Şuşalı ailənin həyatından bəhs edən sənədli filmin təqdimatı olub - VİDEO

Hit: 860
Şuşalı ailənin həyatından bəhs edən sənədli filmin təqdimatı olub - VİDEO
Şuşalı ailənin həyatından bəhs edən “Mən, atam və oğlum” sənədli filminin təqdimatı olub.
 
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyindən FAKTOR.AZ-a bildirilib ki, film İctimai Televiziyanın efirində geniş auditoriyaya nümayiş etdirilib.
 
Film Bakının Pirşağı qəsəbəsində keçmiş məcburi köçkünlərin kompakt məskulaşdığı “Lokomotiv” şəhərciyində ailəsi ilə birlikdə yaşayan tar müəllimi Anar Əlizadə haqqındadır. Şuşa işğal olunanda 5 yaşlı Anar atasının qucağında ailəsi ilə birlikdə Bakıya pənah gətirib. Otuz il sonra Anar kiçik yaşlı oğlu Məhəmməd və atası Etibar dayı ilə Novruz bayramı ərəfəsində Şuşaya qayıdıb.
 
Sənədli filmdə bir şuşalı ailənin taleyi, bu illər ərzində onların yaşadıqları acılar, nisgillər və bir gün Şuşaya qayıdacaqları ilə bağlı illər uzunu etdikləri arzuların nəhayət çin olması öz əksini tapıb.
 
Filmin ərsəyə gəlməsində İlkin Mehtiyev (operator), Zaur Sultan (dron çəkilişi), Arzum Nuruşzadə (montaj), Zəka Quliyev (rejissor) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.
 
Qeyd edək ki, filmin tam versiyasına “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin rəsmi yutub səhifəsində baxmaq olar.
 
Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin icra etdiyi “Oxu Tar!” adlı Şuşaya qayıdışa həsr olunan sənədli filmin layihəsi çərçivəsində hazırlanıb.







Redaktorun seçimi