Kökü kəsilən sıradakı canlı fillər olacaq

Hit: 2216
Kökü kəsilən sıradakı canlı fillər olacaq

(ezoterik mətn) Ey dadı bidad danəndə dəhan dərviş d…

Unudulmuş oxucu,
Bir neçə ay əvvəl (bu yazı 5 il əvvəl yazılmışdır:-x.t.) keçən il fillərdən birinin Taylantda gül rəsmi çəkməyi barədə yazı yazmışdım. İndi isə filin musiqi alətində ifa etməyi məni düşündürməyə başladı. Yadıma öncəliklə “Quran”dan “fil” surəsi düşdü. Sonra fillərin xüsusiyyətləri qafamı qurcaladı. Ardınca isə özəlliklə nədən bu fillərin gül çəkib musiqi ifa etməsi bir daha ruhumu qabartdığı kimi, ağlımı da yerindən oynatdı. Niyə məhz fillər? Belə getsə, tezliklə fillərin şeir, roman yazacağı da çətin olmayacaq. Onların bu nəcib əyləmləri, qabiliyətləri, narahat olmayın, kimsənin təsəvvüründə heç heyrət yaratmayacaq. Fil rəsm çəkdi. Çəkdiyi o rəsm GÜL rəsmi idi. Fil musiqi alətində hansısa bir əsər ifa etdi. Bu nə deməkdir? Musiqi ritminə, sədasına heyvanların oynadığını:  - ilanın rəqsini, ayının oynamağını, quşun səs uydurmağını, şeir, dini mətnlərdən surə əzbərə deməsini, atın çaparaq sağa - sola gəşt etməsini görmüşdüm. Filin hansısa not üzərində musiqi çalmasını, hər hansı bir mahnını musiqi alətində ifa etməsini də gördük. Bu nə anlam kəsb edir, unudulmuş oxucu?  Dünyanın ən ağır çəkili nəhəng heyvanı olan fillərin mədəniyyətə, incəsənətə bu qədər yaxın olmaları hardandır? Görünür bir zamanlar dünyanın ən nəhəng heyvanı olan dinozavrlardan sonra fillər planetin bizlərə yadigar qalmış ən nəhəng  heyvanlarıdır. Görünür dinozavrlar da bir vaxtlar fillər kimi belə incəsənətə, ədəbiyyata, mədəniyyətə yaxın olub və bu yaxınlıq onların sonunu bir heyvan türü kimi bitirib. Bu qeyri - adi hadisə, yer üzünün nəhəng sakinlərinin əxlaqı və mənəvi işləri yüklənməsi olaraq iki şeydən xəbər verir. Xəbər odur ki, bu mənəvi işə insandan başqa tab gətirən bədən ola bilməz. O mütləq yoxluğa məhkumdur. Ya da insana bu ağır yükdə kömək lazımdır. İnsana bu kainat məhvərində mədəniyyət faktorunu mahiyyətində tamamlanması üçün belə bir yaradıcı proseslər gerçəkləşməlidir. Bu köməyi, yardımı edənlər isə yer üzünün ən nəhəngləri olan fillər olaraq ortaya çıxdı. Bildiyim qədərincə, eyni vasfı və qabiliyyəti, xüsusiyyəti delfinlərə də şamil etmək mümkün.
Unudulmuş oxucu,
İncəsənətin yeni boyutları, mədəniyyətin (dinamiq miqyasındakıaşamada) varlığı göstərir ki, onun yüksəlməsi və bütövləşməsi, hardasa tamamlanması qurban tələb edir. Böyük kosmik təcrübə də göstərdi ki, mənəvi gücün bütün forma və incəlikləriylə uğraşan, ona tab gətirən yalnız insan, insan ruhu, insan qəlbi və zəkasıdır. Əks təqdirdə kim, nə, hansı güc olursa olsun, bir gün dağılıb yox olmağa, itməyə, izi-tozu silinməyə məhkumdu. Elə planetin qeyri - adi, olduqca nəhəg deyəcəyimiz varlıqları olmuş dinozavrları kimi. Mən inanıram ki, nə vaxtsa bu sivilizasiyada dinozavrlar fillər kimi mədəniyyət intuisiyalarıyla özlərinə qarşı heyrət, maraq hissi oyada bilmişdir. Bu fikrə gəlməyimin ilkin səbəbi yalnız o canlılarla bağlı intusiyama arxalanmağım ola bilər. 
Unudulmuş oxucu,
Elədir, indi fillər rəqs edir, rəsm çəkir, çeşitli musiqi alətlərində musiqi ifa edir. Yaxın zamanlarda fillərin, bu nəhəng heyvanların şeir, hekayə də yazacağını eşidəcəksiniz. Bunu kimsə gözləməsə də, baş verən olay mənim də həyəcanımı tətiklədi. Bəs bizlərin bu vaqeədən çıxaracağımız nəticə nəyin nəsidir? Bu mesajı bizə verənin, verdirənin amacı nədən ibarətdir? Yoxsa haqqında danışdığımız hadisə sıradan bir olaydır? 
“Qurani - Kərim”də bəd insanların, şeytana uyan tayfaların, şərə tapınan qövmlərin fillər vasitəsi ilə necə məhv edilməsindən danışır. Bir zamanlar İlahi Güc şər qüvvələrin fillərlə necə aradan götürməyinin örnəyini sonsuz məharətlə insanlığa sunur. Əsrlər sonra isə Ali Güc o fillərlə sənətə, mədəniyyətə, mənəviyyata yeni bir rəng, dəyişik çalar qataraq, məsələyə necə də yeni boyut qazandırır. Bu baş verən olay həm də onu göstərir və təsdiqləyir ki,  “Quran”da keçən “əgər biz, insana yüklədiyimizi dağlara yükləsəydik, dağlar tiftiklənmiş yun kimi havaya dağılardı",-  ayəsinin təsdiqini tapır. Dağın çəkə bilmədiyini dinozavrlar çəkə bilmədiyi kimi, bu ilahi mesajdakı gerçəklik faktı onu da göstərir ki, bu yükü fillər də çəkə bilməz. O yük böyük və ilahi qaynaqlı əxlaqdır ki, fillərin fonunda sənət şəklində dışa vurmaqla belə bir ecazla insanlığı agah etdirdi.
Unudulmuş oxucu, ona görə də bu yerdə ilahi proqramın gedişatında insan faktoru başa keçməli olur. Deməli, dinozavurları aradan çıxardan güc, nəsnə, filləri də bir gün ortadan qaldıracaq, planetin bu qərib və nəhəng canlıları dünyanın varlığında yalnız bir xatirə kimi qalacaqlar. Söhbət ondan gedir ki, mədəniyyət birləşdirici, bütövləşdirici bir vasitə olduğu kimi, öldürücü, dağıdıcı və yox edici bir gücdür. O gücün qarşısında dura biləcək yalnız insandır və o gücü islah edib fərqli müstəvilərdə metafizik proselərdəki gedişata qatqı sağlayan, impuls verən də yenə insan olmalıdır. Bu yerdə insana düşən, fikrimcə, metafizik bağlamda gedən kosmoqonik və mənəvi dəyişimlərin vaxtında yaxalanması, insanın bu təbəddülatı, başlanğıcı görə bilməsi, fərqinə vara bilməsi ola bilər. Bunun isə kəsinliklə olacağına əminəm.
Nəhəng gövdəli canlıların kainatdakı başqa səbələrdən dolayı deyil, məhz mənəviyyat içərikli bir səbəbiyyətdən izlərinin biryolluq itməsi, yoxluğa çəkilməsi də bu verilən mesajda özəl və manidar bir xəbərdarlıqdır. Bir zamanlar dünyada olmuş, sonra nəsli məhvə məruz qalmış nə qədər canlılar varsa, onların yoxluğunun bir səbəbi olduğundan əminəm: kainatdakı insan adlı varlığın qazandığı mədəniyyətə göz dikmə səriştəsi!!! Bütün ölümlərin, yoxluğun kökündə mədəniyyət əzrayıl rolunda çıxış edir. Bu mədəniyyətin bilinməyən bir özəlliyidir.
Yaxın gələcəkdə əgər yer üzündə sıradan çıxan ilk canlı olacaqsa, bunun başında fillər gələcək. Çünki onlar nəfslərini(tamahlarını) öldürə bilmədikləri üçün, (göz dikdikləri insanın yaratdığı) mədəniyyətə qurban gedəcəklər.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi