“Dəmir yumruq - Qarabağ müharibəsi 2020-ci il” kitabının təqdimatı olub - FOTOLAR

Hit: 523
“Dəmir yumruq - Qarabağ müharibəsi 2020-ci il” kitabının təqdimatı olub - FOTOLAR
Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə misirli alim, tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabikin “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabının təqdimat mərasimi keçirilib.
 
Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bildirib ki, Əhməd Tərabikin II Qarabağ müharibəsi ilə bağlı yazdığı 320 səhifəlik kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı və dəstəyi ilə işıq üzü görüb.
 
BDU-nun rektoru Elçin Babayev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsindən söz açıb. BDU-da həyata keçirilən akademik layihələr haqqında məlumat verib.
 
Rektor qeyd edib ki, artıq bir ildir Prezidentimiz və xalqımız bütün gücünü toplayaraq daha bir tarix - Qarabağın bərpası tarixini yazır. Bu gün bütün yollar Qarabağa gedir, bu yollar bizi zəfərdən-zəfərə aparır.
 
Elçin Babayev əlavə edib ki, 44 günlük müharibənin səbəbləri, gedişatı və nəticələrinə həsr olunan “Dəmir yumruq - 2020-ci ilin Qarabağ müharibəsi” adlı tədqiqat əsərinin ərsəyə gəlməsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və Misirin Ayn Şəms Universitetinin professoru, Azərbaycan üzrə tədqiqatların müəllifi professor Əhməd Sami Əl-Aydinin xüsusi xidməti olub.
 
Daha sonra Milli Məclisin üzvü Ceyhun Məmmədov,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, təhsil nazirinin müşaviri Elnur Nəsibov, Fələstin dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim, Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embar, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin üzvü Arzu Nağıyev, Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli çıxış edib. Çıxışlarda bu kitabın təkcə Azərbaycanın deyil, həm də İslam aləminin tarixində mühüm yer tutan 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin igidlik dastanının salnaməsi olduğu vurğulanıb. Azərbaycanın müharibədə qələbəsini necə təmin etdiyi və müharibədən sonrakı dövrdəki reallıqların bütün dünyaya çatdırılmalı olduğu qeyd edilib. Kitabda 30 ilə yaxın işğal dövründə Ermənistanın zəbt etdiyi Qarabağ torpaqlarında törətdiyi cinayətlər, etnik təmizləmə siyasəti və qırğınlar, tarixi-dini abidləri dağıtması və məscidləri təhqir etməsi haqqında sənədlər və faktlar da yer alıb. Qəddar ermənilərin hətta ölülərdən də qisas alaraq qəbirləri dağıtması kimi dəhşətli əməllər sübutlarla əks olunub.
 
Təqdimat mərasimində ərəbdilli ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, politoloqlar, tanınmış şərqşünaslar və media nümayəndələri iştirak ediblər.
 
1
1
1
1
1
1
1







Redaktorun seçimi