusa Musayev və İsfəndiyar Rüstəmov kimi ustad sənətkarlarımız dünyasını dəyişdi. Bunlar azmış kimi, sənətdə öz dəst-xətləri ilə seçilən, hələ bundan sonra da uzun illər sənətə, mədəniyyətimizə xidmət etməli olan Vüqar Mahmudoğlu və Azər Xanlaroğlu da əbədiyyətə qovuşdular. Cəmisi bir neçə ay ərzində aşıq sənəti böyük itkilərlə üzləşdi. Sazın-sözün böyük cəfakeşi, özü də bu dünyadan vaxtsız getmiş Xalq şairi Zəlimxan Yaqubun sözləri ilə desək, bu sənətkarların varlığından "nə qazandı, sazın ömrü qazandı, nə itirdi, Azərbaycan itirdi!"
 
Bu sənətkarların hər birinin dünyalarını dəyişməsi sənət üçün, bütövlükdə mədəniyyətimiz üçün böyük itkidir. Azər Xanlaroğlunun vaxtsız ölümü isə doğmaları, yaxınları ilə yanaşı, bütün sənətsevərlərin qəlbini ikiqat göynətdi. Həmin gün təkcə Azəri yox, Xanlar Məhərrəmovu da yenidən itirdik sanki... O Xanları ki, şirin ləhcəsi, xoş avazı ilə zili bəmə, bəmi zilə bağlayıb könüllər ovsunlayardı. Yaxın dostu və sənətinin vurğunu, vurduğu xalların, güllərin heyranı olan Zəlimxan Yaqub da nahaqdan demirdi ki, "ya saz öldürəcək, ya Xanlar məni". Həmin gün bir ailə ikinci böyük itkisi ilə üzləşir, sənət mülkü son iyirmi ildə bir ailədən çıxmış ikinci böyük sənətkarla vidalaşırdı.
 
Amansız ölüm "havacatdan zəri, saz adlı səngəri, dağ kimi ləngəri" olan Xanları da vaxtsız almışdı əlimizdən. Amma heç olmasa onda bir təsəllimiz - Aşıq Xanlar ocağının və sənətinin davamçısı Azər vardı. Elə o vaxtlar Zəlimxan Yaqub da Azərin gələcəyinə böyük ümid bəsləyərək yazırdı: "Bu gün mənim üçün ən böyük təsəlli odur ki, Xanların ocağı sönmədi. Onun bağrının parası, gözünün nuru, böyük istedad sahibi Azər Xanlaroğlu onun yolunu, sənətini bir kişi qeyrəti ilə, çox ləyaqətlə davam etdirir. Hər dəfə Azərə qulaq asanda gözümün yaşını saxlaya bilmirəm. Xanlar gəlir durur gözlərimin qabağında. Boyu-buxunu da, çalğısı-havacatı da, ləngəri-təmkini də Aşıq Xanlardı ki, Aşıq Xanlardı". Və Zəlimxan Yaqub bunu bir ata üçün, sənətkar üçün böyük xoşbəxtlik sayır, Aşıq Xanları da sözün əsl mənasında xoşbəxt taleli sənətkar adlandırırdı. Aşıq Xanlar bir ata və sənətkar ömrünü övladının - Azərin ömründə yaşayırdı.
 
Azər sənətdə çox erkən parlamış, bənəzərsiz ifası ilə sənətsevərlərin könlünə yol tapmış və hamıya məlum həqiqəti bir daha sübut etmişdi ki, doğrudan da, ustad oğlu şəyird olmaz. Qısa müddətdə istedadlı solo-saz ifaçısı kimi Azərbaycanda məşhurlaşmış, sorağı ölkəmizin hüdudlarını aşmışdı. Gənc aşıqlar arasında özünəmxsus bənzərsiz ifası ilə fərqlənir, təkcə Azərbaycanda yox, həm də Türkiyədə, İranda, Gürcüstanda və digər türkdilli ölkələrdə də tanınıb sevilirdi.
 
Respublikamızda keçirilən bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xarici ölkələrdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil etmişdi. Azər Xanlaroğlu 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi və Birliyin həyata keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edirdi.
 
Azəri sevdirən istedadı, sənətdə özünəməxsusluğu - könüllərə od vuran sazı, hər havada vurduğu zərif xallar və incə döndərmələrlə yanaşı, həm də onun səmimiliyi, təvazökarlığı, böyük-kiçik yerini bilməsi, dünya malında gözü olmaması idi. Özünün və sözünün yerini bilən idi, heç vaxt sənəti ucuz tutmazdı. Son illərdə səhhətində problemlər olsa da, mümkün qədər öz ağrılarını başqalarına yük etməməyə çalışırdı. Həmişə şən, pozitiv əhval-ruhiyyədə görsənirdi. Amma xəstəlik öz işini görməkdəydi. Gördü də... 2018-ci il may ayının 12-də Azərsevərlər üçün səhər qara xəbərlə açıldı. O gün sənət bağçasının güllərini şaxta vurdu, şirin avazı ilə könüllər oxşayan bir bülbülün ötən səsi, sazımızın şah pərdəsi qırıldı, tellər, simlər "Azər bu dünyadan köçdü" deyib, haray çəkdi. Amma Azər sadəcə dünyasını dəyişdi, ölmədi, ölümsüzlüyə qovuşdu.
 
Çünki onun ömrü ölməz olan bir sənətin ömrüdür, gündən-günə çeşmələnən, çaylanan bir danılmaz həqiqətin ömrüdür! Həqiqət isə heç zaman ölmür. Sənətin Azər Xanlaroğlu həqiqəti də zaman-zaman yaşaycaq../"Ədalət" qəzeti/
 
Musa NƏBİOĞLU
Azərbaycan Aşıqlar
Birliyinin katibi,
Əməkdar Mədəniyyət İşçisi



Redaktorun seçimi