AzTU-da Ulu Öndərin 101 illiyinə həsr olunan spartakiadanın bağlanış mərasimi keçirilib

Hit: 545
AzTU-da Ulu Öndərin 101 illiyinə həsr olunan spartakiadanın bağlanış mərasimi keçirilib
Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tələbə, müəllim və əməkdaşlar arasında keçirilən spartakiadaya yekun vurulub. Əvvəlcə spartakiadanın futzal idman növü üzrə tələbə və əməkdaşlar arasında final yarışları keçirilib. Nəticələrə əsasən, futzal yarışında tələbələr arasında Metallurgiya və materialşünaslıq fakültəsi, əməkdaşlar arasında isə Maliyyə və təminat departamenti birinci yerə layiq görülüb.
 
Bağlanış mərasimində torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. 
 
Tədbirdə çıxış edən AzTU-nun Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev komandaları təbrik edib. Bildirib ki, aprelin 8-dən başlayan spartakiadada AzTU-nun 500-ə yaxın tələbə, müəllim və əməkdaşı iştirak edib. Prorektor universitetdə idmanın, bədən tərbiyəsinin inkişafının hər zaman diqqətdə saxlanıldığını vurğulayıb.
 
Daha sonra təltifetmə mərasimi olub. Bütün idman növləri üzrə qalib komandalara diplom, medal və kubok təqdim olunub.
 
Qeyd edək ki, ümumi xal hesabında fakültələr arasında Maşınqayırma və robototexnika, struktur bölmələrindən isə Maliyyə və təminat departamenti birinci yerə layiq görülüb.








Redaktorun seçimi