Manaf Süleymanovun "Azərbaycan diyarı - Lahıc" kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

Hit: 1311
Manaf Süleymanovun "Azərbaycan diyarı - Lahıc" kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR
3 mart 2022-ci il tarixdə Respublika Təhsil Şurası İctimai Birliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində görkəmli yazıçı Manaf Süleymanovun anadan olmasının 110-cu ildönümündə yazıçının "Azərbaycan diyarı - Lahıc" kitabının təqdimat mərasimi keçirilib. Yazıçı Manaf Süleymanovun 1994-cü ildə kiril əlifbası ilə nəşr edilmiş "Azərbaycan diyarı - Lahıc" kitabı Respublika Təhsil Şurası İctimai Birliyinin təşəbbüsü ilə latın qrafikalı Azərbaycan əlifbasında yenidən işıq üzü görüb. 
 
Tədbirdə Respublika Təhsil Şurası İctimai Birliyinin sədri Samir Mehdizadə, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Əhmədova, digər idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, rayonun tanınmış ziyalıları iştirak ediblər. 
 
Tədbiri giriş sözü ilə açan Şəfaqət Rəsulov bildirib ki, Manaf Fərəc oğlu Süleymanov 1912-ci ilin yazında İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. İlk təhsilini bu kənddə alan Manaf Süleymanovun sonrakı taleyi Bakı ilə bağlıdır. İndiki Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən Manaf Süleymanov kəşfiyyatçı dağ mühəndisi diplomu ilə geoloq kimi əmək fəaliyyətinə başlayıb. Uzun müddət Qaradağ Neft-Qaz Mədənləri İdarəsində mühəndis kimi çalışıb. Sonralar doğma institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasında assistent, dosent olmuşdur. 
 
Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları “Fərəcoğlu” imzası ilə çap etdirmişdir. 
 
Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M.Kopelen, A.Qrasi, Oqoto, Aleks La Çuma, Y.A.Makmani, Piter Abrahams, R.Riv, A.Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olublar. 
 
Respublika Təhsil Şurası İctimai Birliyinin sədri Samir Mehdizadə öz çıxışında bildirib ki, Manaf Süleymanov bu kitabında doğulub boya-başa çatdığı Lahıcın əsrarəngiz təbiətindən, özünəməxsus xüsusiyyətlərindən, əhalisinin adət-ənənələri və həyat tərzindən, adlı-sanlı ziyalılarından söhbət açıb. Müəllifin hələ ilk gənclik çağlarından həyatda görüb-müşahidə etdiyi, oxuyub-öyrəndiyi hadisələr əsasında qələmə aldığı, xalqımızın tarixini, adət-ənənəsini, milli-mənəvi dəyərlərini əks etdirən əsərlər ədəbiyyatımızda özünəməxsus yerə malikdir. Bu kitabın gənc nəslin maariflənməsində, dünyagörüşünün formalaşmasında əhəmiyyəti böyükdür. 
 
İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov çıxış edərək bildirib ki, bu gün görkəmli yazıçının anadan olmasının 110-cu ildönümü tamam olur, Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirmişdir. Bu kitabların yazılmasında o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışıb, qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplayıb. 
 
Tədbirdə çıxış edən digər qonaqlar qeyd ediblər ki,  Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olan Lahıc xalq sənətkarları, özünəməxsus adət - ənənələri və gözəl təbii landşaftı ilə məşhurdur.
 
Lahıcda bir çox görkəmli şəxsiyyətlər, alimlər, ziyalılar, ictimai xadimlər olub. Lahıc çox dəyərli insanlar yetişdirib. Manaf Süleymanov da Lahıcda doğulan, boya-başa çatan dəyərli ziyalılardan olub.
1
1
1








Redaktorun seçimi