Füzuli Dövlət Dram Teatrı XXXII mövsümə yekun vurub

Hit: 1418
Füzuli Dövlət Dram Teatrı XXXII mövsümə yekun vurub
Füzuli Dövlət Dram Teatrı XXXII mövsümə Səbinə Haqverdiyevanın (rus dilindən tərcümə edən xalq artisti Vidadi Həsənov) "Nar şirəsi" tamaşası ilə yekun vurub.
 
Tamaşanın quruluşu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Qaçaq Qarayev, Sahilə Abbasova, İntizar Quliyeva, Vüsal Həsənov, Vüqar Babayev, Ruslan Şıxalıyev və başqaları ifa edir.
 
Tamaşadan əvvəl mövsüm bağlanışı ilə əlaqədar yekun iclas keçirilib. İclası teatrın direktoru əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açaraq öncə bütün kollektivi növbəti mövsüm bağlanışı münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb. Qeyd olunub ki, teatrda bu il Mədəniyyət Nazirliyinin təsdiq etdiyi repertuar planına uyğun olaraq Səbinə Haqverdiyevanın "Nar şirəsi", Ələsgər Qurbanovun "Ayı balasının qoçaqlığı" əsərləri hazırlanıb və ictimaiyyətə təqdim olunub. Bununla yanaşı, Yeni il və Novruz bayramı ilə əlaqədar şou-proqramlar, Xocalı soyqırımına həsr olunmuş "Şəhid şəhər Xocalı” , 20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar "Şəhidlər ölməz” və bir çox poetik xalq tamaşaları rayon ictimaiyyətinə təqdim olunub. Teatr 4.4 Qısa Tamaşalar Festivalında, Nizami Gəncəvinin 880 və Xurşudbanu Natəvanın 190 illiyinə həsr olunmuş müsabiqələrdə iştirak edib və diploma layiq görülüb. Eyni zamanda teatrın baş rejissoru, əməkdar artist Asif Şirinov və quruluşçu rejissoru Nicat Mirzəzadəyə prezident mükafatı verilib.
 
Hər il olduğu kimi bu ildə teatr mütəmadi olaraq hərbi hissələrdə olmuş, müxtəlif janrlı tamaşalar, həmçinin konsert proqramı ilə çıxış edib.
 
Teatrın hərbi hissədəki bu xidmətləri nəzərə alınaraq yüksək qiymətləndirilib, fəxri fərman və diplomlarla təltif olunub. 
 
Teatra bu mövsüm təyin edilmiş quruluşçu rejissor Nicat Mirzəzadə öz çıxışında yeni mövsümdə görüləcək işlərdən danışıb, kollektivə xoş istirahət arzulayıb.
 
Sonda xatirə şəkli çəkilib.
 
Qeyd edək ki, teatr növbəti mövsümü Ə.Qurbanovun "Ayı balasının qoçaqlığı" tamaşası ilə açacaq.







Redaktorun seçimi