Hadisə belə olmuşdu... - Mənsur Rəğbətoğlunun yazısı

Hit: 850
Hadisə belə olmuşdu... - Mənsur Rəğbətoğlunun yazısı

Faktor.az Mənsur Rəğbətoğlunun “Torpaqla müharibə” yazısını təqdim edir:

On bir il əvvəl içimdəki yırtıcı gözlərini açdı. Oyandı. Özümə olan hörmətimin sonuncu tikəsini də dişinə çəkdikdən sonra süst düşüb yatdı.

Hadisə belə olmuşdu...

Təcili yardım maşını həyət qapısının qabağında dayananda külək şiddətini artırmışdı. Göylə torpağın arasındakı bir yerdə ac çaqqal kimi ulayırdı. Külək apara bildiyini qabağına qatıb yerlə sürüyür, dayandıqları yerlərdən möhkəm yapışanların qəddini əyirdi. Ağaclar əyilmişdilər, torpaqda kökü olmayan yüngül şeylər ya havada uçuşur, ya da zorakı şəkildə öz talelərini küləyin iradəsinə verib sürünürdülər. Hər şey qarmaqarışıq idi. Təcili yardım maşını yırğalanırdı. Atamı gətirəcək xərəyi gözləyən iki nəfər öz aralarında nəsə danışıb qaqqıldaşırdılar. Mən heç nə demirdim. Nə küləyin, nə xərəyin, nə də mənim onlara aidiyyatımız vardı. Gözlərim küləyin çəpərin diblərinə sovurduğu saman çöplərinə batıb qalmışdılar. Bəziləri qaratikan kollarının sıx aralarında yerlərini bərkidib dik dayanmışdılar, bəziləri yellənir, bəziləri də küləkdən qaçmaqçün özlərinə sakit yer axtarırdılar.

Xərək gəldi. Qeyri-adi heç nə baş vermədi. Xərəyi sürüşdürüb maşının arxasına qoydular. Həkimlər atamı apardılar. Anam ağlayırdı. Qardaşım özünü çətinliklə saxlamışdı. Təlatümlə titrəyən şeylərin içində təkcə müvazinətini saxlayıb sakit qala bilən mən idim. Təcili yardım maşını gözdən itənədək uzaqlaşanda diqqətimi saman çöplərindən ayırdım. Heyvanları qabağıma qatıb örüş yerinə doğru yeriməyə başladım. Həmin vaxt təcili yardım maşını atamı rayon xəstəxanasına aparırdı, oradan da Bakıya aparacaqdılar. Gecə dayım anama deyəndə eşitmişdim ki, atam “ağ qan-qara qan” xəstəliyinə tutulub. Qanında mikroblar var. Həmin vaxtdan səhər baş verəcək hadisəyə hazırlıqlı idim. Atam xərəyin üzərində ancaq özünü düşündüyü vaxt mən örüş yerinə çatıb qamışlığın arasında gizləndim. Kitabı açdım, heç nə olmamış kimi vərəqlədim. Miroblar atamın damarlarına doluşmuşdular. Mən isə “at milçəkləri”lə əlləşirdim.

Biri-birlərinə çrpılan çəlimsiz qamışların xışıltısı, qurbağaların qurultusu, heyvanların böyürtüsü, sağ-sola ac qılıncını fırladıb qabağına çıxanı yarımcan edən küləyin uğultusu - təlatüm səngmirdi. Atam Bakı yolunda olmalıydı. Mən kitab oxuyurdum. Yəqin ki, anam narahat idi. Təkcə hələlik Rusiyadakı qardaşım tufandan uzaqdaydı. Onun üçün hələ heç nə baş verməmişdi. Qabağına çıxanı istəmədiyi yerlərə sürüyən külək hələ onun qulaqlarının diblərini yalamamışdı.

Küləyə yalnız vaxt tabe olmurdu. Hava sürətlə rəngini tündləşdirirdi. Zülmət küləyi cənginə alıb bükməyə çalışırdı. Alatoranda özünü qarşısına çıxan hər şeyə çırpan külək dəhşətli uğultusunun şiddətini artırmışdı. Uzaqlardakı qara bulud topalarını qoyun sürüsü kimi fitləyib gətirirdi.

Heyvanları bir yerə toplayıb kəndə qayıtmağa başladım. Biri-birlərinə çırpılan inəklər qarınlarından yırğalanırdılar. Yarım saatdan sonra kəndə çatdım. İnəkləri saydım, biri yox idi. Tövlənin qapısını bağlayıb geri qayıtdım. Meşədə ayaq saxladım, burada gözdən itməliydi. Külək çayın səsini boğa bilmirdi. İri daşlara çırpılan su kütləsinin nəriltisi başından yuxarı qalxırdı. İnəyi axtarırdım, tapa bilmirdim. Fikrimi inəkdən yayındıranda havanın tamamilə qaraldığını gördüm. Yəqin, indi atamı palataya uzatmışdılar. Gözlərim ayaqlarımın altını seçə bilmirdi. Məktəblərin açılmasına bir neçə gün qalırdı, yay tətili başa çatmaq üzrəydi. Bakıya qayıdacaqdım.

Havanı sıx qaranlıq öz cənginə almışdı. Təbiət səmanı nəhəng və ağır qazan qapağı kimi yerin üstünə örtmüşdü. Hər şeyin taleyi bu iri qazanın içində müəyyən edilir.

Zülmətin boşluğuna uzanan çöllüyün hər tərəfi təhlükə saçırdı. İti dişlərini insanın üstünə qıcırdadırdı. Çöl ac çaqqala oxşayırdı. Ayaqlarımın altını görməyən gözlərim qeyri-ixtiyari, özünümüdafiə instinktinin müəyyən edilməmiş qaydalarına uyğun olaraq, qaranlığın dərinliyinə zillənmişdilər. Ümumiyyətlə, zülmətin mərkəzində dayanmısansa, ayaqlarının altı da, yıxıla biləcəyin ən dibsiz quyudur. Mən də həmin vaxt digər insanlar kimi axtarışına çıxdığım şeyi yox, gözlənilmədən üstümə hücum çəkəcək təhlükənin yerini müəyyən edirdim. Sağ qalmaq istəyi məsuliyyətdən xilas etmişdi. Ya da məsuliyyətin ağır yükünü yüngülləşdirmişdi. Məsuliyyət artıq qorxudan qatlanmağa hazır vəziyyətdə qalmış dizlərimin arxa bükümlərində əsirdi.

Gözlərim yuvalarında dayanmırdılar, şuluqluq salmışdılar. Tüstüsü çıxmayan yerdən od axtarırdım. Amma mən nəhayət onu gördüm. Üz-üzə dayanmışdıq. Naməlum təhlükə bir cüt gözdən ibarət idi. Qaranlıqda işıldayan yeganə gözü ənənəvi təhlükənin mavi rəngində deyildi, sarımtıl idi. Sarıgöz çaqqal... Dayandığım yerdə dizlərimin üstünə çökdüm. Ölüm qorxusu növbəti dəfə yaxamı məsuliyyətin əllərindən almışdı. Nə atam, nə də inək yadıma düşürdü. Mən əvvəlcə özümə xəyanət etdiyimi hiss etdim və bundan sonra dəfələrlə ölüm qarşısında bundan daha dəhşətli məğlubiyyətlərlə üzləşəcəyimi qətiləşdirdim. Elə bu vaxt əl fənəri yadıma düşdü. İnəkləri tövləyə ötürdükdən sonra çaparaq evdən əl fənərini də yanıma almağın özü-özünə olan hörməti əzməyin, acizlik və qorxunun ilk dəfə edilən açıq etirafları idi. Amma qorxuyla yaranmış cəsarətin verdiyi süni güc də vardı: ölmək vardısa, xırıldamağa ehtiyac yoxdur. Fənərin işıqları çaqqalın üstünə zilləndi. Yırtıcı işıqla qarşılaşar-qarşılaşmaz ikimiz də, eyni anda fərqli və naməlum istiqamətləri əsas tutub qaçmağa başladıq. Mənim atdığım hər addım quyuya açılırdı, vəhşi isə bu quyuların üstündən qanad açıb uçurdu.

O da qaçırdı, mən də. Amma mən yenə də ondan fərqli olaraq, öz içimdəki ac və hiyləgər vəhşini sakitləşdirə bilmirdim. Baş qaldırmış dəhşətli ehtiyac və qorxuyla yoxa çıxmış özünəhörmətsizlik məni öz ayaqlarımla qeyri-ixtiyari olaraq təhlükənin – qaynaşan həyatın içinə sürüyürdülər. Əlbəttə, həmin vaxt həyat eşqini alovlandıran bu vəhşini öldürmək məğlubiyyətə bərabər qələbə olacaqdı. Bunun yerinə öz əllərimi ağzımdan salıb beynimi qulaqlarımdan çimdik-çimdik atmağa üstünlük verərdim.

Lakin bu hadisədən az əvvəl ac çaqqalın hansı formada azğınlaşdığı haqda dəhşətli hekayələri yadıma salmağa çalışmışdım. Bu yarı-ciddi, yarı-zarafat hekayələr də mənə öz əcdadlarımdan miras qalmışdı. Elə buna görə də, içimdəki qorxunun nümayişini gizlətmək üçün sarmıtıl gözlərini mənə zilləmiş bu vəhşinin özünə çevrilmək istəyirdim. Bunu sağ qalmaq üçün istəyirdim. İlk işim özümü yumşaq qarnımdan parçalamaq olacaqdı. Möhtaclıq və məyusluq hissi... mən pis yerdə axşamlamışdım.

Səmanın ölümü – ayaqların altında dərin quyu qazan hər zülmət onun içindən gələn təhlükəni hiss edən hər kəs üçün bir məzar qızdırır. Bu, ayaqların torpaqla müharibəsidir. İnsanın ölümə qarşı elan etdiyi savaşdır. Elə ki, ölümlə üz-üzə qaldın, möhkəm olan hər yerə daban atıb qaçmaq istəyirsən. Bu, insanın inancını da özünə qaytarır. Əlbəttə, bu, təbiətin insana verdiyi ən böyük cəzadır. Təbiət həmişə onun çərçivəsindən çıxmağa cəhd edəni, bu çərçivənin kənarında diz çökdürüb gözlədir. Təbiətin bu əmrinə itaət etmək istəməyən, yaxud, həyatın işgəncəyə çevrilmiş alətlərindən yaxasını qurtarmaq istəyən insan ən az gündə bir dəfə özünü ölümlə təhdid etməlidir. Yəni, yaşamaq istəyən insan özünə barmaq silkələməyi bacarmalıdır. Əgər bunu bacarmırsa, təbiətin özünün yaratdığı fürsətdən istifadə etməlidir. Ən dağılmaz xarakterini kərpic-kərpic sökmək hesabına belə, qorxunun olduğu yerdən uzaqlaşmalıdır.

Lakin belə həqiqətlərlə hesablaşan insanları ölümün xilas etdiyi barədə olan ehtimal naməlumdur. Bu, özünü doğrultmaya bilər. Ölüm qorxusu həmişə onların içində şuluqluq salır. Beləliklə də, həyata addım atan hər kəs öz şiksətliyinə qol çəkir. Şübhəsiz ki, öz əcəliylə ölməyi bacarmayanın birdən çox canı olur. Hər insanı təşkil edən zərrəciklərin nüvəsi bu qorxudan ibarət olur. İnsanı axsaq qoymaq təbiətin fəlsəfəsində var. Bu yolla öz dərk etdiyinin ölüm qarşısında tutarlı arqument olduğu hissinə qapılaraq özünü itirən insan məsuliyyətdən təcrid olunmaqla vicdanıyla baş-başa qalır. Son nəticədə də, ölənədək özü üçün ağırlaşdırdığı kirşəni – həyatı arxasınca çəkir. Taqətdən düşdüyü yerdə isə üzü üstə torpağa yıxılır. İnsan həmişə müharibə apardığı torpağa məğlub olur.

Bundan çox az əvvəl insanın özünə olan nifrət və hörmətsizliyi öz təsir gücünü tamamilə itirir. Bu, ölümlə üz-üzə qalanda baş verir.









Redaktorun seçimi