Azərbaycanda ilk dəfə olaraq “İlin Press Fotosu” adlı - MÜSABİQƏ

Hit: 532
Azərbaycanda ilk dəfə olaraq “İlin Press Fotosu” adlı - MÜSABİQƏ
“Gilavar” Azərbaycan Foto Klubu Azərbaycanda ilk dəfə “İlin Press Fotosu” adlı yeni layihəyə start verir. Layihə çərçivəsində hər il “Azərbaycan Press Foto” adlı foto müsabiqənin keçirilməsi nəzərdə tutulur.
 
Faktor.az bildirir ki, hər il müxtəlif ölkələr, eləcə də dünya üzrə “İlin Press Fotosu” adlı foto müsabiqələr keçirilir və ən yaxşı fotolar qalib gələrək mükafatlandırılır. Azərbaycanda fotoqrafiyanın inkişafına töhfə vermək, fotoqrafların imkanlarından daha səmərəli istifadə edilməsi, onların bu sahəyə maraq göstərməsi, ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıdılması, onlara ruh yüksəkliyi aşılamaq məqsədilə bizdə də belə bir müsabiqənin keçirilməsi labüd idi.
 
Bunları nəzərə alaraq Gilavar Azərbaycan Foto Klubu belə bir yarışmanın keçirilməsnə qərar verdi. Müsabiqənin keçirilməsində də əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək və dəyərləndirməkdir.
 
“Azərbaycan Press Foto 2020” adlanan ilk belə müsabiqəyə 2020-ci il ərzində çəkilmiş fotolar qəbul olunacaq. Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçiriləcək. Fotoqrafların işləri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatların qayda və prinsiplərinə uyğun şəkildə təşkil olunur. Klubun beynəlxalq foto müsabiqələrin keçirilməsi üzrə kifayət qədər təcrübəsi vardır. Klub 2017-ci ilin dekabr ayında Beynəlxalq Foto Sənəti Federasiyasına üzv kimi qəbul edilib və bu təşkilatın Azərbaycan üzrə təmsilçisidir.
 
Foto müsabiqə rəqəmsal kateqoriya üzrə 6 mövzu ətrafında keçiriləcək. Mövzular: Xəbər, Gündəlik həyat, Portret, Təbiət, İdman və Mədəniyyət. Xəbər və İdman mövzuları həm tək foto, həm də hekayə fotosu, digər mövzular isə yalnız tək fotodan ibarət olacaq. Qaliblər hər mövzu üzrə seçiləcək: birinci yer, ikinci yer, üçüncü yer. Qalib gələn fotolar arasından “İlin Press Fotosu” seçiləcək.
 
Müsabiqə haqqında ətraflı məlumatı http://gilavar.net/musabiqe saytında əldə etmək mümkündür.
 








Redaktorun seçimi