UNESCO-da Qara Qarayevin 100 illik yubileyi qeyd edilib

Hit: 498
UNESCO-da Qara Qarayevin 100 illik yubileyi qeyd edilib
Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-nun və bu qurum yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun Parisdəki mənzil qərargahında qeyd edilib.
 
Faktor.az-ın məlumatına görə, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, xarici işlər naziri Elmar Məmmədyarov, görkəmli bəstəkarın qızı Züleyxa Qarayeva, eləcə də Parisdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
 
Tədbir çərçivəsində bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. İştirakçılar sərgi vasitəsilə bəstəkarın yaradıcılığı ilə tanış olublar. Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan jurnal və onun əsərlərindən ibarət disklər iştirakçılara hədiyyə edilib.
 
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov tədbirdə çıxış edərək Qara Qarayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun Azərbaycan xalq musiqisindən ilhamlandığını vurğulayıb.
 
UNESCO baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Moez Şakşuk çıxışında Qara Qarayevin əsərlərinin xüsusiyyətlərindən danışıb. O, Qara Qarayevin musiqisinin xalqlar arasında dialoqun qurulmasına təkan verdiyini, keçmişdən gələcəyə gedən yolu əks etdirdiyini vurğulayıb.
 
Yubiley tədbiri böyük bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
 
Fuad İbrahimovun dirijorluq etdiyi konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında böyük bəstəkarın əsərləri səsləndirilib.
 

 









Redaktorun seçimi