“Qalmaz belə, qalmaz dünya” - Kim kimin haqqına girir?

Hit: 485
“Qalmaz belə, qalmaz dünya” - Kim kimin haqqına girir?

Yaddaşımıza əbədi həkk olunan, bir ömür bizi tərk etməyən musiqilər var. Bir qədər əhvalımız təlx olanda, dünyanın dərdi çiynimizə ağırlıq edəndə bizə həmdərd olan, ağrılarımızı ovudan, yeri gələndə onlara qalib gələn sirli-sehrli mahnılar. Belə musiqilərdən biri də canlı əfsanə Zeynəb Xanlarovanın şaqraq səsindən sevə-sevə dinlədiyimiz, ruhumuza yağ kimi yayılan "Qalmaz belə, qalmaz dünya"dır. 

"Qalmaz belə, qalmaz dünya" oxunanda təkcə Zeynəb xanım, Azərbaycan Dövlət Televiziyasının bayram buraxışları yada düşmür. Bu yanğılı, sehrli misraların müəllifi Zakir Fəxri də xatırlanır. Daha dəqiq desək, Zakir Fəxri deyəndə, ilk ağla gələn "Qalmaz belə, qalmaz dünya" olur. Bu şeir sanki onun "vizit kartı"na çevrilib. 

Şeir necə "doğulub"?

Bəlkə də çoxları elə bilir ki, Zakir Fəxri bu şeiri Qarabağ hadisələrinə həsr edib. Axı şair özü də qarabağlı — ağdamlıdır. Ancaq bu, heç də belə deyil. Çünki şeir Qarabağ hadisələrindən öncə yazılıb. Z.Fəxri özü də bu barədə bir neçə dəfə mətbuata açıqlama verib: "O şeir Qarabağ hadisələrindən qabaq yazılıb. Hələ proses təzə başlayanda, ara qarışanda, dünyanın ədalət tərəzisi təzə-təzə əyiləndə, yəni hərəkat illərində… Misranın da orijinalı belədir: "Qara qızıl qara bəxtim"".

Şeir ilk dəfə 1988-ci ildə "Ulduz" jurnalında "Aşıq Әdaləti dinləyərkən" epiqrafı ilə çap olunub. Z.Fəxri bu barədə belə deyir: "O vaxtlar tez-tez Qazaxa — Səməd Vurğunun muzeyinə gedirdik, orada Әdalət bizim üçün "Yanıq Kərəmi" çalırdı. Elə o ərəfələrdə həmin çalğılardan təsirlənib, belə bir şeir yazdım: "Ağlama, Yanıq Kərəmi; Qalmaz belə, qalmaz dünya".

Qarabağ hadisələri başlayan vaxt isə "Qarabağ", "Yaşayacaq Azərbaycan", "Yaşa, mənim xalqım", "Anam mənim", "Yol verin, əsgər gəlir",, "Ağlama, Sevda", "Gilavar" kimi mahnıların müəllifi bəstəkar Rauf Məmmədov həmin şeirin bir misrasında xırdaca dəyişiklik edərək musiqiyə çevirib. Zeynəb Xanlarovanın ifası isə mahnıya populyarlıq qazandırıb.

"Zakir Fəxri şeiri satın alıb" iddiası 

Yazımın bu hissəsi barədə bəlkə də, çoxunun məlumatı var. İndi isə çoxlarının bilmədiyi, bəzilərinin isə bilib, ancaq susduğu mətləbə keçmək istəyirəm. Əvvəlcədən qeyd edim ki, bu barədə mənə Zakir Fəxrinin yaxın dostu olmuş bir həmyerlimiz məlumat verib. Müəyyən səbəblərdən adının açıqlanmasını istəmədiyi üçün mən də istəyinə hörmətlə yanaşmağa məcburam.

Bir dəfə sosial şəbəkədə bir mahnının tarixçəsi barədə müzakirə gedirdi. Müzakirələrdə iştirak edən həmin həmyerlimiz mənə Kərim Nalə adlı bir şair haqqında məlumat verdi. Bir xeyli danışdıqdan sonra onu da qeyd etdi ki, hətta Zakir Fəxrinin "Qalmaz belə, qalmaz dünya" şeiri də Kərim Naləyə məxsusdur. Vurğuladı ki, bu barədə ölkədə kifayət qədər tanınan bir neçə ədəbiyyat və incəsənət nümayəndəsinin də məlumatı var. Sadəcə onlar da Z.Fəxri ilə dostluq münasibətlərinə görə susurlar.

Həmsöhbətimin dediyinə görə, səfil həyatı yaşayan Kərim Nalə şeirlərini pul qarşılığında müxtəlif şəxslərə satırmış. O cümlədən də "Qalmaz belə, qalmaz dünya" şeirini Z.Fəxriyə satıb. İddiaya görə, K.Nalə şeiri Z.Fəxriyə verərkən şeirin birinci bəndini özündə saxlayıb. Verdiyi şeir isə 4 bənddən ibarət olub və belə başlayıb:

"Sığınar bir xəlvət döşə,
Qorxar bəxti bəndə düşə.
Boynunu bükmə, bənövşə,
Qalmaz belə, qalmaz dünya".

Və elə Z.Fəxri də şeiri kitabına bu formada, 4 bəndlə daxil edib. Ancaq üstündən xeyli müddət keçəndən sonra K.Nalə ona şeirin birinci bəndi də verib. Z.Fəxri şeiri ikinci dəfə kitaba salanda şeir belə başlayıb:

"Bığ yeri tərləyən igid,
İçində çərləyən igid,
Girəvə hərləyən igid,
Qalmaz belə, qalmaz dünya".

Həmsöhbətimiz onu da vurğulayıb ki, K.Nalə bu şeiri cəmi on manata satıb: "Kərim Naləni cəmi bir dəfə görmüşəm. Yaşayıb-yaşamadığını isə dəqiq bilmirəm. Özü ilə bu barədə heç bir diskussiyam olmayıb. Mənim şübhəmi dəqiqləşdirmək üçün bu sualı ona məşhur bir aktyorumuz verib. Kərim Nalə isə inkar etməyib, təsdiq etməsə də. K.Nalə o aktyorun sualına eynən belə cavab verib: "Zakir yaxşı oğlandı, ona hər şey halaldı".

Müsahibimin dediyinə görə, o, bu haqsızlığa Zakir Fəxri övladını vaxtsız itirdiyi üçün susub: "Zakir mənim dostumdur, yaradıcılığına hörmətim var. Ancaq oğlunun ölümünə qədər bu mövzuya çox toxunurdum və ortaq dostlarımızın bəzisinə bu barədə demişdim. Çünki bu durumu ədalətsizlik hesab edirdim. Oğlunun faciəvi vəfatından sonra o, xeyli sarsıntı keçirdi, ruh halı pozuldu. Ondan sonra mən bu barədə susdum. Özümə söz verdim ki, bu barədə heç kimə heç nə deməyəcəm, Zakir bəy özü etiraf etməyənə qədər. Etiraf etməsə də, ən azı biz rahat olarıq ki, heç kimin haqqına girmədik".

Aldığım bu məlumatlardan sonra bəlkə Zakir Fəxri etiraf edər deyə, heç bir müəllif adı çəkmədən bir yazı hazırladım və çalışdığım saytda yayımladım. Az keçmədi ki, Zakir bəy əsəbi halda, saytın rəhbərliyinə zəng edərək yazını saytdan çıxartdırdı.

Kərim Nalə kim idi?

Ancaq mən boş durmadım, aldığım bu məlumatın mənə rahatlıq vermədiyindən həm Kərim Naləni, həm də bu barədə məlumatı olanları araşdırmağa başladım. Təəssüflər olsun ki, həm K.Nalənin artıq vəfat etdiyini öyrəndim, həm də çoxları bu barədə məlumatlı olsalar da, danışmaqdan imtina etdilər. Məlumatı təsdiq etsələr də, müəyyən səbəblərə görə adlarının açıqlanmasını istəmədilər. Və sualıma sadəcə belə bir sualla cavab verdilər: "Zakir Fəxrinin ondan başqa hansısa uğurlu şeirini göstərə bilərsənmi?" Sanki bu sualla mənə dedilər ki, "axtar!".

Kərim Nalə ilə bağlı virtual axtarış aparanda qarşıma çox maraqlı məqamlar çıxdı. Öyrəndim ki, yazar-jurnalist Kənan Hacı Kərim Nalə ilə sağ ikən görüşüb, həmsöhbət olmaq istəyib. Qəribə görünüşlü Nalə jurnalistə elə belə də cavab verib:

"Ay cavan oğlan, ünvanı səhv salmısan sən…Mən səninlə söhbət edə bilmərəm, dediklərimi gedib qəzetə yazsan, ölkə dağılar. Bəxtiyar Vahabzadə bütün şeirlərini məndən oğurlayıb! Bunu yaza bilərsən? Yaza bilməzsən".

Kərim Nalə haqqında danışanda çoxları deyir ki, o, sanki şeirin azdırılmış ritmi, 90-cı illər poeziyasının qırılmış simi idi. Ömrünün son illərini qorxunc, vahiməli görkəmdə gəzən Nalə qoltuğunda həmişə saralmış, çirkli kağızlarla dolu qovluq daşıyırmış. Pırtlaşıq saçları, üzünün qırışlarını bir az da dərinləşdirən saqqalı, tökülmüş əyin-başıyla ətrafdakıların diqqətini cəlb edən bu şair çox vaxt şəhərin küçələrini özüylə danışa-danışa dolaşırmış. Nalənin hansı səbəblərdən o vəziyyətə düşdüyü, həmçinin "Nalə" təxəllüsünün sirri isə başqa bir yazının mövzusudur deyə yazmıram.

Kərim Nalənin vaxtilə ədəbi jurnallarda xeyli şeirləri çap olunub. O cümlədən "Azərbaycan" jurnalının 80-ci illər saylarında da onun şeirlərinə rast gəlmək olar. Nalə daha çox o dövrdə çoxlarına qəribə gələn modern üslubda, eksperimental xarakterli şeirlər yazıb.

K.Nalə haqqında şair Qəşəm Nəcəfzadənin də bir xatirəsi var: "Bir dəfə Kərim Nalə Azərbaycan nəşriyyatına gəlmişdi. Mənə dedi: "Sən burda işləyirsən?" "Hə" — dedim (Onda mən "Mədəniyyət" qəzetində işləyirdim). O, bir vərəq çıxartdı, xəttini göstərib dedi ki, "Mən əlyazmalarımı itirmişəm, birdən bura gətirib öz adına çap etdirən olar?! Ona bax, bu xətlə, tutuşdur, o saat mənə xəbər ver". Sonra üzünü nəşriyyata gələnlərə tutub yavaş səslə mənə dedi: "Mən əlyazmalarımı itirəndən bəri nəşriyyata gəlib-gedənlərin sayı yaman çoxalıb".

Şair Kərim Naləyə rejissor İlqar Nəcəfi 2001-ci ildə "Bir qoca var" adlı sənədli film həsr edib. Filmdə "Necə dolanırsan?" sualına "Xalq məni saxlayır. Amma onlar da nə qədər hörmət edər. İndi hamının vəziyyəti ağırdır. Onlar boğazlarından kəsib mənə köməklik edirlər", — deyə cavab verir K.Nalə. 

İ.Nəcəfli özü isə şairlə bağlı bunları deyir: "Kərim demək olar ki, şeirlərini kağıza yazmırdı. Necə ki, Səttar Bəhlulzadə bir çox rəsmlərini adi kağıza və yaxud vərəqə çəkib atırdı. O əsərləri biz heç vaxt görməyəcəyik. Ola bilər ki, o rəsmlərin arasında onun şah əsəri də olub, kim bilir? Kərim də tərk edilmiş insan idi, ruhunun səsini kağızlara köçürmürdü. Şerlərini ürəyində gəzdirirdi".

Bütün deyilənlər, K.Nalənin yaşadığı səfil həyatı şairin beyninin, ürəyinin məhsulu olan şeirlərini satma ehtımalını daha da artırır. Kimsəyə möhtac olmaqdansa, şeir satıb dolanması ilə bağlı deyilənlər ağlabatan görünür.

Bəs indi nə etməli, bunu necə araşdırmalı, Kərim Nalənin satdığı, həmçinin oğurlanmış şeirlərini necə müəyyən etməli?

Bildiyimiz kimi, ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına (əqli mülkiyyətin qorunmasına) və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda milli müəllif-hüquq institutunun yaradılmasına başlanılıb. 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasında ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları (30-cu maddə) təsbit olunub, Azərbaycanda ilk dəfə olaraq "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanun (1996) qəbul edilib. Prezident İlham Əliyevin 30 avqust 2005-ci il tarixli 287 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi" yaradılıb. Ölkə başçısının 20 aprel 2018-ci il sərəncamı ilə isə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi təsis edilib.

Agentlik tərəfindən müəlliflik hüququ ilə qorunan obyektlər, o cümlədən ədəbi əsərlər qorunur. Agentlik mübahisəli hallarda müəlliflər və digər hüquq sahibləri ilə əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların münasibətlərini tənzimləyir, bu ictimai birliklərin təmsil etdikləri müəlliflərin və digər hüquq sahiblərinin ərizə və şikayətlərinə baxır, istifadəçilərlə bağlı yaranan mübahisəli hallarda əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyət dairələrini öz səlahiyyətləri daxilində müəyyənləşdirir.

Ancaq "Qalmaz belə, qalmaz dünya"nın müəllifi olduğu iddia edilən Kərim Nalə həyatda olmadığı üçün bu barədə hər hansı iddia qaldırmaq mümkün deyil. Belə olan halda başqa bir sual meydana çıxır. Əqli Mülkiyyət Agentliyi tərəfindən həyatda olmayan, öz əsərinə iddia edə bilməyənlərin hüquqları necə qorunur? Həmçinin əsərinə iddia etməyənlərlə bağlı mövcud qanunlarda nələr nəzərdə tutulur?

Mövcud Qanunda bu barədə nə deyilir?

Hüquqşünas Vamiq Hüseynov bildirir ki, mövcud qanunvericiliyə əsasən, müəllifin müəyyən hüquqlarını vərəsələri qoruya bilərlər. Belə ki, müəllifin şəxsi hüquqlarının qorunmasını — əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ) həyata keçirə bilər.

Əqli Mülkiyyət Agentliyinin Əqli mülkiyyət obyektlərinin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli isə bildirir ki, müəlliflik hüququ toplunun yaradılması anından yaranır, toplunu yaradan müəllifin bütün həyatı boyu və onun ölümündən sonrakı ilin əvvəlindən başlayaraq 70 il müddətində qüvvədə qalır. Əgər müəllif həyatda deyilsə, həmçinin hüquqlarını qorumağa vərəsələri yoxdursa, bu işi Agentlik özü görür. Mübahisəli hallar ortaya çıxdıqda Agentlik əvvəlcə araşdırma aparır. Hər hansı müəllif hüququnun pozulması, oğurlanması faktı aşkarlanarsa, məhkəməyə müraciət edilərək vəfat etmiş şəxsin müəlliflik hüquqları bərpa olunur.

Ümid edirəm ki, bu yazıdan sonra Əqli Mülkiyyət Agentliyi "Qalmaz belə, qalmaz dünya" ilə bağlı lazımi araşdırmanı aparacaq. Əgər həqiqətdirsə, Kərim Nalənin tapdanmış hüquqları bərpa olunacaq. Yox əgər həqiqət deyilsə, sadəcə kimlərinsə şəxsi münasibətlərindən doğan uydurmadırsa, Zakir Fəxrinin haqlı olduğu sübut ediləcək. Hər iki nəticədə də haqq qalib gəlmiş olacaq.

Qeyd: Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) jurnalistlər arasında "Mediada müəllif hüquqları: rəqəmsal mediada müəllif hüquqlarını necə qorumalı?" mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsi üçün nəzərdə tutulub.

Rumiyyə Miraslan









Redaktorun seçimi