“Nizami Gəncəvi və Yunus Əmrə irsinin tarixiliyi və müasirliyi”

Hit: 1499
“Nizami Gəncəvi və Yunus Əmrə irsinin tarixiliyi və müasirliyi”
İyulun 8-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə türkiyəli alimlərlə birgə “Nizami Gəncəvi və Yunus Əmrə irsinin tarixiliyi və müasirliyi” mövzusunda dəyirmi masa keçirilib.
 
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı tədbiri giriş nitqi ilə açaraq XII əsr dahi Azərbaycan şairi və mütəfəkkiri, bütövlükdə Şərq poeziyasının dühası Nizami Gəncəvinin yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir salnaməsində əhəmiyyətli rolundan danışıb. O, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunmasını tarixi hadisə kimi dəyərləndirib.
 
F.Xudanlı, həmçinin türkiyəli qonaqları təqdim edərək, iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin genişlənməsindən bəhs edib.
 
Sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri, fil.ü.f.d. Yaqut Bahadurqızı “Nizami Gəncəvi yaradıcılığının Azərbaycan mədəniyyətinə təsiri”, Regional İdarənin Xocavənd rayonu üzrə baş məsləhətçisi Ramil Əhmədov “Modern dünya ədəbiyyatında Nizami Gəncəvi təsirləri” mövzusunda məruzələrlə çıxış ediblər. Dəyirmi masanın iştirakçısı yazıçı-publisist Əlisəfa Azayev də mövzu ətrafında fikirlərini bölüşüb.
 
Dəyirmi masanın qonaqları, İstanbul Universitetinin müəllimləri doktor Məhmət Samsakçı və Kaan Kapan Nizami Gəncəvi və Yunus Əmrənin yaradıcılığında üstünlük təşkil edən hikmətlərdən bəhs ediblər.
 
Tədbirdə İmişli rayon Mədəniyyət Mərkəzinin hazırladığı Nizami Gəncəvi yaradıcılığına həsr olunan musiqi və qiraət proqramı təqdim olunub.
 
Sonda filialın müdiri Y.Bahadurqızı qonaqları muzeyin ekspozisiyası – xüsusilə Nizami guşəsi ilə tanış edib, onlara nadir eksponatlar haqqında ətraflı məlumat verib.







Redaktorun seçimi