"Seçilmiş povestlər" toplusunun təqdimatı keçirildi

Hit: 1485
"Seçilmiş povestlər" toplusunun təqdimatı keçirildi
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Yazıçılar Birliyinin üzvü, “Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru Əli Bəy Azərinin redaktorluğu ilə tərtib edilmiş “Seçilmiş povestlər” toplusunun təqdimatı keçirildi.
 
Tədbirdə topluya daxil edilmiş əsərlərin müəllifləri, şairlər, yazıçılar, tənqidçilər, jurnalistlər və digər ictimaiyyət nümayəndələri iştirak etdilər. 
 
Təqdimat tədbiri şair, el ağsaqqalı, ehtiyatda olan polis polkovniki Əjdər Yunis Rzanın giriş sözü ilə başladı. Natiq Xalq Cümhuriyyətinin fəaliyyəti barədə iştirakçıları geniş məlumatlandırdı. Sonra söz topluya daxil edilmiş “Səbət” povestinin müəllifi Natəvan Dəmirçioğluya verildi. Natəvan xanım çıxış edərək Xalq Cümhuriyyətinin fəaliyyətində müəyyən mühüm məqamlara toxundu və povesti barədə bəzi incəlikləri açıqladı.
 
Ondan sonra söz ədəbi mühitdə daha çox müasir dedektiv povestlər müəllifi kimi tanınan Qafar Cəfərliyə verildi. Topluya daxil edilmiş “Namus yarası” povestinin müəllifi Qafar Cəfərli Azərbaycan reallığında cinayətkar aləmə qarşı mübarizənin sivil yollarını bədii formada oxucuya çatdıra biləcək əsərlərin yaranmasının vacibliyindən danışdı və belə səpkidə iyirmiyədək əsərə imza atdığını vurğuladı.
 
Növbəti çıxışçı Sənəm Səbayel oldu. Topluya daxil olunmuş “Şahanə” povestinin müəllifi öz çıxışında ölkənin ağrılı yeri olan Qarabağ (Azərbaycan-Ermənistan münasibətlərinə) mövzusuna toxunaraq azərbaycanlıların açıqürəkliyindən və qonaqpərvərliyindən, ermənilərin isə riyakarlığından və xəbisxislətli olmalarından geniş bəhs etdi. Povesti qələmə alarkən dəfələrlə cəbhə bölgəsinə yollandığını, yerli əhali ilə ünsiyyətdə olaraq vacib məqamları araşdırdığını vurğuladı. 
 
Tənqidçi Vaqif Yusifli çıxış edərək povest janrı barədə geniş məlumat verdi. Topluya daxil olan imzalara toxundu, Natəvan Dəmirçioğlu, Qafar Cəfərli, Rəşid Bərgüşadlı, Sənəm Səbayel, Sultan Mərzili, Əli Bəy Azəri imzalarını tanıdığını, onların yazı üslubu ilə qismən tanışlığını bildirdi. “Seçilmiş povestlər” toplusunu oxuyacağını, rəy bildirəcəyini vurğuladı.
 
Adil Həsənoğlu, Fərhad Əsgərov, Xeyrulla Ağayev, Əlisahib Əroğul, Balayar Sadiq, Nemət Bəxtiyar və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və fəaliyyətindən bəhs etdilər, Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə tərtib edilmiş topluya daxil olan əsərlərin müəlliflərini təbrik etdilər, onlara yeni yaradıcılıq uğurları arzuladılar.   
 
Topluya daxil olunmuş “Şəhərli qızın dəli sevgisi” povestinin müəllifi Əli Bəy Azəri, “Depressiya” povestinin müəllifi Şiringül Musayeva, “Qoz ağacı” povestinin müəllifi Nazir Çərkəzoğlu, “Gözü yolda qalan var” sənədli povestin müəllifi Ramiz İsmayıl və “Elçi zanbaqlar” povestinin müəllifi İlahə İmanova öz əsərlərindən danışaraq, niyə məhz povest janrını seçməkləri barədə tədbir iştirakçılarını məlumatlandırdılar.
 
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdi. 
 
Qeyd: Təqdimat videolentə alınıb, hazır olan kimi internetə yerləşdiriləcək.
 
 








Redaktorun seçimi