BDU-da dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi barədə tədqiqatlar aparılır

Hit: 722
BDU-da dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi barədə tədqiqatlar aparılır
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (TİİMM) növbəti mərkəzləşdirilmiş elmi seminarı keçirilib.
Tədbirdə TİİMM-in əməkdaşları, mərkəzin tərkibinə daxil olan elmi-tədqiqat laboratoriyalarının rəhbərləri, qonaq qismində isə əlaqəli mövzularda tədqiqat işləri aparan alim və mütəxəssislər iştirak ediblər.
 
Seminarda Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Aynurə Kərimova “Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi: xərçəngə qarşı terapevtik potensialın tədqiqi” adlı məruzə ilə çıxış edib. Məruzəçi “Nanotibb və dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi” mövzusunda icmal məlumatları təqdim edib. Aynurə Kərimova terapiyanın effektivliyinin nanohissəciklərin köməkliyi ilə artırılması imkanları və qarşıda dayanan əsas maneələrdən, nanoterapiyada istifadə olunan nanohissəciklər, onların quruluş və xassələrinə qoyulan əsas tələblərdən danışıb. Daha sonra "İnsan kolon karsinoma hüceyrələrində şişə qarşı effektivliyi artırmaq üçün xrizin yüklənmiş maqnetit nanohissəciklərinin səthinin müxtəlif modifikasiya strategiyaları” mövzusunda apardığı elmi tədqiqat işində kimyəvi yolla sintez edilmiş və sonradan səthi funksionallaşdırılmış maqnetit nanohissəciklərin quruluş xüsusiyyətləri, dərman yükləmə effektivliyi və dərman daşıyıcı da daxil olmaqla müxtəlif parametrlərin tənzimlənməsi məsələlərini açıqlayıb. Aynurə Kərimova cari ilin əvvəlində tədqiqatlar aparmaq üçün Almaniyanın Akademik Mübadilə Xidmətinin müvafiq proqramının dəstəyi ilə Heydelberq Universitetinin Manhaym Tibb Mərkəzində elmi ezamiyyətdə olarkən sintez etdiyi nanohissəcik-daşıyıcı və dərman sistemlərinin HCT-116 hüceyrə xətlərində şişə qarşı effektivliyin yoxlanılması istiqamətində tədqiqat aparıb.
 
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.








Redaktorun seçimi