Sevinc Elsevər: "Ərim nifrət etdiyim adı daşıyır" - MÜSAHİBƏ

Hit: 3384
Sevinc Elsevər: "Ərim nifrət etdiyim adı daşıyır" - MÜSAHİBƏ

Kişilərin qadınlar haqqında saya-hesaba gəlməyəcək qədər çox fikirləri var; Fridrix Nitsşe deyir, qadın tanrının ik xətasıydı, Evripid deyir, qadının pisi qədər pis, yaxşısı qədər yaxşı varlıq yoxdur. Bəs, qadınlar kişilər haqqında nə düşünür? Faktor.az sizi maraqlandıran bu sualı nəzərə alıb, qadınları kişilər haqqında danışdırır.

Faktor.az-ın “Qadın sözü” layihəsinin növbəti qonağı tanınmış şair, yazıçı Sevinc Elsevərdir.

-Kişilər deyir, qadınları anlamaq çətindir. Hətta, Ziqmund Freyd qadın psixologiyasını otuz il araşdırmağına baxmayaraq böyük suala cavab tapa bilməyib: Əslində, qadınlar nə istəyir? Sizlər bu qədər qəliz varlıqlarsınız?

-Sualı çox ümumi qoymusan, qaqa. Qadınların hərəsi bir şey istəyir. Bütün qadınların arzuları, hədəfləri eynidi demək olmaz. Elə qadın var, heç hədəfi yoxdu. Sadəcə, suyun üzündə üzən saman çöpü kimi yaşayır. Hər şeyi öz axarına buraxıb. Doğulur, böyüyür, ətrafdakılar onun həyatının, taleyinin ağası olmaq istəyir. O da heç bir müqavimət göstərmir, sanki belə olmalıymış. Qadın da var, dişiylə-dırnağıyla mübarizə aparır, azad olmaq istəyir. Bizim ölkədə azad qadın olmaq üçün iqtisadi cəhətdən azad olmalısan. Nə atadan, nə qardaşdan, nə ərdən, ümumiyyətlə, başqa birindən iqtisadi asılılığın olmamalıdır. Yoxsa nə qədər azadlığa can atsan da, o səndən uzaqlaşacaq. Ramiz Rövşənindir, deyəsən, bu misra: “Kişilər bir olmur, atam balası”... Eləcə də qadınlar. (gülür)

-Qadının kişinin qabırğasından yaradılması fikri haqqında nə düşünürsünüz?

-Bir şeirdə Tanrıya müraciətlə təxminən belə yazırdım: yaratdığın dünyada torpaq bu qədər az idimi, qadını kişinin qabırğasından yaradırdın? Bu söhbətə elmi mənalar yükləməyə çalışıram. Ordan-burdan eşitdiklərimin də təsiri var. Bəlkə də, bir çox canlılar kimi nə zamansa insan da hermofridit olub. Yəni, eynicinsli. Həm erkək, həm dişi cinsin xüsusiyyətlərini daşıyır hermofridit canlılar. İbtidai canlılar arasında belələri çoxdur. Bu məşhur mif bəlkə də, cinslər ayrılandan sonra yaranıb. Yaxud da buna işarədir. Sevgi haqqında başqa bir əfsanədə də deyilir ki, bir zamanlar insanlar kişilərə və qadınlara ayrılmırdılar. Eyni can idilər. Bir gün Tanrının insanlara qəzəbi tutdu, kişi və qadını ayrı canlara ayırdı. Yarısı bir tərəfə, yarısı başqa tərəfə düşdü. Elə o vaxtdan hər bir kişi, hər bir qadın bu dünyada öz yarını axtarır. Yeri gəlmişkən, yar sözü də burdan yaranıb. İnsanların bir zamanlar hermofridit olması ehtimalının sübutları bu gün də bədənimizdə əksini tapıb. Kişilərin inkişafdan qalan döşlərində. Qadın döşlərinin əsas funksiyası uşaq yemləməkdi. Bəs, kişilərdə nə işə yarayır? (gülür) Amma mən bütün ehtimallara rəğmən qadınların kişilərin qabırğalarından yaranması fikrinə qarşıyam. İkinci əhvalat daha çox xoşuma gəlir. Bir canda olublar və yarı bölünüblər. Biri o birisindən yaranmayıb, ikisi də bir-birindən yaranıblar.

-Kişilərdə sizi narahat edən cəhət nədir, xoşbəxt edən cəhət nə?

-Türklər demiş, saldırqanlıqlarını, təcavüzkarlıqlarını sevmirəm. Çox az kişi bu xüsusiyyətləri ört-basdır edə bilir. Ədalətli olduqlarında çox məmnun oluram. Bir insanın ədalətsizliyi qədər heç nə incidə bilməz məni.

-Sizi narahat edən kişilər olub? Arxanızca düşən, bezdirən...

-Olub. Qarşı cinsdən ilk belə adamla 5-ci sinifdə oxuyanda rastlaşmışam. Adı Elsevər idi. Paraelel sinifdə oxuyurdu. 5-ci sinifdə oxuyan uşaq üçün təsəvvür edin, belə təqib nə deməkdi? O məktəbdə hara getsəm, arxamca gəlirdi. Sinfimizin oğlanları ilə dalaşırdı. Bir dəfə yaşadığımız rayonda hündür binanın damına çıxıb ordan məni sevdiyini bağırmışdı. Təsəvvür edin, cəmi 11 yaşında idim. Necə utanırdım?! Elsevər adından belə zəhləm gedirdi. Dərsini oxuyan, nümunəvi şagirdlərdən deyildi. Mənimsə elə uşaqlıqdan dərslərini yaxşı oxuyan, riyaziyyatçı oğlanlardan xoşum gəlirdi, çünki özüm də yaxşı oxuyurdum. O oğlanı uzun illər ərzində unutdum. Bir gün qarşıma başqa bir Elsevər çıxdı. Mən ona ərə getdim. Ərim vaxtilə nifrət etdiyim adı daşıyır. Sonra o adı özümə təxəllüs də götürdüm hələ. Arxamca düşən oğlanları sürətli yerişimlə mat qoyurdum. Onlar güclə mənə çatır və tövşüyə-tövşüyə necə bu cür sürətlə yeridiyimi soruşurdular. Gülməkdən özümü güclə saxlayırdım. Nevrozam deyə sürətli yeriyirəm. Yol gedəndə mənzil başına çatmaq üçün çox səbirsizlənirəm. Ona görə, həmişə tez yoruluram. Piyada gəzməkdən həyatım boyu zövq ala bilmədim buna görə.

-Kişilərdə ilk nəyə önəm verirsiniz? Ağıl, pul, yoxsa yaraşıq?

- Heç birinə. Nəciblik, xeyirxahlıq, alçaqkönüllülüyə önəm verirəm. Fərqli olmalıdı bir də. Mən belə bir adamla evliyəm.

-Kişilərin təklifinə ilk reaksiyanız necə olur? “Hə”, yoxsa “hə” demək istəyib süründürmək üçün “yox” deyirsiniz?

-Bir gənc rəfiqəm var, mənə dedi ki, birinə vurulub, çox əziyyət çəkir. Sonra azarlandı ki, niyə bu dünya belə ədalətsizdir, niyə ilk addımı kişilər atmalıdır? Niyə mən o oğlana ürəyimi aça bilmirəm? Ona dedim ki, bir an belə düşünmədən ürəyini o adama aç. Sənin buna haqqın var, necə ki, onlar bu addımı atırlar, sən də ata bilərsən. Bu, sənə əskiklik gətirməyəcək. Elsevərə qarşı nələrsə hiss elədiyimi ondan əvvəl mən demişəm. Burada faciəli bir şey yoxdu. O da sənə qarşı bir şeylər hiss edirsə, yaxud səninlə ona xoşdursa, görüşün, bir-birinizi tanıyın deyə məsləhət elədim gənc rəfiqəyə. Bilmirəm, əməl elədi məsləhətimə, ya yox. Amma bu köhnə, qadınların söz, könül haqqına girən adət unudulmalıdır. Süründürmək, filan, - özü də məqsədli şəkildə süründürmək ki, sənə ağıllı, tərbiyəli qız desinlər, - mənasız vaxt itkisidir. İnsan həyatında bir an belə dəyərlidir. Onu mənasız süründürməçiliyə xərcləmək olmaz.

-Uşaq vaxtı sevdiyiniz, kumiriniz olan kişi olub?

-Kumirim idi deməzdim, Fəxrəddin Manafovdan xoşum gəlirdi. Kinoşünaslığı bitirəndə diplom yazmaq istəyirdim onun yaradıcılığından. Nömrəsini tapdım, zəng vurdum, dedim ki, istəyirəm, diplom işimi sizdən yazım. Görüşək, əvvəlcə müsahibə eləmək istəyirəm. “Kino +” qəzetində işləyirdim o vaxtlar. Nə isə mızıldandı dilinin altında, naza çəkdi özünü, görüşüb müsahibə vermək istəmədi. Dedi ki, jurnalistlərə müsahibə vermirəm son vaxtlar. Diplom yazmaq istəyirsənsə, filmlərə bax, qəzetləri araşdır. Mən də acığa düşdüm, getdim kafedraya, mövzumu dəyişdim. Lars fon Trierdən yazdım.

İndi düşünürəm ki, biz “Kino+”da kino adamlarını, Azərbaycan filmlərini çox tənqid edirdik. Bəlkə, o da acıqca mənə müsahibə vermək istəməmişdi. (gülür)

-Heç kişilərin yerində olmaq və gözəl bir qadına kompliment demək istəmisiniz?

-Bunu özümü hər hansı kişinin yerinə qoymadan da eləyirəm. Tez-tez rəfiqələrimə, ətrafımdakı gözəl, ağıllı xanımlara kompliment deyirəm. Qadınlardan eşitdiyim kompliment özümün də çox xoşuma gəlir.

-Xəyanətə uğrasanız, nə edərdiniz? Xəyanətə uğradığınız, aldadıldığınız olub? Və bu baş verəndə reaksiyanız necə olub? Ümumiyyətlə, “kişilər xəyanətkardır” fikrinə münasibətiniz necədir?

-Xəyanət ağır kəlmədi. Bəzən bizim insanlar dəvəni böyüdüb fil eləyirlər. Adi dostluqları, kiçik “flirt”ləri, bir baxışı, bir sözü xəyanət hesab eləyib adam öldürə bilərlər. “Kişllər xəyanətkardır” fikri onların çoxarvadlılığa təbii meylinə görə ortaya çıxıb, amma bir çox kişi bu təbii, vəhşi, heyvani hissi ört-basdır edə bilir, sədaqətli və ədəbli kişi olur cəmiyyətdə, ailədə. Bəziləri bacarmır. Mən bacaranlara hörmət edirəm. Tualetə getmək də bizim gündəlik, adi, təbii ehtiyacımızdır, biz bu ehtiyacı hər vaxt, hər yerdə ödəyirikmi? Məsələn, avtobusda, ya küçənin ortasında? Heyvansa harda gəldi eləyir, daha azaddır, çünki heyvandır. İnsan azad ola bilmir, tamamilə azad və xoşbəxt ola bilməyimiz üçün geriyə – İbtidai İcma quruluşuna qayıtmalıyıq. Onda insanlar da harda, kiminlə gəldi sevişirdilər, hətta, bir-birinin gözləri qabağında. Artıq insanın belə “xoşbətliyi”, “belə azadlığı” yoxdur. İnsan çoxdandır, özünü heyvan hesab eləmir. İnsansansa, insan olacaqsan. Sizə kim deyib ki, qadınların xəyanətə meyli yoxdur? Hər iki cins şəhvani hisslərini ya idarə edə bilir, ya da edə bilmir. Necə ki, biz vitrində yemək istədiyimiz, əldə etmək istədiyimiz malları görürük, amma insani borc hissi ilə oğurluq eləmirik, başqa biri isə eləyir. Xəyanət oğurluqdan da pisdir. “Kiminləsə birgə olmaq sənə xoşdur, buyur, o qapı, o sən, çıx get”- belə deyərəm xəyanətlə üzləşsəm.

Bu yaxınlarda bir qadınla tanış olmuşam. Deyir ki, ərim evə yad qadın gətirib. Yaşadığımız evdən mənə heç nə çatmır, evdən çıxsam, küçədə qalaram deyə, iki qızımı da götürüb gedə bilmirəm. Ərimin yanında gələn qadın isə mən işə gedəndə qızlarımı döyür, söyür, qulluqçu kimi işlədir. Kiçik qızı evdən qaçmışdı, günlərlə axtarmışdılar, handan-hana tapmışdılar. Heç bir kişinin adi, heyvani hisslərinə görə, ailəsinə bu dəhşətləri yaşatmağa haqqı yoxdur. O kişiyə qoşulub gələn, bu cür həyatı, sırtıqlığı özünə yaraşdıran qadını isə anlamaqda acizəm.

-Atanızı bir kişi kimi necə xarakterizə edərdiniz?

-Atam məni çox sevir. “Qızı, qızı” –deyə əzizləyib həmişə. Sadəcə, bir qədər zəif iradəli adam olub. Əvvəllər çox içirdi, tərgidə bilmirdi. Düz eləmədiyini bilirdi, amma özü ilə bacarmırdı. Bununla yanaşı, o qədər müsbət cəhətləri var ki... Anamı çox döyüb axı. Döyürdü, söyürdü. Mən də anama deyirdim, boşan ondan. Sizə görə əzab çəkirik, günümüz gün deyil. Amma anam ayrılmırdı. O, çox danışan qadın deyil, hisslərini bölüşməyi sevmir. Bu yaxınlarda niyə ayrılmadığını soruşdum ondan. Atanın yaxşı cəhətləri o qədər çox idi ki, içməyi gözümə görünmürdü dedi. Anam onun yanında azad olub. İşləyib, ürəyi necə istəsə geyinib. Atam mənim oxumağımı anamdan da çox istəyirdi. Həmişə mənimlə fəxr eləyib. Evimizə kim gəlsə, qızım, dur piano çal, əmin görsün, necə çalırsan; qızım, gündəliyini gətir, baxsınlar deyirdi. Halbuki, içki içməyi sevməyən, həmişə qaşları düyünlü, ciddi əmim qızlarını 9-cu sinifdən məktəbdən çıxartdı. Dedi ki, yaxşı kişinin qızı oxumaz. Atamsa həmişə yaxşı oxumağımla fəxr eləyib. Həmişə qabaqcıl, uğurlu qadınları mənə nümunə göstərib, istəyirəm, sən də onlar kimi olasan deyib. Düzdü, evə gec gələndə, dəliyə dönürdü. Hirslənirdi, deyinirdi, anamı tez-tez hədələyirdi ki, qızın “pis iş” görsə, başını kəsəcəm, amma o, bütün bunları qorxuyla deyirdi. Bilirdi, qadın olmaq necə çətindi bu cəmiyyətdə. Bilirdi ki, qızının həyatı məhv olsa, ona ölümdən betərdi. O, bu cəmiyyətin içində yaşayırdı. Bu cəmiyyət onu da incidirdi, sıxırdı.

Həmişə sevinmişəm ki, atam belə adam olub. Əmim kimi biri olmayıb. Nə də anamın atası, babam kimi olmayıb. Anam deyir ki, atan məni döyürdü, sonra sərxoşluqdan ayılanda üzr istəyirdi, oturub ağlayırdı, amma yenə atanın yanında daha rahat idim, nəinki öz atamın yanında. Babam dindar idi, qadın ona görə canlı məxluq deyildi. Onun arzuları, ümidləri, həyəcanları yox idi. Qadın kişinin qulu idi. Evdən çıxmamalı, ac qalsa damın altında ac ölməlidi. İşləmək, oxumaq qadını da, ona cavabdeh kişini də cəhənnəmə aparan yol idi.

Bir dəfə atam xətrimə dəymişdi. Onu dindirmirdim, qəlbim bərk incimişdi. Dərsdən evə gəlirdim, gördüm, evimizə gedən yolda bir neçə adamla süpürləşir, dalaşır. Hər şeyi unutdum, bağıra-bağıra adamların üstünə qaçdım. “Atamla nə işiniz var! Rədd olun, əclaflar!”-deyə. Onda başa düşdüm ki, atamı çox istəyirəm.

Söhbətləşdi: Hikmət Orhun









Redaktorun seçimi