Fərhad Əsgərovun "Vicdan və nəfs" kitabı çap edilib

Hit: 1270
Fərhad Əsgərovun "Vicdan və nəfs" kitabı çap edilib
Ədəbi mühitdə daha çox alleqorik janrda yazılan əsərlər müəllifi kimi tanınan Fərhad Əsgərovun yeni kitabı çapdan çıxıb.
 
"Vicdan və nəfs" adlanan həmin kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitaba yazıçının bədii nəsr əsərləri ilə yanaşı bəzi publisistik yazıları da daxil olunub. 
 
Fərhad Ramiz oğlu Əsgərov 1960-cı il dekabr ayının 24-də Bakının Mərdəkan qəsəbəsində anadan olub. Mərdəkandakı 181 nömrəli orta məktəbin, M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbin və Beynəlxalq Pedaqoji Akademiya Fasiləsiz Təhsil Kompleksi Futuroloq Açıq Universitetin məzunudur. 1980-ci ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbin “texniki əmək və rəsmxət” müəllimi ixtisasını bitirdikdən sonra təyinatla Kəlbəcər rayonunun Kilsəli kənd orta məktəbində müəllim işləməyə başlayıb. Üç aydan sonra könüllü olaraq həqiqi hərbi xidmətə göndərilib. 1980-ci ilin noyabr ayından 1982-ci ilin dekabr ayına kimi Qazaxıstan Respublikası Kızılorda vilayətinin Leninsk şəhərində, kosmodrom Baykonurda hərbi xidmətdə olub. 1982-ci ilin dekabr ayında hərbi xidmətdən qayıtdıqdan sonra Kəlbəcər rayonunun Seyidlər kənd orta məktəbində müəllim işləyib.
 
1983-cü ilin sentyabr ayından Bakının Şağan qəsəbəsindəki 124 nömrəli məktəbdə müəllim işləməyə başlayıb. 1984-cü ildə Mərdəkan qəsəbəsindəki 181 nömrəli orta məktəbə köçürülüb və 1993-cü ilin yanvar ayına kimi həmin məktəbdə müəllim işləyib.
 
İlk məqaləsi 1978-ci ildə tələbə olarkən “Azərbaycan müəllimi” qəzetində dərc edilmişdir. 1983-cü ilin yanvar ayından başlayaraq mütəmadi olaraq informasiya və məqalələri “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri”, “Bakı”, “İdman”, “İnşaatçı”, “Bakinskiy raboçiy” qəzetlərində, “Təşviqatçı” jurnalında dərc olunub, respublika radiosunda yazıları səsləndirilib.
1993-cü ilin yanvar ayında “Paklıq” ictimai, ədəbi və hüquq qəzetininin xüsusi müxbiri vəzifəsinə təyin edilib. 18 mart 1994-cü ildən həmin qəzetdə şöbə müdiri vəzifəsində işləməyə başlayıb.
 
1995-ci ilin yanvar ayında “Azəravtonəqliyyat” Dövlət Konserni və Sahə Həmkarlar İttifaqı Respublika Konfederasiyasının orqanı olan “Karvan yolu” qəzetində müxbir vəzifəsinə işə düzəlib. Sonrakı illərdə “Karvan yolu” qəzetində məsul katib, daha sonra isə redaktor müavini vəzifələrində işləyıb.
 
2005-ci ilin sentyabr ayına kimi müxtəlif qəzetlərdə çalışib. Fərhad Əsgərov respublikamızın müstəqilliyi illərində bir qəzetdə çalışsa da,  informasiya və məqalələri “Səhər”, “Açıq söz”, “El qəzeti”, “Hakimiyyət”, “İnsan hüquqları”, “Sərbəst düşüncə”, “Yeni təfəkkür”, “Yeni dünya” və digər qəzetlərdə dərc edilmişdir.
 
2005-ci ildə “Nüanslar” ictimai-siyasi publisistik aylıq qəzetini təsis etmişdir. “Nüanslar” qəzetinin ilk nömrəsi 2005-ci ilin oktyabr ayında işıq üzü görüb.
 
O, ədəbi yaradıcılıq ilə də məşğuldur. Alleqorik janrda nağıl və poemaların, habelə hekayə və sənədli povestlərin müəllifidir.
 
1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Fərhad Əsgərovun yaradıcılığı müxtəlif mükafatlarla qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2007-ci il tarixli fərmanına uyğun olaraq Fərhad Əsgərov 2015-ci ildə birillik Prezident təqaüdünə layiq görülmüşdür. 2003-cü ilin sentyabr ayında “İti qələm” Respublika Ədəbi Birliyi tərəfindən “Söz sənətinin inkişafında əvəzsiz xidmətlərinə” və “Qaranlıq meşədə gizli oyunlar” kitabına görə “İti qələm” fəxri diplomu ilə təltif edilmişdir. “Maraqlı alleqorik nağıl və poemalarına, müasir Azərbaycan nəsrinin inkişafındakı xidmətlərinə, müntəzəm olaraq dövrü mətbuatda çap olunan peşəkar publisistik və tənqidi yazılarına görə” 2004-cü ildə o, Azərbaycan Azad Qələmlər Cəmiyyəti tərəfindən “Qızıl qələm” fəxri mükafatı almışdır.
 
2004-cü ildə 983 səhifədən ibarət “XX əsr Azərbaycan yazıçıları – ensiklopedik məlumat kitabı” çapdan çıxıb. Kitabın müəllifi Teymur Əhmədovdur. Bu kitabda 1800-ci ildən sonra Azərbaycanda yaşamış yazıçılar, şairlər, tənqidçilər haqqında ensiklopedik məlumat verilmişdir. Bu məlumatlar təxminən 2000 nəfəri əhatə edir. Kitabın 315-ci səhifəsində Əsgərov Fərhad Ramiz oğlu haqqında da məlumat verilmişdir. Bu kitabdan Fərhad Əsgərovun “Tale” (1996), “Ötən günlər” (1997), “Yurd həsrəti, Vətən sevgisi” (1997), “Prokuror – Ümid qapısı” (1998), “Filin dərdi böyükdür” (1998), “Ömür elə qısadır ki...” (1998), “Aqibət” (1999), “El ağsaqqalı” (1999), “Boz Pələngin yuxusu” (1999) adlı kitablarının çapdan çıxması barədə də məlumat alırıq.
 
O da qeyd olunur ki, bunlar sənədli povest, hekayə, məqalə, xatirə və mülahizələr toplusudur.
 
2011-ci ildə o, Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu üzrə imtahandan keçib Bakının tam orta məktəblərinin birində müəllim kimi işə başlamışdır. Baxmayaraq ki, Fərhad Əsgərov məktəbdə işləyir, yenə də müxtəlif səpkili məqalələri jurnal, qəzet və saytlarda dərc edilir. 2014-cü ildə onun 288 səhifəlik “İllərin nəfəsi” adlı kitabı işıq üzü görüb. Kitabda müəllifin uşaqlar və böyüklər üçün yazdığı hekayələr, alleqorik janrda nağıl və poemalar, bir novella, bir monoloq, olmuş məzəli hadisələr, oçerklər, eləcə də müxtəlif qəzetlərdə dərc olunmuş məqalələrindən nümunələr verilmişdir.
 
Fərhad Əsgərovun yeni çap olunmuş “Vicdan və nəfs” kitabında toplanmış hekayələr və “Təsirləndiyim məqamlar” başlığı altında verilmiş həyat düşüncələri son illərdə yazılmışdır. Bu hekayələri və həyat düşüncələrini oxuyarkən məlum olur ki, müəllif yaşadığı cəmiyyətdə daim ədalət, düzgünlük, halallıq, insanlıq axtarır. Bu xüsusiyyətlərin təbliği demək olar ki, onun bütün əsərlərində qırmızı xətt kimi keçir. O da məlum olur ki, onun ikiüzlü və riyakar insanlara, yaltaqlara, vəzifəsindən sui-istifadə edib fırıldaq yollarla pul qazananlara qarşı münasibəti müsbət deyil.
 
Fərhad Əsgərov ömrünün kamil dövrünü yaşayır. Lakin bu yaşında da o, öz yaradıcılığını gənclik cağlarında olduğu kimi davam etdirir. Bu sahədə ona bol-bol uğurlar arzulayırıq.
 
Əli Bəy Azəri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru








Redaktorun seçimi