Armud ağacı - Gülnarə İlhamın hekayəsi

Hit: 1720
Armud ağacı - Gülnarə İlhamın hekayəsi

Faktor.az Gülnarə İlhamın "Armud ağacı" hekayəsini təqdim edir:

***
Babam armud ağacını əkəndə ürəyimdə arzuladım ki, ağac xədim olsun. Bar gətirməyən ağaca xədim deyərdi babam. Bacımla mən ağlayırdım. Nənəmsə babamın qarasınca deyinirdi ki, uşaqların bir qırıq oynamaq yerlərini bu barverməz şitillərinlə əllərindən alırsan. Allaha ağır gedər, oy…

Nənəmin sözü ağzında yarımçıq qaldı. Babam boynunun kökündən bizimkilərin diliylə desək, əliabbas şilləsi ilişdirdi. Nənəm ətli-canlı əndamına baxmayaraq, pişik cəldliyi ilə babamın əlindəki kürəyin zərbəsindən yayına bildi. Balkondan bizə tamaşa edən anam özünü görməzliyə vurub evə girdi. Yəqin ki, nənəmin onun yanında sıxılmasını istəmədi. Biz isə babamın bu ani hərəkətindən və nənəmin belə cəldliklə hoppanmağından ağlamağı unudub şaqqanaq çəkdik. Nənəm bizim güldüyümüzü görüb, boynunu ovuşdura-ovuşdura gülümsündü. Babamın üçüncü həmləsini gözləmədən nənəmin əlindən yapışıb evə qalxdıq. Könlünü almaq üçün həmişəki kimi onun qolunun altından sallanan yumşaq əti ilə oynamağa başladım. Nə də olsa şilləni bizə görə yemişdi. 

Qırmızı xınalı saçları, qonur gözləri, ağappaq dərisi, yastı burnu olan nənəmi ən çox da çobanyastığı ətri verən bədəni ilə sevirdim. Adətən çimməzdən əvvəl vedrədə çobanyastığı dəmləyər, sonda suyu başından töküb çıxardı. Ətri bir neçə gün getməzdi bədənindən.

Bir neçə ildən sonra arzum çin oldu. Ağac bar gətirənə oxşamırdı. Yenə yazın qışı təzəcə yola salan vaxtı babam ağacların dibini boşaldırdı. Tərsliyinə salıb o ağcadan əl çəkmirdi, vaxtlı-vaxtında qulluğunu edirdi. Nənəm onun ağaclara belə qulluq etməsini qısqanırdı. Pəncərədən baxıb arxasınca ikiəlli qaramat atanda dodağının altında deyindiyini eşitmişdim.

“Heç ömrümdə mənə bu qədər qulluq etmədi” – deyirdi.

Babamın sərt düzümlü qaşlarının altından baxan gömgöy gözləri, yenicə yonulmuş karandaş kimi dik burnu onu daha da təkəbbürlü göstərirdi. Çeçələ barmağındakı uzun dırnağını və dodağının üstündəki nazik bığını isə az qala gündə iki dəfə səliqəyə salırdı. 

Həmin gün lap zilə qalxmışdı günəş. Məktəbdən gələn kimi bacımla tələm – tələsik əynimizi dəyişib qonşuluqda yaşayan əmiqızlarını çağırdıq. Məktəbdən gətirdiyim tabaşirlə həyətin daş döşənmiş balaca hissəsində “Sinif “ oyunu çəkdik. Yolda gələndə bacımla yaxşı sürüşən, yastı şumal daş tapmışdıq. Elə daşı yerdəki oyunun birinci sinfinə qoyub yenicə bir ayağımı qatlamışdım ki, əmioğlum Kərəm qışqıra-qışqıra içəri girdi. Ayağı ilə daşa necə toxundusa daş 10-cu sinfə adladı.

– Baba, baba, bibimi küçənin başında döyə-döyə qaçırdılar!

Onun əlində bibimin ayaqqabısının bir tayı və çantasından düşən pomadası vardı. Anam, nənəm pilləkəni necə, nə vaxt düşdülər, orası yadıma gəlmir. Bircə onu gördüm ki, babam əlindəki su vedrəsini əmioğlum tərəfə necə tulladısa, yerdəki oyun qarışıq hamımız suya batdıq. Ağ tabaşir darvazadan çölə axmağa başladı.

– Kimdir qızı aparan, ay oğraş?

Qorxudan Kərəmin ciyəri az qala ağzına gəlmişdi. Dili topuq çalırdı. Bir şillə yeyəndən sonra dili açıldı.

– Cücə Kazımın oğlu idi, deyəsən.

– Bəs qızın biqeyrət nişanlısı harada idi?

Babamın boğazının şişmiş damarlarındakı qanı görürdüm sanki.

Kərəm yenə kəkələyə – kəkələyə Turanın səhər Tbilisiyə getdiyini dedi. Nənəm pilləkəndə oturub dizlərinə döyür, saçını yolurdu. Anam stəkandakı suyu onun üzünə çiləyirdi. Biz isə elə onsuz da suyun içində idik. Qohum-qonşu yavaş-yavaş bizə axışırdı. Kərəm atamı və əmimi axtarmaq üçün parkdakı çayxanaya qaçdı. Elə onlar da xəbəri orda almışdılar. Babam kürəyi götürüb evdən necə çıxdısa, heç kəs cəsarət edib, onu geri qaytara bilmədi. Əmimlə atam babama yarı yolda qoşulmuşdular.

Cücə Kazımın evi bizdən iki küçə o yanda idi. Oğlu Rəşad uşaqlıqdan bibimi sevirdi. Bibim nişanlısı Turanla sinif yoldaşı olmuşdu. Rəşadla Turan hələ məktəbdə oxuyarkən tez-tez bibimə görə dalaşarmışlar. Hətta onların davalarına görə bir dəfə direktor hər üç ailənin kişilərini çağırıb xəbərdarlıq edibmiş.

“Qoduxlarınız axırda məktəbimdə qan çıxaracaqlar” – deyibmiş. Babam da bibimi döyür, günlərlə məktəbə getməyə icazə vermirmiş. Sinif rəhbərinin qapıya gəlib, babama xahiş – minnətindən sonra ürəyi yumşalırmış. Nənəm də bu yaxşılığı qarşılıqsız qoymaz, sandığındakı ən bahalı parçalarını zorla müəllimin çantasına basırmış…

Məktəbi bitirdikdən sonra Rəşadın hissləri onu xeyli hikkəli etmişdi. Özünü elə aparırdı, sanki, dünyada sevilməyən yeganə kişidir. İçində uşaqlıqdan bəri gəzdirdiyi qarşılıqsız sevgi hamını zəhərləyəcək qədər böyüyüb nifrətə çevrilmişdi.

Bibim Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirəndən sonra vaxtilə oxuduğu məktəbdə dərs deməyə başlamışdı. Turan isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib xarici şirkətlərlə müqavilələr əsasında layihələr işləyirdi. Ona görə də tez-tez səfərlərə getməli olurdu. Yaxın olduğu üçün bu dəfə daimi iş yeri kimi Gürcüstanı seçmişdi. Elə bu səhər də Tbilisiyə müqavilə bağlamağa getmişdi.

Babamgil evə qayıdanda hava qaralmışdı. Kazım onların qarşısında dəfələrlə üzrxahlıq edib, Rəşadı oğulluqdan çıxaracağını deyibmiş. Qohum – əqrəba nənəmə ürək-dirək verirdi.

Bu gecə bibimi qaytarmasalar, babam bir də onu qızı kimi qəbul edə bilməyəcəyini bağırırdı. Nənəm başına döyməkdən saçları pırpızlanıb, hörüklərinin arasından çıxmışdı.

– Daha getdi, o artıq Rəşadın arvadı, Kazımın gəlinidir. Oradan bu qapıya meyiti gələr bir də.

Babamın dediyi oldu. Səhərə yaxın bibimin meyitini Rəşadın dostu gətirdi. Rəşad isə camaatın əlinə düşsə, sağ çıxmayacağını bilib, polisə təslim olmuşdu.

Bibim aparıldığı başqa kənddəki evdə işıq xəttinə əl atıb özünü toka vermişdi. Yaşıl ədyala büküb gətirmişdilər bibimi. Qolları, ayaqları yanmışdı. Qadınların çığırışması az qala rayonun hər yerində eşidilirdi. Birdən nənəmin naləsi bütün səsləri batırdı, kilsə zənginə bənzər cingilti hamını yarıb keçdi sanki. O çığırtı nənəmin son çığırtısı oldu. Özündən getdi. Günortaya yaxın bibimi dəfn etməyə apardılar. Nənəm artıq heç kəsi tanımırdı, elə uzanıqlı gözünü bir nöqtəyə zilləmişdi. Tibb bacıları başının üstündə növbə çəkirdi. Hamı bunun keçici şok olduğunu düşünürdü. Amma daha əvvəlki nənəmdən əsər-əlamət qalmamışdı. Günlər keçdikcə artıq evdə hər kəs onun havalanmağı, ağlını qaçırmağı ilə barışmalı oldu.

Yenə ona yaxınlaşıb qolunun sallanan ətini oynatmaq, çobanyastığı ətrini qoxulamaq istəyirdim, amma məni yaxın qoymurdu. Onsuz da daha çobanyastığı ətri də gəlmirdi nənəmdən.

Gün ərzində dediyi yalnız – "qız", "tok apardı", "armud ağacı" – sözləri olurdu. Bir dəfə nənəmin barmaqlarını divardakı elektrik yuvacığına soxmağa çalışdığını gördü atam. Tok apardı, tok apardı – deyib qışqırırdı nənəm. Mənə elə gəldi ki, o, xırdaca deşikdən içəri girib bibimi oradan çıxaracağına inanır. Həmin gündən sonra evdə tok paylayıcı nə vardısa hamısının deşiklərinə plastik tıxac taxırdıq. Anam paltarları da adətən nənəm yatandan sonra ütüləyirdi.

Nənəmin yemək yediyini də çox az görürdüm. Elə bilirdim heç nə yemir. Anam deyirdi ki, boşqabını gizlədir, aparıb gizlin yeyir. Bəzən boşqabı, qaşığı, əlinə xırda nə düşürdüsə hamısını tualetin deşiyinə atırdı.

Nənəmdə başqa qəribə vərdişlər də əmələ gəlmişdi. Qabağına yemək qoyulanda boşqabını bizim boşqablarla dəyişirdi. Babamdan başqa heç kəsi yaxın buraxmırdı özünə. O da indiyədək nənəmin alışmadığı nəvazişi göstərməyə məcbur olurdu. Nənəmi bibimin qəbrinin üstünə də aparmışdı. Amma o heç ağlamayıb. Heç harda olduğunu da anlamayıb.

Müalicələr nənəmə təsir etmirdi. Babam bir dəfə nənəmi Gürcüstana həkimə aparanda Turanla qarşılaşıbmış orada. Turan hadisədən Tbilisidə xəbər tutmuşdu və o vaxtdan rayona ayaq basmamışdı. Babamın atamgillə söhbətindən Turanın saçının ağardığını, arıqlayıb xarab olduğunu eşitmişdim. Babam Turanla görüşəndə qucaqlaşıb ağlaşıblar. Nənəmi də onun məsləhət bildiyi çox yaxşı bir həkimin yanına birlikdə aparıblar…

Nənəm ona verilən dərmanları tüpürürdü deyə əzib yeməyinə, çayına qatırdılar. Bir dəfə yeməyinə dərman qatıldığını görmüşdü. Sonralar anladım ki, nənəm boşqabını niyə başqasınınkı ilə dəyişir. Ona görə də süfrədə elə əvvəlcədən dərman tökülən boşqabı birimiz qabağımıza çəkirdik. Nənəm boşqabını dəyişmək istəyəndə tez özmüzünkünü verirdik, o da sakitcə götürürdü.

Bir gün nənəmin ağzının qan içində olduğunu gördük. Hamımız çox qorxduq. Babam tez barmaqlarını salıb nənəmin ağzını açmağa çalışdı. Birtəhər də olsa ağzını aça bildi arvadın. Nənəm armud ağacının budağından qırdığı balaca çubuğu dişinə bərk-bərk sıxmışdı. Bir dişi də düşmüşdü. Həmin gündən sonra nənəmdən daha çox qorxurdum. Demək olar ki, ona yaxın gedə bilmirdim. Və bu məni çox incidirdi. O vaxtdan nənəm ölənə qədər cəmi bir dəfə onun əlindən tutdum. 

Axşamçağı uşaqlarla küçədə oynayırdıq. Nənəm təkcə başını qapıdan çıxardıb bizə baxırdı. Yaxınlaşıb qorxa-qorxa əlindən tutdum, o da məndən bərk yapışdı. İnana bilmirdim ki, bir vaxt əlindən tutub gəzdiyim nənəm indi mənim əlimi uşaq kimi sıxır. Biz yavaş-yavaş küçədə addımladıq. Əmim qızları da maraqla arxamızca gəlirdilər. Yenidən qapının yanına çatanda nənəm qəfil əlimi itələyib həyətə girdi. Həmin günü çoxlu ağladım. Özü də hönkürtü ilə.

Ağlayan kimi burnum şişib qızarırdı deyə həyətə qaçıb qızıl güllərin dibindəki su şlanqını üzümə tutdum. Anamın ağladığımı bilməyini istəmirdim. Anam güllərin, ağacların dibində nəsə axtarırdı. Heç mənə fikir də vermədi. Çox narahat görünürdü. Sonra balkondan atamın səsini eşitdim.

– Tapmadın?

– Yoxdu burada. Mən sənə deyirdim axı. Əminəm ki, tualetə atıb, dəqiq. Başqa hara yoxa çıxasıdır.

– Gəl, evə bir də bax, huşsuzsan də. Guya özün ondan çox ağıllısan.

Atamla anamın bu söhbətindən nəyinsə itdiyini anladım. Amma onların əhvalının bu vaxtında cəsarət edib soruşmadım. Anam tələsik evə çıxdı. Mən də onun arxasınca qaçdım. Babam nənəmi kresloda oturdub, başını sığallaya-sığallaya qızılları hara atdığını soruşurdu.

– Qorxma, Samış, Səmayə de. Sən uşaqların canı de hara atmısan?

Nənəmsə qızıl sözünü qız anlayırdı deyəsən. “Qızı tok apardı” deyirdi. Tez-tez eyni sözü təkrarlayırdı. Anam yenə də döşəkləri qaldırıb ağlaya-ağlaya çarəsiz axtarışına davam edirdi.

Nənəm anidən qışqırıb babamın əlindən yapışdı. “Qızı tok apardı” – deyib babamı dartmağa başladı. Babam atama işarə elədi ki, o da gəlsin. Nənəm onları küçəyə çıxardı, biz də anamla arxalarınca getdik. Onlar küçədə gözdən itənəcən darvazanın ağzında dayanıb baxdıq. Bir neçə saatdan sonra babamgil yorğun, çarəsiz geri qayıtdılar. Xeyli ağladıqları gözlərindən görünürdü. Atam içəri girib anamın üzünə baxanda lap hönkürtü ilə ağlayıb içəri keçdi. Nənəm onları düz bibimin qəbrinin üstünə kimi dartıb aparmışdı. Babamagil qəbrin ətrafını xeyli axtarsalar da, heç nə tapa bilməmişdilər. Nənəmsə ilk dəfəymiş ki, bibimin qəbrini qucaqlayıb ağlayıbmış.

Səhər məktəbə gedəndə əmimin yoldaşının qışqırığını eşitdik. Kərəmə qarğış edirdi. Əmimin təngnəfəs yarımçıq səsi gəlirdi. Hiss olunurdu ki, kimisə döyür. Kərəm – “qağa, qələt elədim, qağa başına dönüm” – deyib ağlayırdı. Biz bacımla başımızı qapıdan içəri saldıq. Əmiqızları rəngləri qaçmış halda aşağıdakı evin pəncərəsindən atalarının Kərəmi döyməyinə tamaşa edirdilər. Çox güman ki, babamgil həyətdə işləyən su motorunun səsindən əmimgilin hay-küyünü eşidə bilmirdilər.

Kərəm anamdan oğurladığı zinət əşyalarının içindən cəmi bir üzük götürüb qızıl alveri edən Eşşək Valehə satmışdı. Valeh də elə eşşəkliyinə salıb on beş yaşlı uşaqdan qızılı sorğu-sualsız – lom qiymətinə alıb piştaxtasına qoymuşdu. Evdə bunu Kərəm velosiped və yeni çıxan “Super Mario” oyun aparatı alanda bilmişdilər. Əmioğlu atasının təkidinə tab gətirə bilməmiş, hər şeyi etiraf etmişdi. Əslində o, yalnız bircə qızıl götürəcəkmiş. Sadəcə həmin vaxt anamın ayaq səsini eşidib deyə tələsib və dəsmala bükülü qızılların hamısını götürməli olub.

Bu mənzərəyə başımız necə qarışmışdısa, dərsin başlamağı yadımızdan çıxmışdı. Hiss etdim ki, əmiqızları bizə baxmağa utanırlar. Əmimin yoldaşı ağlayaraq atamgilə nə cavab verəcəyini qışqırırdı. Bacım gedib babamgili də çağırmışdı artıq. Kərəmin qorxudan saraldığını görən babam qaçıb onu əmimin əlindən aldı. Anam atamın qulağına Kərəmdən şübhələndiyini, amma düşmənçilik olmasın deyə onun adını deməyə qorxduğunu pıçıldadı. Ara yenicə sakitləşməyə başlayırdı. Heç kəs bir-birinin üzünə baxmırdı. Kərəm başını babamın sinəsinə möhkəm sıxmışdı. Babam onu neçə dəfə özündən aralamaq istəsə də, Kərəm üzünü çevirməmişdi.

– Qurban olum, gedək, apar məni burdan – deyirdi.

Qəfil bizim həyətdən nənəmin qışqırtısı eşidildi. Elə bil hamı eyni vaxtda ayıldı ki, nənəm evdə tək qalıb. Bu vaxt həyətimizdən su motorunun da səsi kəsildi. Nənəm motora gələn naqili kəsib əlinə dolamışdı. Biz çatanda artıq nəfəsi gəlmirdi. Əlində yanıq izləri vardı.

Babam, nənəmin meyitini özü yuyacağını dedi. Heç kəsi yaxına buraxmadı. Onsuz da balaca olan bağçada çox az yer qalmışdı. Babam, armud ağacının kökünü qazıb elə köklü-köməcli çıxardı. Kürəklə döyəcləyib yeri şumalladı. Ətrafındakı ağcalara böyük ağ parçalar bağlayıb nənəm üçün yuyat yeri düzəltdi. Sabun, gülab, nənəmin həmişə istifadə etdiyi yaşıl qulplu parçı kətilə düzmüşdü. Əmimlə atam su ilə dolu paltar qazanının kənarlarından yapışıb babamın yanına gətirdilər. İçindəki ləngər vuran çobanyastığı çiçəkləri gözümə heç vaxt bu qədər gözəl görünməmişdi.









Redaktorun seçimi