Nailə Mirməmmədliyə həsr olunmuş xatirə gecəsi keçirilib

Hit: 1492
Nailə Mirməmmədliyə həsr olunmuş xatirə gecəsi keçirilib
Dekabrın  21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Əməkdar incəsənət xadimi, bəstəkar və pedaqoq Nailə Mirməmmədlinin 60 illik yubileyinə həsr olunmuş “Qəlbin nəğməsi” adlı xatirə gecəsi keçirilib.
 
Tədbirdə Xəzər rayon ictimaiyyəti ilə yanaşı, Nailə Mirməmmədlinin ailə üzvləri, yaxın dostları iştirak ediblər. 
 
İlk olaraq  Nailə Mirməmmədlinin həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş olunub.
 
Tədbirin aparıcısı Könül Muxtarova Nailə xanımın həyat və yaradıcılığı haqqında məlumat verərək bildirib ki, Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsi, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun  özünəməxsusluğu ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.
 
Tədbirdə bir çox tanınmış simalar və elm adamları çıxış edib. Azərbaycan Respublikasının Xalq artistləri  Mələkxanım Əyyubova, Gülyaz Məmmədova, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, “Səs Azərbaycan” layihəsinin qalibi Vlada Axundova, populyar müğənnilərdən Leyla Ramazanlının, Niyam Salaminin ifaları tamaşaçılar tərəfindən rəğbətlə  qarşılanıb. 
 
Nailə Mirməmmədlinin yazdığı “Cümhuriyyət” rəqsi Fatimə Fətəliyevanın ifasında tədbirə xüsusi rəng qatıb. 
 
Tədbirdə həmçinin kimyaçı-alim, dosent, hüquqşünas, “Qayıt ömrümə” mahnısının söz müəllifi Gültəkin Ələmdarqızı Nailə xanım haqqında xoş xatirələrinin tamaşaçılarla bölüşüb.
 
Qəlbinin musiqisi ilə könülləri riqqətə gətirən sevimli bəstəkarımız Nailə Mirməmmədlinin xatirəsi daim ürəklərdə yaşayacaq.








Redaktorun seçimi