Naxçıvanda Əcəmi rüzgarı...

Hit: 557
Naxçıvanda Əcəmi rüzgarı...
 
Naxçıvan nəinki dünyanın ən qədim insan məskənlərindən, eyni zamanda, ən gözəl memarlıq məktəblərindən biri olan Naxçıvan-Marağa memarlıq məktəbinin əsas mərkəzlərindən biri hesab edilir. Tədqiqatçılar bu məktəbin hələ XI əsrdə formalaşdığını sübuta yetirmişlər.  XII əsrdə isə bu məktəb özünün ən yüksək zirvəsinə çatmışdır.
 
Bu həmin dövr idi ki, Naxçıvan Azərbaycan Atabəylər dövlətinin (1136-1225) iqamətinin yerləşdiyi bir şəhərə çevrilmişdi. Şəhər hər cəhətdən böyük önəm daşımağa və diqqət mərkəzində olmağa başlamış, sənətkarlıq və memarlıq sürətlə və uğurla yayılmışdı. Memar Əcəmi Əbubəkr oğlunun Naxçıvanda yaşayıb-yaratması buranın Yaxın Şərq memarlığının ən dəyərli mərkəzlərindən birinə çevrilməsinə rəvac vermişdi. Məhz Əcəminin inkişaf etdirdiyi bu məktəb sadəcə Naxçıvanda deyil, eyni zamanda, Cənubi Azərbaycanda Marağa, şimali Azərbaycanda Bərdə şəhərlərində və Şərqi Anadolu ərazisində də geniş vüsət almışdı.
 
Azərbaycanın görkəmli memarlarından olan Əcəmi Əbubəkr oğlunun təxəyyülündən və barmaqlarının qabarından süzülərək bizə qədər gəlib çatmış əsərləri Yusif Küseyir oğlu və Möminə Xatın türbələri onun öz dövrünün əvəz olunmaz sənətkarlarından biri olmasının əyani sübutudur. Heç də təsadüfi deyil ki, XIII əsr mənbələrində Əcəminin “Şeyxül-mühəndis” (mühəndislər başçısı) titulunu daşıdığı haqqında məlumatlar verilmişdir. Əcəminin həyatı haqqında təssüf ki, cox az məlumat var. Lakin onun yaratdığı möhtəşəm abidələri ustadın incə ruhlu, zəngin təxəyyüllü, geniş biliklər sahibi olduğunu təsdiqləyir.
 
Memarın günümüzə gəlib çatan ilk əsəri Yusif Küseyir oğlu türbəsidir. El arasında Atababa Gümbəzi kimi də tanınan türbənin məzar hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə piramida formalı səkkizguşəli çadır şəklində işlənmişdir. Məqbərənin çölə baxan tərəfi kərpic bloklarla hörülmüş, naxışlarla bəzədilmişdir. Abidənin giriş hissəsində kufi xətti ilə “Bu, şərəfli dinimizin məşhur rəisi, İslamın gözəlliyi, şeyxlər başçısı Hacı Yusif ibn Küseyirin məqbərəsidir. Şəvval ayı yeddinci, əllinci və beş yüzüncü il (557/1162-ci il).” Məqbərənin üzərində kufi xətti ilə Qurandan  ayələr yazılmışdır. Girişin sol tərəfində memarın adı həkk olunmuşdur: “Əcəmi ibn Əbubəkr Naxçıvani”.
 
Memar Əcəminin Naxçıvanın simvollarından birinə çevrilmiş digər bir əsəri isə Möminə Xatın türbəsidir. Bu türbə də el arasında özünə xas bir ad daşyır “Atabəy Gümbəzi”. Məhz bu türbə şərqdə qadına, anaya verilən böyük dəyərin təzahürüdür. Həm də bu dəyərin XII əsrdə hələ Qərb mədəniyyətində belə bir məqamın olmadığı bir dövrdə bu xatirə abidəsinin ucaldılması nadir hadisələrdən biri hesab edilir. Azərbaycan Atabəylər dövlətinin yaranması, möhkəmləndirilməsində Atabəy Şəmsəddin Eldənizin birinci həyat yoldaşı Möminə xatınun çox böyük rolu olmuşdur. 1175-ci ildə dünyasını dəyişən Möminə xatından qısa bir müddət sonra Eldəniz özü də rəhmətə gedir. Atasının arzusunu yerinə yetirmək üçün oğlu Cahan Pəhləvan bütün qüvvəsini səfərbər edir və 1186-ci ildə məqbərənin tikintisi başa çatdırır.
 
Türbənin uca gövdəsini “Adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Məhəmməd Cahan Pəhləvan/Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz ...dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi!..." cümləsi sarmışdır.
 
Bu məqbərə Atabəylər Memarlıq Kompleksinin tərkibinə daxil olan və bu kompleksin dövrümüzə çatmış yeganə nişanəsidir. Türbə qırmızı dioritdən olan qaya daşları ilə örtülmüş postament (altlıq) üstündə ucaldılmış, yeraltı və yerüstü hissələrdən ibarətdir. Birinci qismə xatunun məzarı, ikinci hissəyə isə xatirə abidəsi daxildir. Məqbərə öz formasına görə kəsik onbucaqlını xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ilə qalan bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzədilmişdir. Məqbərənin üzərində kufi xətti ilə Qurandan ayələr həkk olunmuş  və bu kitabələrin ümumi uzunluğunun 500 metrə yaxın olduğu hesablanmışdır.
 
Xarici səthi nə qədər zəngin olsa da daxilində olan yeganə naxışı günbəzində olan 4 ədəd dairəvi medalyonlarıdır. Onların içərisində ornamentlər var, hər birinin də mərkəzində Allah, Məhəmməd və ilk xəlifələrin adları: Əbubəkr, Ömər, Osman, Əli- qeyd olunub.
 İlkin hündürlüyünün 36 m oduğu söylənsə də, hal hazırda 25 m hündürlüyə malikdir bu əzəmətli abidə.
 
Rəvayətə görə, Əcəmiyə bu abidənin neçə müddətə bitirəcəyini soruşanda uzun müddət desə də bu müddətin on il olmasına qərar verilmişdir. Məhz buna görə də abidə “əsrin onda biri” kimi də yaddaşlara həkk olunmuşdur.
 
Əcəmi ailə qursa da övladı olmamışdır. O, insan həyatının keçici olduğunu və yalnız əməllərinin dünyada qalacağının qənatində olmuşdur. Bəlkə də elə buna görə abidənin kitabəsində - “Biz gedirik ancaq qalır ruzigar, biz ölürük əsər qalır yadigar” cümləsini həkk etmişdir. Beləliklə insan övladının fani dünyada yalnız qurub yaratmaqla ad qoyub, əsrlər boyu yaşamaq şansının olduğunu sübut etmişdir.
 
Abidə Əcəminin dəqiq elmləri yaxşı bildiyini sübut edir. Onun tikintisi sadə biliklər əsasında mümkünsüzdür. Abidənin tikintisi zamanı aparılan dəqiq hesablamaların nəticəsidir ki, əsrlərdir bu möhtəşəm sənət əsəri ayaqdadır. Türbənin kompozisiyası nəbatı və ən əsası həndəsi elementlər əsaında təşkil olunub və heç bir şəkildə biri-birini təkrar etməyib. Abidənin əsas bəzək elementi “səkkizguşəli” ulduz hesab edilir. Bu ornament aydın səmanı, sonsuzluğu ifadə edir. Əgər nəzərə alsaq ki, bu motiv Azərbaycanımızın bütün bölgələrində və onun ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarında toxunan xalçalar üzərində sıxlıqla istifadə olunmuşdur, o zaman qarşımıza cavablandırılması çətin olan bir sual çıxır: Bu motiv daş yaddaşımız olan abidələrdənmi xalçalara, yoxsa yun kitabələrimizdənmi daş tariximizə keçid almışdır ?
 
Təbii ki, cavab tariximizin ən dərinliklərində sirli bir şəkildə saxlanmışdır. Abidənin digər bir cəlbedici xüsisiyyəti də elə bu olsa gərək. Baxdiqca gözəlliyinə doymursan, əzəməti insanı valeh edir. Toxunduqca görəsən kimlərin əl izlərini saxlayıb bu abidə deyə düşünürsən. Kimlərin göz nürundan, kimlərin əlinin qabarından axan qanla qarışaraq yoğrulmuşdur palçığı. Görəsən neçə-neçə hökmranların sahib olmaq istədiyi, lakin, ola bilmədiyi bir xəzinədir bu abidə. Bir sözlə sevgi, hörmət, vəfa, sədaqət rəmzi olan Möminə Xatın türbəsi bu gün Naxçıvanın əsas simvolu, naxçıvanlıların isə qürur yeridir.
 
Sevinc Səbzəliyeva,
Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı








Redaktorun seçimi