“Başqa həyat” sənədli filmi beynəlxalq müsabiqədə qalib olub

Hit: 410
“Başqa həyat” sənədli filmi beynəlxalq müsabiqədə qalib olub

İran İslam Respublikasında keçirilən beynəlxalq film festivalının qalibi elan edilib.

Festivalda "ən yaxşı sənədli film" nominasiyasının qalibi azərbaycanlı rejissor Elçin Ağazadə və prodüser Orxan Məmmədzadənin "Başqa həyat" adlı qısametrajlı filmi olub. Festival Kərbəla hadisələrinə həsr olunan müxtəlif kateqoriyaya aid foto, video, rəsm və sair əsərlərin təqdim olunduğu bir müsabiqədir. Festivalda müxtəlif ölkələrin iştirak etməsinə baxmayaraq “Başqa həyat” sənədli filminin ən yüksək mükafata layiq olmağı çox böyük uğur hesab edilə bilər. Mükafatın İran İslam Mədəniyyət Mərkəzində təqdim edilməsi də bu filmə verilən dəyərin və bu səpkidə olan işlərin davam etdirilməsinin vacibliyinin göstəricisidir.

“Başqa həyat” filmi 2020-ci ildə tamamlansa da, Vətən müharibəsinin başlanması ilə əlaqədar təqdimatı ertələnib. Belə ki, filmin ilkin təqdimatı 2021-ci il sentyabrın 18-də Bakıda 44 günlük Vətən müharibəsinin şəhidlərinin il dönümü ərəfəsində keçirilib. Filmdə göstərilən məqamlar cəmiyyətimizin müxtəlif dünya görüşlərinə malik olan fərdləri tərəfindən xüsusi rəğbətlə qarşılanıb və çox böyük uğur qazanıb.

Qeyd edək ki, rejissoru Elçin Ağazadə olan filmin prodüseri Orxan Məmmədzadə, operatoru Soltan Abdullayev, montajçısı Elmar Tariyeloğlu, səs rejissoru İsmayıl Mirzə Qaçar, filmi səsləndirənlər Samirə Həsən, Kamal Yaşar, Kazım Abdullayev, Xəzər Süleymanlı, Elvin Abdullah, Namiq Carçıyev və Ceyhun Səfəridir. Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli-mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi “Cənnət ətri”, “Səngərdə azan”, “Zamana sığmayan Nəsimi”, “Klassik ədəbiyyatımızda imam Hüseyn” və sair ekran əsərləri rəğbətlə qarşılanıb.

FAKTOR.AZ









Redaktorun seçimi