Nəsir İmanquliyevin 110 illiyinə həsr olunmuş elmi konfrans - FOTOLAR

Hit: 1268
Nəsir İmanquliyevin 110 illiyinə həsr olunmuş elmi konfrans - FOTOLAR
Bu gün Bakı Dövlət Universitində (BDU) görkəmli jurnalist, tanınmış ictimai və elm xadimi, ustad redaktor Nəsir İmanquliyevin 110 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
 
Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev Nəsir İmanquliyevin həyat və yaradıcılığından, jurnalistika fəaliyyətindən söhbət açaraq, bugünkü Azərbaycan jurnalistikasının formalaşmasında N.İmanquliyevin əvəzsiz xidmətləri haqqında danışıb. Bildirib ki, sovet dövründə milli jurnalistika məktəbinin formalaşmasında, gənc jurnalistlərin yetişməsində özünəməxsuz rol oynamış N.İmanquliyev böyük çətinliklər bahasına cəmiyyətin maariflənməsinə, eyni zamanda mətbuatın inkişafına öz töhfələrini verib. Sevindirici haldır ki, onun gördüyü işlər, həyata keçirdiyi tədbirlər, yetişdirdiyi ziyalılar bu gün də yaşayır. Bu isə onu deməyə əsas verir ki, Nəsir İmanquliyev öz əməllərilə əbədiyyət qazanıb. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərən böyük ustad əxminən 50 ildən artıq bir müddətdə Azərbaycanda jurnalist kadrların yetişdirilməsinə böyük əmək sərf edib.
 
Sonra BDU TV-nin Nəsir İmanquliyev haqqında hazırladığı videoçarx nümayiş olunub.
 
Daha sonra böyük alimin Jurnalistika fakültəsində dərs dediyi tələbələri və görkəmli jurnalistlər - Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədli, Milli Məclisin üzvü, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas, AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Teleradio Akademiyasının rektoru Telli Pənahqızı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Flora Xəlilzadə, professorlar Qulu Məhərrəmli, Allahverdi Məmmədli, Əməkdar jurnalistlər İlqar Həsənov, Tahir Aydınoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, ustad sənətkarın yaradıcılığının tədqiqatçısı Şərəf Cəlilli çıxış ediblər. Çıxışlarda Nəsir İmanquliyevin ötən əsrin 60-90-cı illərində mətbuat tarixində böyük rol oynamış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və 30 ildən artıq baş redaktoru kimi fəaliyyətindən, qəzetin həmmüəllifləri sırasında Azərbaycanın bütün sahələrində fəaliyyət göstərən korifeylərin çıxış etməsindən, görkəmli alimin çoxsaylı xidmətlərindən, Nəsir müəllim peşəkar jurnalist kadrlar yetişdirməsindən söz açılıb. Natiqlər N.İmanquliyevin elmi-pedaqoji, həmçinin qəzet redaktoru kimi fəaliyyətindən danışaraq, onun öz dövrünün bir çox jurnalistləri üçün yüksək nümunə olduğunu söyləyib, ədiblə bağlı xatirələrini bölüşüblər.
 
1
1
1
1
1
1








Redaktorun seçimi