Beynəlxalq elmi-praktik konfransda mədəni iqtisadiyyatın qlobal tendensiyaları müzakirə olunub

Hit: 1323
Beynəlxalq elmi-praktik konfransda mədəni iqtisadiyyatın qlobal tendensiyaları müzakirə olunub
 
“Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans sentyabrın 20-də Bakıda panel iclaslarla işini davam etdirir. 
 
Startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranın moderatorluğu ilə gerçəkləşən ikinci panel mədəni iqtisadiyyatın qlobal tendensiyalarına və sənaye 4.0 ilə yaradıcı iqtisadiyyatın kəsişməsinə həsr olunmuşdu.
 
İlk olaraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov çıxış edərək hazırda dünyada qloballaşma və texnologiyanın sürətlə inkişaf etdiyini bildirdi: “Texnologiyanın yüksək inkişafı sayəsində biz öz məhsulumuzu istədiyimiz vaxt yaradıb onlayn platformaya yerləşdirərək yaxşı qazanc əldə edə bilərik. Agentlik olaraq bu sahədə bizim əsas işimiz yaradıcı insanlara dəstək verməkdir. İnanıram ki, konfransda bu sahə ilə bağlı müzakirə aparacağıq".
 
Ceyhun Salmanov bildirdi ki, yaradıcı insanlara dəstək verən layihələrdən biri də ABAD – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsdir. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir: “ABAD mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. Hazırda 550-yə yaxın ABAD-çımız var ki, onlar istehsal etdiyi məhsullardan qazanc əldə edirlər".
 
"Re-Fresh Global" (İsrail) şirkətinin həmtəsisçisi Viktoria Kanar söylədi ki, hər birimiz qlobal bir dünyada yaşayırıq və əmin olmalıyıq ki, gələcək nəsillərə sağlam ekosistem buraxacağıq.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qeyd etdi ki, universitet tərəfindən 4-cü sənaye inqilabı ilə bağlı tədqiqat mərkəzi yaradılıb: "Təhsildə olduğu kimi, yaradıcı sənaye 4.0-da da istək bəllidir. Hamımız başa düşürük ki, 4-cü sənaye inqilabı bizim seçimimiz deyil. Dördüncü sənaye inqilabı Azərbaycan sənayesinin gələcək inkişafı üçün bir şansdır".
 
Sonda çıxış edən “Zero Gravity Capital” (Slovakiya) şirkətinin əməkdaşı Vit Hanus Azərbaycana ikinci dəfə gəldiyini söylədi: "Burada gördüklərim məni heyran etdi. Ölkənizin çox zəngin və oturuşmuş mədəniyyəti var".  








Redaktorun seçimi