Möcüzə gözləyən gənc - Akəm Xaqan

Hit: 539
Möcüzə gözləyən gənc - Akəm Xaqan
 
Azərbaycan ədəbiyyatında şeir bədii təfəkkürün obrazlı, emosional ifadə forması olaraq ritmə, ahəngə tabe etdirilmiş, rəngarəng təsvirlərdən ibarət, ifadəli məzmuna malik, insanı və ya insan təbiətini dəyişməyə qadır olan söz sənətidir.
 
Şeir- SEHR, şair SEHRBAZdır. Müəllif daha çox axıcı, vəznli, qafiyəli, vurğulu sözlərlə ifadə etdiyi düşüncə və yaşam tərzi ilə eyni taleyi bölüşür. 
 
Təbii ki, təqdim olunan məhsulun keyfiyyəti ilə bəlli olan müəllif və özünəməxsus ovqat təzələmək istəyən oxucu var. Müəllifin oxucunu nəzərə almadan özünü düşünməsi yasaq. Söz sahibinin kimliyini,  məlum oxucusunun dincliyini təmin edir. Bu da o deməkdir ki, sözlə oynamaq odla oynamaq qədər çətin, məharət və məsuliyət tələb edən işdir. Hansı ki, sözə münasibət təbii olmadıqca adamların hissləri ilə oynamaq günah, israfçılıq tərbiyəsizlikdir. 
 
Tərbiyə genetik fonda hər bir fərdin danışığı, davranışı və gülüşündə belə bəlli poza verir. O cümlədən  özün haqqında güzgüdə göründüyündən artıq cıza biləcəyin bir surət yoxdur. Mümkün və məsləhət olanı Tanrı cızılmışdır ki, hikmətini anlamaq və dəyərləndirmək bizlərə düşər. Həqiqi sənət  ilahi nurla barışan adamlara məxsus.
 
Söz sahibi olmaq odla oynamaq qədər təhlükəli, su ilə yuyunmaq qədər məzəlidir. Çətin və şərəfli işdir. Şeir yazmağa görə də kimsəni qınamaq olmaz. Əslində poetik dildə danışmaq həyat eşqi coşan hər bir oxucunun arzusu, yenilməz cəhdidir. Kitab ilk olaraq zövq formalaşdırır. Düşüncələrə aydınlıq gətirməklə yanaşı adamlara özünü ifadə etmək imkanı verir. Özünü tapan hər bir oxucu xoşbəxtdir... "- qeydi mənim Vüsal Yurdoğlunun ilk şeirlər kitabına yazılmış olduğum ön söz əvəzi "XEYİR-DUA"dan götürülmüşdür. 
 
Mən onu əvvəl bir yoldaş, sonra da poetik dildə danışmağa çalışan və ürəyi sevgilə döyünən kiçik bir qardaş kimi sevdim. Görüşlərimizdə ədəbi əsərlərin tənqid və təhlilinə maraq göstərib, düşüncələrini ifadə etməyə çalışırdı. Hərdən də yazdıqlarını dilə gətirib, məsləhət və tövsiyyələrimi dinlərdi. Beləcə imkanlarımızın reallaşması və güvənli olması üçün çalışdıq. Bir gün də kitab çap etdirmək niyyətində olduğunu bildirdi. Təbii ki, onun bu istəyini alqışladım. Bəlkə də başqa bir vaxt "tələsmə!"-deyərdim. Amma ömrünün yetginlik dövrünə qədəm qoymuş gəncin məsləhətdən daha çox diqqətə, oxucu auditoriyasına və reallıqda özünü görmək ehtiyacının fərqinə vardım.  Az bir vaxtda kitaba düşəcək şeirlər seçilib, toplandı. İmkanlarımız daxilində fərqli dizayna malik, gənc müəllifi fərəhləndirəcək "Mən möcüzə gözləyirəm" kitabının çapına nail olduq. Hələ bu da azmış kimi, onu sevən oxucu, hərbiçi və yazar dostlarının da iştirakı ilə yeni, xoşagələn formatda təqdimatının da təşkilinə nail olduq.  Beləcə gənc qələm sahibi Vüsal Yurdoğlunun "Mən möcüzə gözləyirəm" kitabı ilə oxucuların görüşünə gəldi. Üzündə gülüş, içində fərəh var idi. Fərəhindən kitab götürüb, müəllifdən imza almaq istəyənlərin arasında qardaşı Turalı da görmək  mənə  xoş idi... 
 
Təbii ki, kitabının ərsəyə gəlməsində mənə yaxından yardımçı olmuş, kitabın redaktoru Namiq Dəlidağlıya və  Azəri Poliqrafiya Nəşiriyyatına, o cümlədən tədbirin təşkilində yardımçı olan Azərkitab mərkəzinə, şəxsən peşəkarlıq məharətilə xoş günümüzü fotoyaddaşa köçürən Nofel Umidə, Ətayə Odər Əkbərsoy, Hidayət Sönmez - Hajiya Gəlişilə məslisimizi dəyərləndirən iştirakçılara təşəkkür edirəm
 
Gözün aydın, yolun açıq olsun, GƏNC DOST.
 
Akəm Xaqan  -şair, tənqidçi ( aparıcı və ön söz müəllifi)
 
 
 
 
 
 
 








Redaktorun seçimi