Balıq gözü - Mənsur Rəğbətoğlunun hekayəsi - FOTOLAR

Hit: 1496
Balıq gözü - Mənsur Rəğbətoğlunun hekayəsi - FOTOLAR

Faktor.az Mənsur Rəğbətoğlunun “Balıq gözü” hekayəsini təqdim edir:

Dəmir şəbəkəli qapını arxasınca çırpıb kolluqlarının arasından uzanan dar cığırda yeriməyə başladı.

Yağış yağırdı. Damlalar arasındakı məsafə elə sıx idi ki, don vursaydı, göy yerdən uzanan milyardlarla çəlimsiz və sıx sütunların üzərində dayanardı. Həmin sütunlardan birinə yapışıb rahatlıqla özünü yuxarı sürümək mümkün olardı.

Qoca bu qəribə fikirləri cırıldayan qapı kimi arxasında qoyub irəli gedirdi. Yabanı kol-kosla örtülmüş kiçik təpəni aşanda üç lal yoldaşı onu gözləyirdi. Yaxınlaşdı. Əllərini jaketinin su süzülən qollarından çıxarıb yaşca böyük olan yoldaşının ayaqlarının altını qazdı. İki gün əvvəl politlenə büküb basdırdığı dörd qızardılmış balığı çıxardı. Şalvarını çıxarıb yerə sərdi – “süfrə” açdı. Balıqları boy sırası ilə yan-yana “süfərinin” üstünə düzdü. Balıqların üstü çeçelə barmaq qalınlığında şoran duzuna oxşayan yağla örtülmüşdü. Əvvəlcə balıqları bu boğucu yağdan xilas etdi. Yaşca daha kiçik yoldaşının başından çıxardığı bıçaqla sıyırıb rezin çəkməsinin içindən götürdüyü çörəyin üstünə yaxıb birnəfəsə ağzına dürtdü. İylənmiş balıq yağının ürəkbulandırıcı dadı damaqlarını ələ keçirdi. Amma o, buna əhəmiyyət verməyərək çörəyi çeynəyə-çeynəyə balıqların gözlərini çıxarmaqla məşğul oldu. İşini bitirdikdən sonra gözləri çəkməsinin içindən çıxardığı qaşığın içinə doldurdu. Yeməyə hazırlaşanda hiss etdi ki, yoldaşları ona baxır. Əvvəlcə onlara təklif etdi, lakin səs çıxmadığını gördükdən sonra qaşığı ağzına itələyib gözlərin hamısını mədəsinə ötürdü. Səkkiz göz bir göz qırpımında zərblə aşağı dartılan hulqumun qabağına düşüb yoxa çıxdı.

Gözləri udub bir müddət heykəl kimi yerində hərəkətsiz oturduqdan sonra cəld bir hərəkətlə balıqlardan ikisini əlləri ilə əzişdirdi. Tamamilə xürd-xəşil edib palçığın içində yoğurduqdan sonra ortancıl yoldaşının sağ yanından açlımış qarnından içəri tulladı.

“Şimonte...şimonte...”, anlaşılmaz cümləni ilk sözündən yarımçıq saxlayıb şaqqanaq çəkdi. Yoldaşlarının heç biri ona qoşulmadı, etiraz edən də, bu yersiz hərəkətinin səbəbini də soruşan olmadı.

Cəmi iki balıq qalmışdı. Gözlərini pırtladıb yerlərindən çıxardığı bu iki qızardılmış cəsəd üçün hansı plan üzrə hərəkət edəcəyi barədə heç bir qənaətin yiyəsi deyildi. Ayağa qalxıb sağ ayağını sol ayağına doladı. Özünə badalaq vurub arxası üstə özünü lillənmiş su yığınının içinə aşırdı. Bir müddət düşdüyü yerdən qalxmadı. Sağ böyrü üstə çevrildi. Lilli suyu ağzının içinə sovurmağa başladı. Köpdüyünü hiss edəndə dayandı. Barmaqlarını qırtlağına qədər salıb səhərdən yediyi hər şeyi yerə tökdü. Qulaq pərdələrini də silkələyən bu üfunətli ifrazat içində balıq gözlərini axtarmağa başladı. Cəmi altı göz düşmüşdü. İkisi hələ mədəsinin içində qalmalıydı. Növbəti cəhdində biri də düşdü. Yeddi göz... Biri yox idi. Amma axtarmağa cəhd etmədi. Araşdırmanı dayandırdı.

Gözü yadından çıxarıb süfrə üstündən boş yuvalarını onları bu kökə salmış səmaya zilləmiş balıqlara yaxınlaşdı.

“Mirhestin... piperlo...”, qoca dodaqaltı donquldanıb məbədlərin insanlara pulla satdıqları səmanın balıqlar üçün çıxış yolu olmadığını sonuncu dəfə dəqiqləşdirdi. Qənaətini təsdiq etmək üçün onları gölməçənin içinə atdı. Balıqlar yöndəmsiz formada suyun üstündə yırğalandılar.

Qoca balıqlardan birini quyruq tərəfindən ağzına soxub özü bu qızardılmış cəsədlərin yerinə üzməyə başladı. Təsəvvüründəki nəhəng balinanın əksinə olaraq, bu vaxt ilan balığı kimi yerində qıvrılan qocanın təlatümə gətirdiyi gölməçənin çəlimsiz dalğası digər cəsədi “sahilə” vurdu. Çüxurlarında gözlərdən əsər-əlamət olmayan bu məxluq qocaya həsəd aparırmış kimi görünürdü. Amma o dəqiq bilirdi ki, ağıldan kifayət qədər qıt olan bu məxluqların həsəd aparmaq kimi bir dərdləri yoxdur. Ola da bilməzdi. Bunun özü təbiətin balıqlara verdiyi xoşbəxtlikdir. Lakin bu cəsədlərə nəfəs verib diriltmək qocanın iradəsindən uzaq bir istək idi. Elə gölməçənin ortasında qıvrılarkən dəqiq bilirdi ki, onları indən sonra heç nə xilas edə bilməz. Bunun üçün heç onların özlərində də bir damcı belə taqət yoxdur. Qoca isə onları necə xilas edəcəyini bilirdi və bu, üzə bilməmək biabırçılığına son qoymaq üçün onları yenidən politlenə bükdü. Yaşca böyük yoldaşının ayaqları altında basdırdı. “Süfrəni” sərdiyi yerdən yığışdırıb əyninə geyindi.

“Silempo...silempo...”, dodaqlatı mızıldandığı bu anlaşılmaz sözlər də vəziyyəti dəyişmirdi. Əlbəttə, şüurunun altına və dilinin ucuna yapışmış bu sözlərin tələffüzü üzləşdiyi vəziyyəti izah edəcək qədər qəliz idi. Bəlkə də mənasız... Heç bu sözlərin hansı yuvadan sürüşüb gənə kimi beyinin içinə yapışdıqlarını bilmirdi. Bu barədə bir neçə ehtimalı vardı, amma bunlardan heç biri onu çıxış qapısına sürümürdü. Öz içinə çəkib lənətinə bulaşdırırdı. Elə buna görə də, özü haqqında o qənaətə gəlib çıxmışdı ki, o, xoşbəxtliyini şüurunun altı ilə məhv edən lənətlənmiş bir qocadır. Xoşbəxtliyini də bunun hesabına yarımçıq yaşayırdı. Elə buna görə də, düşünmək yerinə hərəkət etməyə üstünlük verirdi. Ara-sıra qırıq-qırıq tələffüz etdiyi anlaşılmaz sözləri də məqsədinə xəyanət etməmək üçün yarımçıq saxlayırdı.

Düşünmək onu tənbəlləşdirirdi və görəcəyi işə əl aparmağa imkan vermirdi. Bunun qarşısını almaq üçün ayağa qalxdı. Əllərini ortancıl yoldaşının qarnına salıb kisəni çıxardı. Əlini içinə salıb eşələdi. Tapa bilmədi. Yox idi. Dəhşət hissi bütün bədənini ələ keçirdi.

“Napobill...napobill...”, donquldandı. Amma kisə yenə də boş idi. İnanmadı. Başını kisənin içinə salıb dəqiqləşdirdi. Yox idi. Başını kisədən çıxarmadan cəld hərəkətlə ayağa qalxıb qışqıra-qışqıra qaçmağa başladı. Ayağı çüxura düşəndə yıxıldı. Kisəni başından çıxardı. Ətrafına baxdı. Yoldaşlarından xeyli uzaqlaşmışdı. Geriyə qayıdıb üzrxahlıq etdi. Amma heç birindən səs çıxmadığını görəndə hər üçünü söydü. Kisəni kiçik yoldaşının başına keçirib dəmir şəbəkəli qapıya doğru addımlamağa başladı. Geriyə çevrildi. Heç biri ondan qalmasını xahiş etmədi, sadəcə donuq gözlərini arxasınca sürüyürdülər. Həmin vaxt qoca mədəsinə yapışıb qalmış balıq gözü haqqında düşünürdü – yoldaşları ona mədəsinin içindən baxırdılar.

 

1








Redaktorun seçimi