Naxçıvan Dövlət Milli Dram Teatrında 139-cu teatr mövsümü başa çatıb

Hit: 1015
Naxçıvan Dövlət Milli Dram Teatrında 139-cu teatr mövsümü başa çatıb
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 139-cu  teatr mövsümü başa çatıb. Kollektiv xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan”  tamaşası ilə  mövsümü bağlayıb.
 
Bu münasibətlə keçirilən tədbirin rəsmi hissəsində teatrın direktoru, Xalq artisti Rza Xudiyev çıxış edərək bildirib ki, bu mövsüm Naxçıvan Dövlət Musiqili Dram Teatrının  tarixində əlamətdar il kimi yadda qalıb. Bildirib ki, 2022-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilməsi dövlətimizin mədəniyyətimizə göstərdiyi böyük qayğının göstəricisidir.
 
Qeyd olunub ki, bu il Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Bu münasibətlə Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi mövsümü Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” eyniadlı əsəri ilə başa vurur.
 
Tədbirin bədii hissəsində mövsümün son tamaşası nümayiş olunub.
 
Əsas süjet xəttini Xurşidbanu Natəvanın xalqına, Vətəninə məhəbbəti təşkil edən tamaşanın rejissoru Əməkdar artist Tofiq Seyidov, quruluşçu rəssamı Əməkdar rəssam Səyyad Bayramov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova və rejissor assistenti Əməkdar artist Vidadi Rəcəblidir. Əsərdə Natəvanı həm doğma Qarabağın, eləcə də Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə və xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir.
 
Səhnə əsərində əsas rolları gənc aktyorlar Mehri Nəbiyeva, Məmməd Mehdiyev, Səyyad Məmmədov, eləcə də Əməkdar artistlər Əli Əliyev, Behruz Haxverdiyev, Əbülfəz İmanov, Vidadi Rəcəbli və digərləri ifa ediblər.
 
Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Faktor.az








Redaktorun seçimi