Musa Yaquba şeir həsr edildi - Deyirlər xəstədir, yatır Buynuzda

Hit: 633
Musa Yaquba şeir həsr edildi - Deyirlər xəstədir, yatır Buynuzda
Faktor.az Qorxmaz Şıxəlioğlunun “Eşitdim ki, Musa Yaqub xəstələnib” şeirini təqdim edir.
 
Deyirlər xəstədir, yatır Buynuzda,
Halı yaxşı deyil Musa Yaqubun.
Deyirlər seçilmir yazı payızdan,
Tutulubdur göyü Musa Yaqubun.
 
Deyirlər əlləri göylərdə qalıb,
Palıdın, cökənin... hər axşam-səhər.
Ağaclar sevgili dostları üçün,
Allaha yalvarıb dua edirlər.
 
Vəhşi maralların, dağkəlilərin,
Deyirlər yuxusu ərşə çəkilib.
Təkqayada bitən tənha vələsin,
Nigaran gözləri yola dikilib.
 
Deyirlər İsgəndır quşları bu gün,
Yığışıb Buynuza gəlmək istəyir.
Qartallar əl çəkmir kəndin üstündən,
Şairin halını bilmək istəyir.
 
Deyirlər oxumur Girdiman çayı,
Daha nəğməsindən qalmayıb nişan.
Əlini qaşının üstünə qoyub,
Babadağ uzaqdan baxır pərişan.
 
Deyirlər Buynuzda ildırım çaxıb,
Dünən səhər-səhər, söküləndə dan.
Kimsə deyib: “Yəqin Məmməd Arazın,
Ruhu xəbər tutub şair dostundan”.
 
Deyirlər bir atlı çayı keçirmiş,
Qalacıq tərəfdə, düşəndə toran.
Birdən səs eşidən atlı görüb ki,
Dağlar şeir deyir Musa Yaqubdan.
 
O cavan atlının gözünə bir an,
Bir qoca görünüb saç-saqqalı ağ.
Qoca söyləyib ki, bu səsin, oğul.
Elə dağlar qədər ömrü olacaq../kulis.az/








Redaktorun seçimi